Azərbaycan Respublikası Dövlət Protokolunun Əsas Qaydalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Dövlət səviyyəsində hazırlanan rəsmi tədbirlərin qəbul olunmuş beynəlxalq təcrübəyə və ənənələrə uyğun həyata keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:
1.
Azərbaycan Respublikası Dövlət Protokolunun Əsas Qaydaları təsdiq edilsin (əlavə olunur).
2.
Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 iyul 2004-cü il
№ 97
|
Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 28 iyul tarixli 97 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikasının Dövlət Protokolunun
ƏSAS QAYDALARI
1. Ümumi müddəalar
1.1.
Azərbaycan Respublikasının Dövlət Protokolu qəbul olunmuş beynəlxalq təcrübəyə və milli adət-ənənələrə əsaslanaraq dövlət səviyyəsində keçirilən tədbirlərin hazırlanmasını təmin edir.
1.2.
Dövlət Protokolu vahid protokol-təşkilati normaları müəyyən edir, Azərbaycan Respublikasının ölkə daxilində və xarici ölkələrdə rəsmi tədbirlərinin həyata keçirilməsi qaydalarını tənzimləyir.
1.3.
Dövlət Protokolu Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə keçirilən rəsmi tədbirlərin qəbul edilmiş beynəlxalq normalar, qaydalar və adətənənələrə uyğun şəkildə hazırlanmasına və həyata keçirilməsinə xidmət edir.
1.4.
Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti (bundan sonra - Protokol Xidməti) ümumilikdə bu Qaydaların həyata keçirilməsini təmin edir.
1.5.
Dövlət Protokoluna riayət olunmasını Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Milli Məclisin Aparatının, Nazirlər Kabinetinin Aparatının və mərkəzi icra hakimiyyəti orqanlarının müvafiq struktur bölmələri təmin edir.
Bu Qaydalarda əksini tapmış müddəaların dövlət orqanlarının müvafiq struktur bölmələri tərəfindən həyata keçirilməsini Protokol Xidməti əlaqələndirir və onlara lazımi kömək göstərir.
1.6.
Dövlət Protokoluna riayət olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Milli Məclisin Aparatı, Nazirlər Kabinetinin Aparatı və mərkəzi icra hakimiyyəti orqanları bu Qaydaların əsasında lazımi metodik sənədləri hazırlayıb təsdiq edir.
1.7.
Xarici nümayəndə heyətinin səviyyəsindən və heyətə başçılıq edən şəxsin statusundan asılı olaraq Azərbaycan Respublikasına səfərlər aşağıdakı kimi təsnif olunur:
1.7.1.
Rəsmi səfər
1.7.2.
İşgüzar səfər
1.7.3.
Yolüstü səfər
1.7.4.
Qeyri-rəsmi səfər
1.7.5.
Prezidentin şəxsi qonağının səfəri
1.8.
Dövlət başçısının səfərlərinin keçirilmə müddəti, davamiyyəti, təşkilati məsələlərə məsuliyyət daşıyan şəxslər və təşkilatlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.
1.9.
Dövlət başçılarının səfər proqramı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.
1.10.
Xarici dövlətlərin hökumət başçılarının iştirakı ilə keçirilən protokol tədbirləri müvafiq xarici dövlətin konstitusiya quruluşuna uyğun olaraq hazırlanır. Prezident təsisatı olmayan dövlətlərin hökumət başçıları dövlət başçısı səviyyəsində qarşılanır.
1.11.
Xarici dövlətin nümayəndə heyəti Azərbaycan Respublikasına gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü səfər etdikdə, qarşılanma mərasiminin protokol səviyyəsi aşağı salmır.
[1]
2. Azərbaycan Respublikasına xarici dövlət başçısının rəsmi səfəri
2.1.
Dövlət başçısının Azərbaycan Respublikasına rəsmi səfəri ən yüksək kateqoriyaya aid edilir. Belə səfərlər bu Qaydalarda müəyyən edilmiş bütün təntənəli mərasim qaydalarına uyğun həyata keçirilir.
2.2.
Azərbaycan Respublikası Prezidentinin xarici dövlət başçısı ilə danışıqları böyük siyasi əhəmiyyət daşıyır və səfər proqramının əsas tərkib hissəsidir.
2.3.
Hava limanında qonaq dövlətin və Azərbaycan Respublikasının dövlət bayraqları asılır.
2.4.
Təyyarə trapının qarşısında yüksək qonağa gül dəstəsi təqdim edilir.
2.5.
Təyyarə trapının qarşısına qırmızı xalça salınır, xalçanın hər iki tərəfində Milli Qvardiyanın əsgərlərindən ibarət fəxri qarovul düzülür.
2.6.
Azərbaycan Respublikasına rəsmi səfərə gələn dövlət başçısını (və xanımını) trapın qarşısında, bir qayda olaraq, Azərbaycan Respublikasının Baş naziri (və xanımı), xarici işlər naziri, Azərbaycan Respublikasının qonaq ölkədəki Fövqəladə və Səlahiyyətli Səfiri (bundan sonra - səfir) qarşılayırlar.
2.7.
Hava limanında dövlət başçısının qarşılanmasına qonaq ölkənin Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşları, həmçinin, az sayda vətəndaşları dəvət oluna bilər.
2.8.
Dövlət başçısının avtomobili hava limanından dövlət iqamətgahına motosiklet eskortunun müşayiəti ilə yola düşür.
2.9.
Dövlət başçısının avtomobilində qonaq dövlətin və Azərbaycan Respublikasının dövlət bayraqları qoyulur. Dövlət başçısını (və xanımını) iqamətgahadək Baş nazir (və xanımı) müşayiət edir.
2.10.
Kortejin marşrutu boyunca hər iki ölkənin dövlət bayraqları asılır.
2.11.
Adətən dövlət başçısı Azərbaycan Respublikasında olduğu müddət ərzində "Ulduz" sarayında yerləşir.
2.12.
"Ulduz" sarayında qonaq dövlətin bayrağı və yaxud dövlət başçısının standartı asılır.
2.13.
"Ulduz" sarayında yerləşdirilən şəxslərin xərcləri Azərbaycan Respublikasının hesabına ödənilir. Xərcləri Azərbaycan Respublikası tərəfindən ödənilən nümayəndə heyəti üzvlərinin sayı qarşılıqlı razılıq əsasında müəyyən edilir.
2.14.
Dövlət başçısının Azərbaycan Respublikasında rəsmi qarşılanma mərasimi Prezident Sarayının rəsmi qarşılanma meydanında keçirilir.
2.15.
"Ulduz" sarayından Prezident Sarayının rəsmi qarşılanma meydanına olan yol boyu hər iki dövlətin bayraqları asılır.
2.16. Səfər proqramının rəsmi hissəsi Prezident Sarayının rəsmi qarşılanma meydanında qarşılanma mərasimi ilə başlanır. Prezident Sarayının rəsmi qarşılanma meydanında qonaq dövlətin və Azərbaycan Respublikasının dövlət bayraqları asılır, dövlət başçısının şərəfinə Milli Qvardiyanın əsgərlərindən ibarət fəxri qarovul və hərbi orkestr düzülür.
Təyin olunmuş vaxtda qonaq dövlətin rəsmi nümayəndə heyəti və Azərbaycan Respublikasının nümayəndə heyəti xüsusi ayrılmış yerləri tuturlar. Əvvəlcə Azərbaycan Respublikasının nümayəndə heyəti, sonra isə qonaq dövlətin nümayəndə heyəti düzülür.
Azərbaycan Respublikasının nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
2.17.
Təyin edilmiş vaxtda qonaq dövlətin başçısının avtomobili hərbi orkestrin şeypur sədaları altında Prezident Sarayının həyətinə daxil olur. Avtomobilin qarşısında dövlət başçısını (və xanımını) Azərbaycan Respublikasının Prezidenti (və xanımı) salamlayır. Fotoçəkiliş aparılır.
2.18.
Azərbaycan Respublikasının Prezidenti dövlət başçısını podiuma dəvət edir (dövlət başçılarının xanımları onlar üçün ayrılmış xüsusi yerə dəvət olunurlar). Podiuma hərəkət zamanı orkestr qarşılanma marşı ifa edir. Qonaq dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin sol tərəfi ilə hərəkət edir. Podiumda dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin sol tərəfində dayanır. Fəxri qarovulun rəisi qonaq dövlət başçısına məruzə edir. Hərbi orkestr qonaq dövlətin və Azərbaycan Respublikasının dövlət himnlərini ifa edir.
2.19.
Dövlət başçısı və Azərbaycan Respublikasının Prezidenti fəxri qarovula tərəf hərəkət edir və qonaq dövlətin başçısı fəxri qarovulun sırasına yaxınlaşaraq Azərbaycan Respublikasının Dövlət bayrağına təzim edir. Sonra qonaq dövlət başçısı təyin olunmuş yerdə fəxri qarovulun şəxsi heyətini salamlayır: "Salam, əsgəri". Sıranın sonunda geri dönərək fəxri qarovula təzim edir. Azərbaycan Respublikasının nümayəndə heyəti qonaq dövlət başçısına birinci təqdim olunur, sonra isə Azərbaycan Respublikasının Prezidentinə qonaq dövlətin rəsmi nümayəndə heyəti təqdim edilir. Azərbaycan Respublikasının Prezidenti və dövlət başçısı danışıqlar aparmaq üçün Prezident Sarayına daxil olurlar. Prezident Sarayının birinci mərtəbəsində dövlət başçılarının (xanımlarının) rəsmi fotoçəkilişi aparılır (dövlət başçılarının xanımları Prezidentlər ilə sağollaşırlar və öz proqramları üzrə Prezident Sarayım tərk edirlər).
2.20.
Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti ilə təkbətək görüş, daha sonra isə böyük qonaq zalında geniş tərkibdə danışıqlar keçirilir.
2.21.
Danışıqlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən aparılır. Azərbaycan Respublikası tərəfindən görüşlərdə iştirak edəcək rəsmi şəxsləri Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
2.22.
İkitərəfli danışıqlardan sonra sənədlərin imzalanması mərasimi (zəruri olduqda) və dövlət başçılarının mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.
2.23.
Səfər proqramı çərçivəsində Azərbaycan Respublikasının Baş naziri və Milli Məclisin sədri ilə görüş və digər rəsmi tədbirlər keçirilə bilər.
2.24.
Dövlət başçısı rəsmi səfərə xanımı ilə gələrsə, xanım üçün xüsusi səfər proqramı hazırlanır.
2.25.
Dövlət başçısının Azərbaycan Respublikasına rəsmi səfər proqramına Şəhidlər Xiyabanının ziyarəti daxil edilir. Dövlət başçısını Şəhidlər Xiyabanının qarşısında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, xarici işlər nazirinin müavini, Bakı Hərbi Qarnizonunun komandanı və Azərbaycan Respublikasının qonaq dövlətdəki səfiri qarşılayırlar.
2.26.
Dövlət başçısının şərəfinə Şəhidlər Xiyabanında fəxri qarovul düzülür. Dövlət başçısı şəhidlərin xatirəsinə ucaldılmış "Əbədi məşəl" kompleksinin önünə xatirə əklili qoyur. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Hərbi orkestr qonaq dövlətin və Azərbaycan Respublikasının dövlət himnlərini ifa edir. Himnlər ifa edildikdən sonra dövlət başçısı "Xatirə kitabı"na xatirə sözlərini yazır.
2.27.
Rəsmi səfər zamanı Azərbaycan Respublikasının Prezidenti tərəfindən dövlət başçısının şərəfinə rəsmi ziyafət verilir.
2.28.
Bir qayda olaraq, rəsmi nahara danışıqlarda iştirak edən şəxslər və səfərlə bağlı digər rəsmi şəxslər dəvət olunur. Azərbaycan Respublikası tərəfindən ziyafətə dəvət olunan şəxsləri Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
2.29.
Ziyafətə dəvət olunanlar masa arxasında qəbul olunmuş ümumi protokol qaydaları əsasında yerləşdirilir.
2.30.
Ziyafət zamanı qarşılıqlı çıxışlar (tostlar) nəzərdə tutulur. Çıxışların (tostların) mətni kitabça formasında çap edilərək masaların üzərinə qoyula bilər.
2.31.
Ziyafət musiqi ilə müşayiət edilir.
2.32.
Rəsmi səfər zamanı öncədən ikitərəfli razılıq olduğu təqdirdə, qonaq dövlət başçısı istəyinə əsasən öz adından protokol tədbiri keçirə bilər.
2.33.
Mədəni proqram çərçivəsində qonaq dövlət başçısının istəyi ilə teatra, operaya, baletə, filarmoniyaya rəsmi ziyarət təşkil edilə bilər. Dövlət başçısını (və xanımını) Azərbaycan Respublikasının Prezidenti (və xanımı) müşayiət edir. Zalda qonaq dövlətin və Azərbaycan Respublikasının dövlət bayraqları qoyulur, dövlət himnləri ifa olunur. Tamaşanın sonunda səhnəyə yüksək qonaqların adından iki gül çələngi qaldırılır.
2.34. Bir qayda olaraq, rəsmi səfərin müddəti 3 (üç) gündən çox olmur. Rəsmi səfər zamanı dövlət başçısının istəyinə əsasən Azərbaycan Respublikasının digər regionlarına da səfər təşkil edilə bilər. Qonaq dövlət başçısının istəyinə əsasən Azərbaycan tərəfi bu məqsədlə təyyarə təqdim edə bilər. Azərbaycanın regionlarına səfər zamanı dövlət başçısını (və xanımını), bir qayda olaraq, Azərbaycan Respublikası Baş nazirinin müavini, xarici işlər nazirinin müavini və Azərbaycan Respublikasının qonaq dövlətdəki səfiri müşayiət edirlər. Azərbaycan Respublikasının regionlarına səfər proqramına tarixi, mədəni və digər yerlərin ziyarəti və yerli rayon icra hakimiyyətinin adından ziyafət daxil edilir. Qonaq dövlət başçısı regiondan paytaxta qayıtmır (texniki səbəblər istisna olmaqla).
2.35.
Rəsmi səfər zamanı dövlət başçısına hədiyyə, rəsmi nümayəndə heyətinin üzvlərinə isə Azərbaycan Respublikasının Prezidentinin adından xatirə suvenirləri təqdim olunur. Hədiyyələr protokol xidməti vasitəsilə və yaxud öncədən razılaşdırılaraq, təntənəli şəkildə təqdim oluna bilər.
