Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
[2]
Azərbaycan Respublikası müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi Azərbaycan Respublikasının Konstitusiyasına və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına müvafiq olaraq öz silahlı qüvvələrinə malikdir.
Maddə 1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa onun dəf edilməsinə xidmət edir.
Maddə 2. Azərbaycan Respublikasının Silahlı Qüvvələri öz təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisinin qərarına əsasən cəlb oluna bilərlər.
[3]
Maddə 3. Azərbaycan Respublikasının Silahlı Qüvvələri qanunçuluq, nizami ordu, qarışıq komplektləşdirmə, kadr, mərkəzləşdirilmiş və vahid rəhbərlik, yüksək hərbi intizam, daimi döyüş və səfərbərlik hazırlığı, hərbi qulluqçuların sosial-hüquqi müdafiəsinin təmin olunması prinsipləri əsasında qurulur və fəaliyyət göstərir.
Maddə 4. Azərbaycan Respublikasının Silahlı Qüvvələri quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarətdir.
Təşkilati cəhətdən Azərbaycan Respublikasının Silahlı Qüvvələri birliklərdən, birləşmələrdən, hərbi hissələrdən, hərbi təşkilatlardan və hərbi təhsil müəssisələrindən ibarətdir.
Maddə 5. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ümumi strukturu və sayı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təminatı dövlət büdcəsindən ayırmalar hesabına həyata keçirilir.
[4]
Maddə 6. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə rəhbərliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı kimi Azərbaycan Respublikasının Prezidenti müvafiq dövlət orqanlarının qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətləri hüdudlarında həyata keçirir.
Maddə 7. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi və hərbi xidmət keçilməsi “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” və “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına müvafiq surətdə həyata keçirilir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə mülki şəxslər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən ştat sayı hüdudlarında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təsdiq etdiyi siyahı üzrə vəzifələrə götürülürlər. Hərbi komandanlıqla mülki şəxslərin əmək münasibətləri Azərbaycan Respublikasının əmək və dövlət xidməti haqqında qanunvericiliyi ilə nizamlanır.
Maddə 8. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birlikləri, birləşmələri və hərbi hissələri hərbi doktrinanın tələblərinə uyğun olaraq yerləşdirilir.
Maddə 9. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi vətənpərvərlik tərbiyəsi ümumbəşəri dəyərlər və Azərbaycan xalqının milli-tarixi ənənələri ruhunda həyata keçirilir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində siyasi məqsədlər daşıyan hər hansı təşkilatların və həmkarlar ittifaqlarının fəaliyyətinə yol verilmir.
Maddə 10. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qanunların icrasına, hərbi qulluqçuların, onların ailə üzvlərinin, mülki şəxslərin hüquqi müdafiəsinə nəzarət Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti
A. MÜTƏLLİBOV
Bakı şəhəri, 9 oktyabr 1991-ci il.
№ 210-XII.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
25 fevral 1992-ci il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, № 05, maddə 102)
2.
10 iyun 1992-ci il tarixli 168a nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, № 11, maddə 409)
3.
26 noyabr 1993-cü il tarixli 743 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1993-cü il, № 23-24, maddə 670)
4.
07 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 01, maddə 15)
5.
14 iyun 2005-ci il tarixli 938-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 07, maddə 576)
6.
29 dekabr 2017-ci il tarixli 955-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 yanvar 2018-ci il, № 15, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 23)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
29 dekabr 2017-ci il tarixli 955-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 yanvar 2018-ci il, № 15, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 23) ilə ləğv edilmişdir.
[2]
26 noyabr 1993-cü il tarixli 743 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1993-cü il, № 23-24, maddə 670) ilə Qanuna əlavələr və dəyişikliklər edilmişdir.
Qanunun əvvəlki redaksiyasında deyilirdi:
1 ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin statusu
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının Prezidentinə tabe olan dövlət silahlı təşkilatıdır və Azərbaycan Respublikasının mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumalıdır.
M a d d ə 2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin vəzifələri
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin vəzifələri aşağıdakılardır:
başqa dövlət silahlı təcavüz etdikdə Azərbaycan Respublikasını müdafiə etmək;
vacib dövlət obyektlərini mühafizə etmək;
Azərbaycan Respublikasının dövlət sərhədlərini qorumaq;
Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin təmin edilməsi naminə kəşfiyyat işi aparmaq;
terrorçuluq əməllərinin və başqa təxribat əməllərinin qarşısının alınmasında, quldur dəstələrinin və başqa cinayətkar birləşmələrin ləğvində hüquq mühafizə orqanları ilə birlikdə iştirak etmək;
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə elan olunmuş fövqəladə vəziyyətin həyata keçirilməsində iştirak etmək;
təbii və ekoloji fəlakətlərin, iri qəzaların nəticələrinin aradan qaldırılmasında dövlət idarələrinə və ictimai idarələrə, habelə əhaliyə kömək göstərmək.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən Azərbaycan Respublikasının xalqına və konstitusiyalı hakimiyyət və idarəetmə orqanlarına qarşı hər hansı şəkildə istifadə etmək cinayətdir və qanunla təqib olunur.
M a d d ə 3. Azərbaycan Respublikasının Silahlı Qüvvələri quruculuğunun təşkilat prinsipləri
Azərbaycan Respublikasının Silahlı Qüvvələri rəhbərliyin mərkəzləşdirilməsi, təkbaşçılıq, kadr təşkili, yüksək hərbi intizam, döyüşə daim hazır olmaq prinsiplərinə müvafiq surətdə təşkil edilir.
M a d d ə 4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin fəaliyyətinin hüquqi əsası
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və təlimatları təşkil edir.
M a d d ə 5. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tabeliyi
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş komandanı - Azərbaycan Respublikasının Prezidentidir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə bilavasitə rəhbərliyi Azərbaycan Respublikasının müdafiə naziri həyata keçirir. Müdafiə nazirini Azərbaycan Respublikasının Prezidenti təyin edir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşdırılmasına və qurulmasına, təşkilat-səfərbərlik fəaliyyətinə və çağırış işinə, maddi-texniki, sosial-məişət, tibb və maliyyə təminatına, Azərbaycan Respublikası Silahlı Qüvvələri zabit və sıravi heyətinin hazırlanmasına rəhbərlik edir.
[2]
M a d d ə 6. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sayı və strukturu
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sayını və strukturunu Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirir və təsdiq edir.
II. AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN FORMALAŞDIRILMASI (çıxarılıb)
III. AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN SIRALARINDA XİDMƏT
M a d d ə 15. Hərbi xidmətdə olmaq üçün son yaşlar
Hərbi xidmətdə olmaq üçün aşağıdakı son yaşlar müəyyən edilir:
müddətli xidmətdə olan sıravi, serjant və starşina heyəti üçün - 27 yaş, bağlaşma üzrə 45 yaş;
kiçik zabit heyəti üçün - 45 yaş;
böyük zabit heyəti üçün - 50 yaş;
ali zabit heyəti üçün - 55 yaş.
Son yaşı çatan hərbi qulluqçular Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən buraxılırlar.
Hərbi qulluqçuların müəyyən edilmiş xidmət vaxtından əvvəl buraxılmasına aşağıdakı hallarda icazə verilir:
səhhətinə görə;
ailə vəziyyətinə görə;
ştatların ixtisarına) görə;
xidmətə uyğunsuzluğuna görə;
məhkəmənin hökmünə əsasən;
öz arzusu ilə, ali tədris müəssisələrinin məzunları isə zabit vəzifəsində 5 il xidmət etdikdən sonra.
