“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
həmin Qanunun 5-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları və milli parklar haqqında ümumi əsasnamələrin layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; təbiət parkları və dövlət təbiət yasaqlıqları haqqında ümumi əsasnamələrini təsdiq etsin;
həmin Qanunun 12-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrının və monitorinqinin aparılması qaydasını müəyyən etsin;
bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərə dair müvafiq normativ hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;
həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidenti təqdim etsin;
öz səlahiyyətləri daxilində “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin dördüncü hissəsində, 17-ci maddəsinin dördüncü hissəsində, 21-ci maddəsinin dördüncü və beşinci hissələrində, 40-1-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
[1]
həmin Qanunun 5-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti (dövlət təbiət qoruqlarına, o cümlədən biosfer qoruqlarına, geoloji, və milli parklara münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (təbiət parkları və dövlət təbiət yasaqlıqları münasibətdə) həyata keçirirlər;
həmin Qanunun 6-cı maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti (dövlət təbiət qoruqlarına, o cümlədən biosfer qoruqlarına, geoloji və milli parklara münasibətdə) və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (digər xüsusi mühafizə olunan təbiət ərazilərinin növlərinə münasibətdə) həyata keçirirlər;
[2]
həmin Qanunun 6-cı maddəsinin beşinci hissəsində və 8-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti (dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqlarına, geoloji və milli parklar münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (digər xüsusi mühafizə olunan təbiət ərazilərinin növləri münasibətdə) həyata keçirirlər;
[3]
həmin Qanunun 8-ci maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin üçüncü hissəsində, 17-ci maddəsinin yeddinci hissəsində, 20-ci maddəsinin ikinci hissəsində, 27-ci maddəsinin beşinci hissəsində, 30-cu maddəsinin ikinci hissəsində, 43-cü maddəsinin birinci hissəsində, 45-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, habelə 17-ci maddəsinin dördüncü hissəsində, 21-ci maddəsinin dördüncü hissəsində və 40-1-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
[4]
həmin Qanunun 8-ci maddəsinin dördüncü hissəsində, 15-ci maddəsinin ikinci abzasında, 24-cü maddəsinin beşinci hissəsində, 28-ci maddəsinin ikinci hissəsində, 45-ci maddəsinin ikinci və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, habelə 27-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
[5]
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 15 iyul 2000-ci il
№ 366
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546)
- 1 aprel 2019-cu il tarixli 603 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 aprel 2019-cu il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 603)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
1 aprel 2019-cu il tarixli 603 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 aprel 2019-cu il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 603) ilə 2-ci hissənin ikinci abzasına “hissələrində” sözündən sonra “, 40-1-ci maddəsinin üçüncü və dördüncü hissələrində” sözləri əlavə edilmişdir.
[2]
23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 2-ci bəndin dördüncü abzasında "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
1 aprel 2019-cu il tarixli 603 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 aprel 2019-cu il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 603) ilə 2-ci hissənin üçüncü və dördüncü abzaslarına “biosfer qoruqlarına” sözlərindən sonra “, geoloji” sözü əlavə edilmişdir.
[3]
1 aprel 2019-cu il tarixli 603 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 aprel 2019-cu il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 603) ilə 2-ci hissənin beşinci abzasında “biosfer qoruqları” sözləri “biosfer qoruqlarına, geoloji” sözləri ilə əvəz edilmişdir.
[4]
1 aprel 2019-cu il tarixli 603 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 aprel 2019-cu il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 603) ilə 2-ci hissənin altıncı abzasında “və 21-ci maddəsinin dördüncü hissəsində” sözləri “, 21-ci maddəsinin dördüncü hissəsində və 40-1-ci maddəsinin üçüncü hissəsində” sözləri ilə əvəz edilmişdir.
[5]
23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 2-ci bəndin yeddinci abzasında "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.