2.36.
Dövlət başçısının rəsmi yolasalınma mərasimi keçirilmir.
2.37.
Dövlət başçısının təyyarənin trapı qarşısında yolasalınma qaydaları qarşılanmada olduğu kimidir.
3. Azərbaycan Respublikasına xarici dövlət başçısının işgüzar səfəri
3.1.
İşgüzar səfərə dəqiq müəyyən edilmiş məqsədli, ikitərəfli danışıqlar, işgüzar görüşlər, beynəlxalq sazişlərin bağlanması, birgə sənədlərin imzalanması, beynəlxalq konfranslarda iştirak və yubiley mərasimlərində iştirakla əlaqədar səfərlər daxildir.
3.2.
Hava limanında və Prezident Sarayının rəsmi qarşılanma meydanında qonaq dövlətin və Azərbaycan Respublikasının dövlət bayraqları asılır.
3.3.
Hava limanında təyyarənin trapının qarşısında qırmızı xalça salınır və xalçanın hər iki tərəfində Milli Qvardiyanın əsgərlərindən ibarət fəxri qarovul düzülür.
3.4.
Dövlət başçısını adətən Azərbaycan Respublikasının Baş nazirinin müavini, xarici işlər nazirinin müavini, Azərbaycan Respublikasının qonaq ölkədəki səfiri qarşılayırlar.
3.5.
Hava limanında dövlət başçısının qarşılanmasına qonaq ölkənin Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşları dəvət oluna bilər.
3.6.
Dövlət başçısının avtomobilinə hər iki dövlətin bayraqları qoyulur.
3.7.
Adətən qonaq dövlət başçısı Azərbaycan Respublikasında olduğu müddət ərzində "Ulduz" sarayında yerləşir.
3.8.
Qonaq dövlətin iqamətgahında qonaq dövlətin bayrağı və yaxud dövlət başçısının standartı asılır.
3.9.
Səfər zamanı dövlət başçısının Azərbaycan Respublikasının Prezidenti ilə ikitərəfli görüşü keçirilir.
3.10.
Azərbaycan Respublikası tərəfindən görüşlərdə iştirak edəcək rəsmi şəxsləri Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
3.11.
Danışıqlar, sənədlərin imzalanması mərasimi və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş tərəflər arasında öncədən razılaşdırma əsasında təşkil edilə bilər.
3.12.
Səfər proqramı çərçivəsində Azərbaycan Respublikasının yüksək vəzifəli rəsmi şəxsləri ilə görüş keçirilə bilər.
3.13.
Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti tərəfindən dövlət başçısının şərəfinə nahar (lanç) verilir.
3.14.
Nahar (lanç) zamanı qarşılıqlı tostlar nəzərdə tutulur və müstəsna hallarda musiqi proqramı ilə müşayiət olunur.
3.15.
Bir qayda olaraq, nahara danışıqlarda iştirak edən şəxslər dəvət olunur və Azərbaycan Respublikası tərəfindən ziyafətə dəvət olunan şəxsləri Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
3.16.
Səfər zamanı dövlət başçısına Azərbaycan Respublikası Prezidentinin adından xatirə hədiyyəsi təqdim olunur. Hədiyyənin təqdimatı Protokol Xidmətləri vasitəsilə həyata keçirilir.
3.17.
Dövlət başçısının təyyarə trapının qarşısında yola salınma qaydaları qarşılanmada olduğu kimidir.
4. Azərbaycan Respublikasına xarici dövlət başçısının yolüstü səfəri
4.1.
Yolüstü səfər dedikdə dövlət başçısının xarici dövlətlərə səfəri zamanı Azərbaycan Respublikasının hava limanında qısamüddətli dayanacaq etməsi nəzərdə tutulur.
4.2.
Hava limanında qonaq dövlətin və Azərbaycan Respublikasının dövlət bayraqları asılır.
4.3.
Yolüstü səfər zamanı dövlət başçısını adətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvü və qonaq dövlətin Azərbaycan Respublikasındakı səfiri qarşılayırlar.
4.4.
Əvvəlcədən əldə edilmiş razılıq əsasında, yolüstü səfər zamanı dövlət başçısının xahişi ilə (dayanacaq vaxtı nəzərə alınaraq) Azərbaycan Respublikasının Prezidenti ilə görüş keçirilə bilər.
4.5.
Dövlət başçısı hava limanından şəhərə hərəkət edərsə, qonağın avtomobilində hər iki ölkənin dövlət bayraqları qoyulur.
5. Azərbaycan Respublikasına xarici dövlət başçısının qeyri-rəsmi səfəri
5.1.
Qeyri-rəsmi səfərlərə xarici dövlət başçılarının Azərbaycan Respublikasına şəxsi məqsədlərlə səfərləri aid edilir (istirahət, turizm, ictimai xətlə konfrans və ya seminar, sərgilərin açılışında iştirak, idman yarışlarında iştirak və s.)
