280.000.000
Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının yaşayış məntəqələrində əhalinin su ilə təminatını yaxşılaşdırmaq və onunla bağlı digər xidmətlərin işini təkmilləşdirmək, bu sahəni bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirmək və onun səmərəliliyini artırmaq məqsədilə qərara alıram:
1. Abşeron Regional Səhmdar Su Cəmiyyəti “Azərsu” Səhmdar Cəmiyyəti adlandırılsın.
2. Azərbaycan “Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərsukanaltəmir” və “Azərkəndsutəchizat” istehsalat birlikləri ləğv edilsin, onların funksiyaları və tabeliyində olan müəssisə və təşkilatlar balanslarındakı əmlakla birlikdə “Azərsu” Səhmdar Cəmiyyətinə verilsin.
3. Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Kanalizasiya İstehsalat Birliyi ləğv edilsin, onun funksiyaları və balansında olan əmlak “Azərsu” Səhmdar Cəmiyyətinə verilsin.
3-1. Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:
[1]
3-1.1. Azərbaycan Respublikasının Prezidentinə:
3-1.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi;
3-1.1.2. Cəmiyyətin sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.
3-1.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
3-1.2.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
3-1.2.2. Cəmiyyətin inkişafı strategiyasının müəyyən edilməsi;
3-1.2.3. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
[2]
3-1.2.4. Cəmiyyətin sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
3-1.2.5. Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
3-1.2.6. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;
3-1.2.7. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
3-1.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:
[3]
3-1.3.1. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
4.1. “Azərsu” Səhmdar Cəmiyyətinin, o cümlədən onun tabeliyinə verilən müəssisə və təşkilatların borclarının tənzimlənməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə birgə “Azərsu” Səhmdar Cəmiyyətinin Nizamnaməsinin yeni redaksiyasını və bu Sərəncamın icrası ilə bağlı həmin Cəmiyyətin idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.3. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyun 2004-cü il
№ 252
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 26 fevral 2016-cı il tarixli 1830 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, № 57; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 350)
- 13 may 2020-ci il tarixli 2040 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 601)
- 4 avqust 2022-ci il tarixli 3409 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 910)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
26 fevral 2016-cı il tarixli 1830 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 13 mart 2016-cı il, № 57; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 350) ilə yeni məzmunda 3-1-ci hissə əlavə edilmişdir.
[2]
13 may 2020-ci il tarixli 2040 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 601) ilə 3-1.2.3-cü yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilmişdir.
[3]
4 avqust 2022-ci il tarixli 3409 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 910) ilə 3-1.3-cü bəndində “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilmişdir.