"Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyata alınması qaydası"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 90 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
"Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyata alınması qaydası" təsdiq edilsin (əlavə olunur).
2.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 2 sentyabr 2004-cü il
№ 120
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 2 sentyabr tarixli 120 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyata alınması
QAYDASI
1.
Bu qayda "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən və "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 90 nömrəli Fərmanının 1.3-cü bəndinin icrası ilə əlaqədar hazırlanmışdır və fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş müvafiq icra hakimiyyəti orqanları əməkdaşlarının, hərbi qulluqçularının, eləcə də digər şəxslərin qeydiyyata alınması qaydasını müəyyən edir.
2.
"Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyata alınması qaydası"nın müddəaları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş əməkdaşlarına, hərbi qulluqçularına, eləcə də digər şəxslərə (bundan sonra - şəxslər) şamil edilir.
[1]
3.
"Fövqəladə vəziyyət haqqında" Qanuna müvafiq olaraq fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə fövqəladə vəziyyət rejimini təmin edən qüvvə və vasitələrin fəaliyyətinin əlaqələndirilməsi üçün fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının tərkibində Azərbaycan Respublikasının Prezidenti tərəfindən fövqəladə vəziyyət rejimini təmin edən orqanların nümayəndələrindən ibarət birləşmiş əməliyyat qərargahı yaradılır.
4.
Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyatı birləşmiş əməliyyat qərargahında aparılır.
5.
Qeydiyyatın düzgün, dolğun və obyektiv aparılması üçün fövqəladə vəziyyət tətbiq edildiyi ərazinin komendantının əmri ilə məsul əməkdaş təyin edilir və xüsusi qeydiyyat kitabı açılır.
6.
Qeydiyyat kitabı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş kargüzarlıq qaydalarına uyğun aparılmalıdır.
7.
Qeydiyyat kitabında fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş hər bir şəxs barədə aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
adı, soyadı və atasının adı;
doğulduğu tarix və yer;
yaşadığı ünvan;
təmsil etdiyi orqan və tutduğu vəzifə;
fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etdiyi müddət.
8.
Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslər tərəfindən təqdim edilən sənədlər və ya onların surətləri (şəxsiyyətini təsdiq edən sənəd, xidməti vəsiqə, ezamiyyət vərəqəsi, fövqəladə vəziyyət rejiminin təmin olunmasına cəlb edilmə barədə əmr) xüsusi qovluqda saxlanılmalıdır.
9.
Əlavə güzəştlər və kompensasiyalar şamil olunan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidmətinin fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş əməkdaşlarının, hərbi qulluqçularının, eləcə də digər şəxslərin adbaad qeydiyyatı və onların fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirakı müddətinin müəyyən edilməsi qeyd edilən şəxslərin işlədikləri (xidmət keçdikləri) müvafiq dövlət orqanlarının vəzifəli şəxslərinin və fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş Silahlı Qüvvələrin növlərinin komandanlarının (onlara bərabər və ya onlardan yuxarı səlahiyyəti olan rəislərin) əmrləri əsasında həyata keçirilir.
[2]
10. Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərə ezamiyyət müddətləri bitdikdə və fövqəladə vəziyyət rejimi ləğv edildikdən sonra, fövqəladə vəziyyət tətbiq edildiyi ərazinin komendantının şəxsi imzası, möhürü ilə təsdiq olunmuş, iştirak müddəti göstərilmiş və qeydiyyat məlumatlarının əsasında tərtib edilmiş müvafiq iştirak sənədi verilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
2.
23 iyun 2020-ci il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 iyun 2020-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 807)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyata alınması qaydası”nın 2-ci hissədən “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri çıxarılmışdır və həmin hissəyə “Müdafiə Nazirliyinin,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin,” sözləri əlavə edilmişdir.
23 iyun 2020-ci il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 iyun 2020-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 807) ilə “Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyata alınması qaydası”nın 2-ci hissəyə “Daxili İşlər Nazirliyinin,” sözlərindən sonra “Fövqəladə Hallar Nazirliyinin,” sözləri əlavə edilmişdir.
[2]
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyata alınması qaydası”nın 9-cu hissədən “Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılmışdır və həmin hissəyə “Müdafiə Nazirliyi” sözlərindən sonra “, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti” sözləri əlavə edilmişdir.
23 iyun 2020-ci il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 iyun 2020-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 807) ilə “Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyata alınması qaydası”nın 9-cu hissəyə “Daxili İşlər Nazirliyi,” sözlərindən sonra “Fövqəladə Hallar Nazirliyi,” sözləri əlavə edilmişdir.