5.2.
Hava limanında qonaq dövlətin və Azərbaycan Respublikasının dövlət bayraqları asılır.
5.3.
Qeyri-rəsmi səfər zamanı dövlət başçısını, bir qayda olaraq, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini və qonaq dövlətin Azərbaycan Respublikasındakı səfiri qarşılayırlar.
5.4.
Qeyri-rəsmi səfər zamanı protokol tədbirləri nəzərdə tutulmur.
6. Azərbaycan Respublikasına Azərbaycan Respublikası Prezidentinin şəxsi qonağının səfəri
6.1.
Azərbaycan Respublikası Prezidentinin şəxsi qonağının (görkəmli dövlət, siyasi, ictimai, mədəni, idman xadimləri) Azərbaycan Respublikasına səfəri Prezidentin şəxsi dəvəti ilə həyata keçirilir.
6.2.
Azərbaycan Respublikası Prezidentinin şəxsi qonağını hava limanında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilmiş şəxs (Azərbaycan Respublikası Prezidentinin nümayəndəsi) qarşılayır.
7. Azərbaycan Respublikası Prezidentinin xarici səfərləri
7.1. Hava limanında Azərbaycan Respublikasının Dövlət bayrağı asılır.
7.2.
Azərbaycan Respublikası Prezidentinin xarici dövlətlərə rəsmi (işgüzar) səfəri zamanı hava limanında yolasalma (qarşılama) mərasimində Azərbaycan Respublikasının Baş naziri, Prezidentin İcra Aparatının rəhbəri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və gedişlə (gəlişlə) bağlı məsul rəsmi şəxslər iştirak edirlər.
7.3.
Azərbaycan Respublikası Prezidentinin gediş vaxtı və yeri barəsində səfər edilən dövlətin Bakıdakı diplomatik missiyasının başçısı məlumatlandırılır.
8, Azərbaycan Respublikası Prezidentinin ölkədaxili səfərləri
8.1.
Azərbaycan Respublikasının Prezidenti regionlarda iqtisadi, ictimai-siyasi vəziyyətlə şəxsən tanış olmaq, yerli icra hakimiyyəti orqanları başçılarının iştirakı ilə müşavirə keçirmək və mərasimlərdə iştirak etmək məqsədilə Azərbaycan Respublikasının regionlarına səfər edir.
8.2.
Azərbaycan Respublikası Prezidentinin regionlara səfəri zamanı hava limanında (dəmir yol vağzalında) yolasalma və qarşılama mərasimlərində Azərbaycan Respublikasının Baş naziri, Prezidentin İcra Aparatının rəhbəri və gedişlə (gəlişlə) bağlı məsul rəsmi şəxslər iştirak edirlər. Yerlərdə Azərbaycan Respublikasının Prezidentini yerli icra hakimiyyəti orqanlarının başçıları qarşılayırlar (yola salırlar).
9. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun qəbulu
9.1.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən ildə bir dəfə Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin şərəfinə rəsmi ziyafət təşkil olunur (furşet).
9.2.
Qəbulda Azərbaycan Respublikasının xarici işlər naziri iştirak edir.
10. Azərbaycan Respublikasının Prezidentinə etimadnamələrin təqdim edilmə mərasimi
10.1.
Xarici dövlətlərin səfirləri etimadnamələrini Azərbaycan Respublikasının Prezidentinə təqdim edirlər. Etimadnamələrin təqdim edilməsi mərasimində adətən 5 nəfərə qədər səfir iştirak edir.
10.2.
Xüsusi hallarda Azərbaycan Respublikasının Prezidenti səfirləri tək-tək qəbul edə bilər.
10.3.
Mərasim "Ulduz" sarayında keçirilir.
11. Azərbaycan Respublikasının Prezidenti tərəfindən fəaliyyət müddətinin başa çatması münasibəti ilə diplomatik nümayəndəliyin başçısının qəbul edilməsi
11.1.
Adətən Azərbaycan Respublikasının Prezidenti fəaliyyət müddətinin başa çatması münasibəti ilə diplomatik nümayəndəliyin başçısını qəbul edir.
11.2.
Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə diplomatik nümayəndəliyin başçısı Azərbaycan Respublikasının Baş naziri və yaxud digər rəsmi şəxslər tərəfindən qəbul edilə bilər.
12. Azərbaycan Respublikasının dövlət bayramları münasibəti ilə bayram tədbirləri
12.1.
Azərbaycan Respublikasının dövlət bayramlarında (eyni zamanda 20 Yanvar və 31 mart - Soyqırım günü) Azərbaycan Respublikasının Prezidenti Şəhidlər Xiyabanında şəhidlərin xatirəsinə ucaldılmış "Əbədi məşəl" kompleksinin önünə əklil qoyur.
