×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
27.07.2004
QEYDİYYAT NÖMRƏSİ
99
ADI
"Daşqın zonalarının, onların mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin müəyyən edilməsi və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2004, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 590)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
27.07.2004
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Daşqın zonalarının, onların mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin müəyyən edilməsi və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında

“Daşqın zonalarının, onların mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin müəyyən edilməsi və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Tikinti və Arxitektura Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Daşqın zonalarının, onların mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin müəyyən edilməsi və istifadəsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2.    Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 27 iyul 2004-cü il

                 № 99

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 27 iyul tarixli 99 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Daşqın zonalarının, onların mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin müəyyən edilməsi və istifadəsi

 

QAYDALARI

 

1.      Bu Qaydalar Azərbaycan Respublikasının Su Məcəlləsinə və "Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və daşqın zonalarının, onların mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin təyin edilməsi və istifadəsi qaydalarını müəyyən edir.

2.    Daşqın zonası - çaykənarı və ona bitişik ərazidə yerləşən və daşqın nəticəsində su basmasına məruz qalan torpaq sahəsidir. Daşqın zonasını müəyyən etmək üçün əlli ildən bir təkrarlanmaq ehtimalı olan daşqın əsas götürülür.

3.     Daşqın zonalarının hüdudlarında sahil mühafizə zolaqları çayın daşqınının gücünə uyğun təyin edilir. Bu ərazilərdə təbiətdən istifadəyə və təsərrüfat fəaliyyətinə məhdudiyyətlər və qadağalar müəyyən edilərək onların tətbiq edilməsi xüsusi rejimə uyğun həyata keçirilir.

4.    Daşqın zonalarının müəyyən edilməsi - çayların hidroloji, hidrokimyəvi, hidrobioloji, sanitar, ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün zəmin yaratmaqla yanaşı, onların sahilyanı ərazilərinin abadlaşdırılması üzrə görüləcək kompleks tədbirlərin normativ baxımdan tərkib hissələrindən biridir.

5.     Daşqın zonaları və onların mühafizə zolaqlarının hüdudlarında daşqın zonası rejimi barədə əhali məlumatlandırılır və ona müvafiq olaraq hər bir zolaqda torpaqdan istifadə üzrə tövsiyələr verilir.

6.     Daşqın zonalarının, onların mühafizə zolaqlarının ölçüləri və hüdudları çayların sahil xəttinin dəyişməsi nəzərə alınmaqla, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmaqla müəyyən olunur və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. [1]

7.    Daşqın zonalarının, onların mühafizə zolaqlarının ölçüləri və hüdudları hidrotexniki qurğuların layihələrində dəqiqləşdirilir.

8.     Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazilərində daşqın zonalarının, onların mühafizə zolaqlarının ölçüləri və sərhədləri müvafiq dövlət orqanları tərəfindən bu şəhərlərin və yaşayış məntəqələrinin təsdiq olunmuş baş planlarına uyğun müəyyən edilir.

9.     Daşqın zonalarının və onların mühafizə zolaqlarının layihələndirilməsi funksiyaları və layihələrin müəyyən edilmiş qaydada təsdiq edilməsi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. [2]

10. Daşqın zonalarının mühafizə zolaqları ölçülərinə, sərhədlərinə və istifadə rejiminə görə aşağıdakılara bölünür:

10.1. qadağan zolağı-çayın hər iki tərəfi boyu uzanan və iki ildən bir təkrarlanma ehtimalı olan daşqının*yayıldığı ərazidir və bu ərazidə:

10.1.1.  hər hansı yeni tikintiyə yol verilmir;

10.1.2.  çay axınına maneə yarada biləcək fəaliyyət və tədbirlər qadağan edilir;

10.2. məhdudiyyət zolağı-qadağan zolağına nisbətən daha az təhlükəyə məruz qalır və on ildən bir təkrarlanma ehtimalı olan daşqının* yayıldığı ərazidir və bu ərazidə:

10.2.1. mövcud inşaat normalarına və qaydalarına riayət etməklə (yaşayış və ictimai binalar istisna olmaqla) yeni tikililər inşa edilə bilər;

10.2.2. tikililərin döşəmə səviyyəsi on ildən bir təkrarlanma ehtimalı olan daşqının səviyyəsindən (layihə ilə müəyyən edilir) ən azı 0,5 m hündür olmalı və onların beton özülü suyun gözlənilən təzyiqinə və sürətinə davam gətirməlidir;

10.2.3. heyvanların çoban nəzarəti altında otarılmasına, müvəqqəti fidanlıqların yaradılmasına, meşələrin təbii bərpasına kömək tədbirlərinin görülməsinə, toxum tədarükünə və müəyyən olunmuş qaydada yabanı bitkilərin yığılmasına icazə verilir;

10.2.4. yükboşaltma sahəsi və texnika üçün müvəqqəti dayanacaq yaradıla bilər;

10.2.5. çay boyu su mühafizə zonasının minimum eni təmin edildikdən sonra park salına bilər;

10.3. xəbərdarlıq zolağı-əlli ildən bir təkrarlanma ehtimalı olan daşqının yayıldığı ərazidir və bu ərazidə hər növ təsərrüfat və tikinti fəaliyyətinə yol verilir. Əhali daşqının bu əraziyə nadir hallarda da olsa, yayılması ehtimalı haqqında məlumatlandırılır.

11.   Məhdudiyyət və xəbərdarlıq zolaqlarında layihələndirmə və inşaat işləri Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılmaqla həyata keçirilir.

12.   Bu Qaydalar təsdiq edilənədək daşqın zonasında inşa edilmiş tikililərə və qurğulara aid mühəndis-axtarış işləri və hidroloji təhlillər onların əlli ildən bir təkrarlanmaq ehtimalı olan daşqına davam gətirə biləcəyini təsdiq etmirsə:

 

12.1.  bu obyektlərin yenidən qurulmasına, yaxud genişləndirilməsinə yol verilmir;

12.2.  bu obyektlərin təmirinə və bərpasına nəzərdə tutulan xərclər onların dəyərinin 50 faizindən artıq olmur;

12.3.  daşqın da daxil olmaqla, hər hansı səbəbdən onların dəyərinin 50 faizi, yaxud daha çoxu sıradan çıxarsa, bu obyektlər bərpa edilmir.

13. Daşqın zonalarının hüdudlarında tikinti-quraşdırma işləri həyata keçirilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli qərarı ilə çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni onların ayrı-ayrı hissələri üzrə aşağıdakı hədlərdə qəbul edilmişdir:

13.1.   uzunluğu 10 km-dək olduqda                           - 50 m;

13.2.  uzunluğu 10 km-dən 50 km-dək olduqda         - 100 m;

13.3.   uzunluğu 50 km-dən 100 km-dək olduqda     - 200 m;

13.4.   uzunluğu 100 km-dən 200 km-dək olduqda     - 300 m;

13.5.   uzunluğu 200 km-dən 500 km-dək olduqda    - 400 m;

13.6.   uzunluğu 500 km-dən artıq olduqda                  - 500 m.

 

14.   Daşqın zonalarında çayların axın rejimini nizamlamaq və daşqın zərərlərini azaltmaq məqsədilə hər il çay məcralarında nizamlama və sahilbərkitmə işləri aparılır.

15.   Respublikanın müxtəlif bölgələrində daşqın zonalarına aid ərazilərdə hidroloji, topoqrafik və torpaqdan istifadəetmə xüsusiyyətləri fərqləndiyinə görə, bu Qaydalar yerli idarəetmə orqanlarının nəzarəti altında həyata keçirilir.

16.   Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə üzrə daşqın və sel ehtimalı yüksək olan ən təhlükəli çayların siyahısını tərtib edir və təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edirlər.

17.   Daşqın zonaları və onların mühafizə zolaqlarının ərazisində istifadə rejiminin pozulmasında günahkar şəxslər mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370)

2.       29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



* Daşqınların təkrarlanma ehtimalı müddəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən çayların sululuğuna dair aparılan çoxillik müşahidələrinə əsasən müəyyən edilir.



 

  [1] 29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) ilə "Daşqın zonalarının, onların mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin müəyyən edilməsi və istifadəsi Qaydaları"nın 6-cı, 9-cu, 11-ci və 16-cı bəndlərində "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri ilə əvəz edilmişdir.

 

  [2] 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) ilə "Daşqın zonalarının, onların mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin müəyyən edilməsi və istifadəsi Qaydaları"nın 6-cı, 9-cu, 11-ci və 16-cı bəndlərində "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status