12.2.
Şəhidlər Xiyabanında fəxri qarovul düzülür. Hərbi orkestr Azərbaycan Respublikasının Dövlət himnini ifa edir. Tədbirə, bir qayda olaraq, Azərbaycan Respublikası Hökumətinin və Milli Məclisin üzvləri, elm və incəsənət xadimləri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları dəvət olunurlar.
12.3.
Azərbaycan Respublikasının dövlət bayramında Azərbaycan Respublikası Prezidentinin adından "Gülüstan" sarayında rəsmi qəbul təşkil olunur. Qəbulda Azərbaycan Respublikasının Prezidenti çıxış edir.
12.4.
9 may Qələbə Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti Həzi Aslanovun heykəli önünə əklil qoyur.
13. Azərbaycan Respublikası Prezidentinin matəm mərasimlərində iştirakı
13.1.
Xarici dövlət başçısının vəfat etməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti bu dövlətin Bakı şəhərindəki səfirliyini ziyarət edir və başsağlığı kitabında xatirə sözlərini yazır.
13.2.
Xarici dövlət başçısının vəfatı ilə əlaqədar keçirilən dəfn mərasimində Azərbaycan Respublikasının Prezidenti və yaxud Prezident tərəfindən təyin edilmiş yüksək vəzifəli şəxs iştirak edə bilər. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının həmin dövlətdəki səfiri daxil edilir.
13.3.
Matəm münasibəti ilə Azərbaycan Respublikası Prezidentinin imzası ilə başsağlığı məktubu göndərilir.
14. Azərbaycan Respublikasının Prezidenti tərəfindən dövlət təltiflərinin təqdim edilmə mərasimi
14.1.
Dövlət təltiflərinin təqdim edilməsi mərasimləri "Ulduz" sarayında keçirilir. "Ulduz" sarayında Azərbaycan Respublikasının Dövlət bayrağı asılır və Dövlət gerbi vurulur.
14.2.
Prezident təltif ediləcək şəxslərin qarşısında çıxış edir və dövlət mükafatlarını təqdim edir.
14.3.
Bu mərasimə dəvət edilən şəxslərin siyahısı Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılır.
15. Azərbaycan Respublikasına beynəlxalq təşkilatların rəhbərlərinin səfərləri
15.1. Beynəlxalq təşkilatların rəhbərlərinin səfərlərinin formatı və yüksək qonağın yerləşmə, mühafizə və s. məsələləri hər konkret halda ayrıca müvafiq qaydada müəyyən olunur.
15.2.
Beynəlxalq təşkilatların rəhbərlərinin səfəri zamanı hava limanında Azərbaycan Respublikasının və beynəlxalq təşkilatın bayraqları asılır.
15.3.
Beynəlxalq təşkilatların rəhbərlərini hava limanında qarşılayacaq şəxsi Azərbaycan Respublikasının Prezidenti təyin edir.
15.4.
Beynəlxalq təşkilatın rəhbərinin iqamətgahında və avtomobilində beynəlxalq təşkilatın və Azərbaycan Respublikasının bayraqları qoyulur.
16. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təbrik və təşəkkür məktublarının göndərilməsi
16.1.
Azərbaycan Respublikası Prezidentinin imzası ilə Azərbaycan Respublikası ilə diplomatik münasibətləri olan dövlətlərin başçılarına milli bayramlar, dövlət başçılarının seçilməsi, hökumət başçılarının təyin olunması, dövlətlərarası sazişlərin imzalanması (hər 5 ildən bir), diplomatik əlaqələrin yaradılmasının ildönümləri (hər 10 ildən bir) və bayramlar münasibəti ilə təbrik məktubları göndərilir.
16.2.
Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış təbrik məktublarına Prezidentin cavab təşəkkür məktubları göndərilir.
16.3.
Azərbaycan Respublikası Prezidentinin təbrik və təşəkkür məktubları yüksək ünvan sahiblərinə Azərbaycan Respublikasının müvafiq dövlətlərdəki diplomatik nümayəndəlikləri vasitəsilə çatdırılır.
16.4.
Qeyri-dövlət bayramlarında (yeni il, dini bayramlar) təbrik məktubları təşəbbüs əsasında göndərilir.
17. Xarici dövlətlərin milli bayramları münasibəti ilə diplomatik nümayəndəliklər tərəfindən keçirilən tədbirlər
17.1.
Xarici dövlətlərin milli bayramları münasibəti ilə diplomatik nümayəndəliklər tərəfindən verilən rəsmi qəbulda Azərbaycan Respublikasının icra, qanunverici və məhkəmə hakimiyyətlərinin nümayəndələri iştirak edirlər.
17.2.
Rəsmi qəbulda Azərbaycan Respublikası tərəfindən iştirak edəcək rəsmi şəxslər iki dövlət arasındakı münasibətlərin xarakteri və qarşılıqlı prinsiplər nəzərə alınmaqla Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən təklif olunur.
18. Azərbaycan Respublikası Prezidentinin işçi görüşləri
18.1. Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə keçirilən tədbirlər, o cümlədən xarici dövlətlərin nümayəndələri ilə keçirilən işçi görüşlər Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada Prezidentin İcra Aparatı tərəfindən planlaşdırılır və razılaşdırılır. İşci görüşlərin təşkili və protokol təminatı Protokol Xidməti tərəfindən həyata keçirilir. Tədbirlərin və işçi görüşlərin mətbuat yayımmı və işıqlandırılmasını Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidməti təmin edir.
19. Xarici dövlətlərin hökumət başçılarının Azərbaycan Respublikasına rəsmi səfərləri
19.1.
Hökumət başçısının səfərinin keçirilmə müddəti, davamiyyəti, təşkilatı məsələlərinə məsuliyyət daşıyan şəxslər və təşkilatlar Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra Baş nazir tərəfindən müəyyən edilir.
19.2.
Xarici dövlətlərin hökumət başçılarının rəsmi səfərləri hava limanında rəsmi qarşılanma mərasimi ilə başlanır. Hava limanında qonaq dövlətin və Azərbaycan Respublikasının dövlət bayraqları asılır.
19.3.
Trapın qarşısında hökumət başçısını Azərbaycan Respublikasının Baş nazirinin müavini, xarici işlər nazirinin müavini, Azərbaycan Respublikasının qonaq dövlətdəki səfiri, qonaq dövlətin Azərbaycan Respublikasındakı səfiri və digər rəsmi şəxslər qarşılayırlar (hava limanında qarşılayacaq şəxslər səfər proqramı üzrə müəyyən edilir).
19.4.
Hökumət başçısına gül dəstəsi təqdim edilir, qırmızı xalça salmır, qonağın şərəfinə fəxri qarovul düzülür, hərbi orkestr qonaq dövlətin və Azərbaycan Respublikasının dövlət himnlərini ifa edir.
19.5.
Xarici hökumət başçısı üçün ayrılmış əsas maşında hər iki ölkənin dövlət bayraqları qoyulur. Hökumət başçısını avtomobildə Baş nazirin müavini müşayiət edir.
19.6.
Səfər proqramına Azərbaycan Respublikasının Prezidenti ilə görüş daxildir.
19.7. Hökumət başçısı Şəhidlər Xiyabanında ucaldılmış "Əbədi məşəl" kompleksinin önünə əklil qoyur. Şəhidlər Xiyabanında fəxri qarovul düzülür və iki ölkənin dövlət himnləri ifa olunur. "Xatirə kitabı"nda xatirə sözləri yazılır.
19.8.
Səfər zamanı Azərbaycan Respublikasının Baş naziri tərəfindən hökumət başçısının şərəfinə rəsmi nahar (lanç) verilir.
19.9.
Hökumət başçısının rəsmi yolasalınma mərasimi keçirilmir.
20. Xarici dövlətlərin hökumət başçılarının Azərbaycan Respublikasına işgüzar səfərləri
20.1.
Hava limanında qonaq dövlətin və Azərbaycan Respublikasının dövlət bayraqları asılır. Trapın qarşısında hökumət başçısını Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvü və qonaq dövlətin səfiri qarşılayır. Xarici dövlət başçısı üçün ayrılmış əsas maşında qonaq dövlətin və Azərbaycan Respublikasının dövlət bayraqları qoyulur.
20.2.
İlkin razılıq əsasında hökumət başçısının səfər proqramına Azərbaycan Respublikasının Prezidenti ilə görüş daxil edilir.
20.3.
Səfər zamanı Azərbaycan Respublikasının Baş naziri tərəfindən hökumət başçısının şərəfinə nahar (lanç) verilir.
21. Xariri dövlətlərin hökumət başçılarının Azərbaycan Respublikasına yolüstü səfərləri
21.1. Yolüstü səfər dedikdə hökumət başçısının xarici dövlətlərə səfəri zamanı Azərbaycan Respublikası hava limanında qısa müddətli dayanacaq etməsi nəzərdə tutulur. Yolüstü səfər zamanı hökumət başçısını adətən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və qonaq dövlətin Azərbaycan Respublikasındakı səfiri qarşılayırlar.
22. Xarici dövlətlərin hökumət başçılarının Azərbaycan Respublikasına qeyri-rəsmi səfərləri
22.1.
Qeyri-rəsmi səfərlərə xarici hökumət başçılarının Azərbaycan Respublikasına şəxsi məqsədlərlə səfərləri aid edilir (istirahət, turizm, ictimai xətlə konfrans və iclas, sərgilərin açılışında iştirak, idman yarışlarında iştirak və s.).
22.2.
Qeyri-rəsmi səfər zamanı protokol tədbirləri nəzərdə tutulmur.
23. Xarici dövlətlərin parlament sədrlərinin Azərbaycan Respublikasına rəsmi səfərləri
23.1.
Xarici dövlətlərin parlament sədrlərinin rəsmi səfərləri hava limanında rəsmi qarşılanma mərasimi ilə başlanır. Hava limanında qonaq dövlətin və Azərbaycan Respublikasının dövlət bayraqları asılır. Trapın qarşısında parlament sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, xarici işlər nazirinin müavini və qonaq dövlətin səfiri qarşılayırlar. Xarici dövlətin parlament sədri üçün ayrılmış əsas maşında qonaq dövlətin və Azərbaycan Respublikasının dövlət bayraqları qoyulur.
23.2.
Parlament sədrinin səfər proqramına adətən Azərbaycan Respublikasının Prezidenti ilə görüş daxil edilir.
23.3.
Parlamentin sədri Şəhidlər Xiyabanında ucaldılmış "Əbədi məşəl" kompleksinin önünə əklil qoyur. "Xatirə kitabı"nda xatirə sözləri yazılır.
23.4.
Səfər zamanı Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən qonaq parlament sədrinin şərəfinə rəsmi nahar (lanç) verilir.
24. Xarici dövlətlərin parlament sədrlərinin Azərbaycan Respublikasına işgüzar səfərləri
24.1.
Hava limanında qonaq dövlətin və Azərbaycan Respublikasının dövlət bayraqları asılır. Trapın qarşısında parlament sədrini adətən Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini və qonaq dövlətin səfiri qarşılayırlar. Səfər zamanı Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən parlament sədrinin şərəfinə nahar (lanç) verilir.
24.2.
İlkin razılıq əsasında parlament sədrinin səfər proqramına Azərbaycan Respublikasının Prezidenti ilə görüş daxil edilə bilər.
25. Xarici dövlətlərin xarici işlər nazirlərinin Azərbaycan Respublikasına səfərləri
25.1.
Xarici dövlətlərin xarici işlər nazirlərinin Azərbaycan Respublikasına rəsmi səfəri zamanı hava limanında qonaq dövlətin və Azərbaycan Respublikasının dövlət bayraqları asılır. Trapın qarşısında xarici işlər nazirini, adətən, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Respublikasının qonaq dövlətdəki səfiri və qonaq dövlətin Azərbaycan Respublikasındakı səfiri qarşılayırlar. Qonaq xarici işlər naziri üçün ayrılmış əsas maşında iki ölkənin dövlət bayraqları qoyulur.
25.2.
Xarici dövlətlərin xarici işlər nazirlərinin Azərbaycan Respublikasına işgüzar səfərləri zamanı hava limanında qonaq dövlətin və Azərbaycan Respublikasının dövlət bayraqları asılır. Trapın qarşısında xarici işlər nazirini Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq idarəsinin rəisi, qonaq dövlətin Azərbaycan Respublikasındakı səfiri qarşılayırlar.
25.3.
Qonaq xarici işlər nazirinin səfər proqramına danışıqlar, görüşlər, Şəhidlər Xiyabanının ziyarəti, mətbuat konfransı, nahar (lanç), mədəni proqram, qonağın istəyi əsasında regionlara səfər və digər tədbirlər daxil edilə bilər.
25.4.
Qonaq xarici işlər nazirinin səfərinin xarakteri və məqsədindən asılı olaraq səfər proqramına Azərbaycan Respublikasının Prezidenti ilə görüş daxil edilir.
26. Xarici dövlətlərin icra hakimiyyəti orqanları rəhbərlərinin Azərbaycan Respublikasına səfərləri
26.1.
Xarici dövlətlərin icra hakimiyyəti orqanları rəhbərlərinin səfərləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları rəhbərlərinin dəvəti və Xarici İşlər Nazirliyi ilə razılaşdırılmış proqram əsasında həyata keçirilir. Xarici dövlətlərin icra hakimiyyəti orqanları rəhbərlərinin səfər proqramına müvafiq görüşlər, mətbuat konfransı, nahar (lanç), Şəhidlər Xiyabanına ziyarət və digər tədbirlər daxil edilə bilər. Nümayəndə heyətinin qəbul edilmə səviyyəsi dəvətin xarakterindən və qarşılıqlı prinsipləri ilə müəyyən edilir.
26.2.
Səfərinin xarakteri və məqsədindən asılı olaraq səfər proqramına Azərbaycan Respublikasının Prezidenti ilə görüş daxil edilə bilər.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
21 dekabr 2009-cu il tarixli 199 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 dekabr 2009-cu il, № 287)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
21 dekabr 2009-cu il tarixli 199 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 dekabr 2009-cu il, № 287) ilə Azərbaycan Respublikasının Dövlət Protokolunun Əsas Qaydaları”nın 1.11-ci bəndində “bayram və bazar günləri və ya gecə vaxtı” sözləri “gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü” sözləri ilə əvəz edilmişdir.