[2]
M a d d ə 16. Hərbi xidmətin müddətləri
Hərbi xidmətin müddətləri aşağıdakı kimi müəyyən edilir:
zabit heyəti üçün—bağlaşmada müəyyən edilən müddətdə;
çağırışla və könüllü surətdə müddətli hərbi xidmət edən sıravi və serjant heyəti üçün—18 ay, bağlaşma üzrə serjant heyəti üçün isə bir qayda olaraq sonra müddəti uzadılmaqla 2 il;
toplanış hazırlığı keçən şəxslər üçün—ixtisaslaşmadan asılı olaraq bir aydan üç ayadək.
[2]
M a d d ə 17. Hərbi rütbələr
hərbi qulluqçular arasında qarşılıqlı münasibətləri tənzimləmək, onların xidmət stajını və ixtisasını ifadə etmək üçün aşağıdakı hərbi rütbələr müəyyən olunur:
əsgər matros
sıravi (əsgər) matros
serjant starşina
kiçik serjant II dərəcəli starşina
serjant I dərəcəli starşina
starşina baş starşina
kiçik zabitlər
leytenant leytenant
baş leytenant baş leytenant
kapitan kapitan-leytenant
böyük zabitlər
mayor III dərəcəli kapitan
podpolkovnik II dərəcəli kapitan
polkovnik I dərəcəli kapitan
ali zabitlər
general-mayor kontr-admiral
general-leytenant vitse-admiral
M a d d ə 18. Hərbi rütbələrin vəzifələrə uyğunluğu
Serjant rütbələri, bir qayda olaraq, aşağıdakı qulluq vəzifələrinə uyğun gəlir:
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin quru hissələrində və bölmələrində:
kiçik serjant - manqa komandirinə, tank, top, döyüş maşını tuşlayıcısına;
serjant - tağım komandirinin müavininə, top, döyüş maşını komandirinə;
starşina - bölük, batareya starşinasına.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi dəniz hissələrində və bölmələrində:
II dərəcəli starşina - manqa, döyüş postu komandirinə;
I dərəcəli starşina - III dərəcəli gəminin komanda, qrup, qüllə, batareya starşinasına.
baş starşina - II və I dərəcəli komandiri komanda, qrup, qüllə, batareya starşinasına.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin quru hissələrində və bölmələrində zabit rütbələri bir qayda olaraq, aşağıdakı qulluq vəzifələrinə uyğun gəlir:
leytenant - taqım komandirinə;
baş leytenant - taqım komandirinə, bölük komandirinin müavininə və ya eyni dəyərli başqa vəzifəyə;
kapitan - bölük, batareya komandirinə və ya eyni dəyərli başqa vəzifəyə;
mayor - tabor (divizion) komandiri müavininə və ya eyni dəyərli başqa vəzifəyə;
podpolkovnik - tabor (divizion) komandirinə və ya eyni dəyərli başqa vəzifəyə;
polkovnik - birləşmə komandirinin müavini və ya eyni dəyərli başqa vəzifəyə;
general-mayor - birləşmə komandirinə və ya eyni dəyərli başqa vəzifəyə;
general-leytenant - Silahlı Qüvvələrinin komandanına, müdafiə nazirinə.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi dəniz hissələrində və bölmələrində zabit rütbələri, bir qayda olaraq, aşağıdakı qulluq vəzifələrinə uyqun gəlir:
leytenant - III dərəcəli gəminin qrup, qüllə komandirinə;
baş leytenant - II dərəcəli gəminin qrup, qüllə komandirinə;
kapitan-leytenant - III dərəcəli kominin komandirinə, II və III dərəcəli gəmilərin batareya döyüş hissəsi (xidməti) komandirinə, I dərəcəli gəminin qrup komandirinə;
III dərəcəli kapitan- III dərəcəli kominin komandirinə, IV dərəcəli gəmilər divizionunun komandirinə, I dərəcəli gəminin döyüş hissəsi (xidməti) komandirinə;
II dərəcəli kapitan- II dərəcəli kominin komandirinə, III dərəcəli gəmilər divizionunun komandirinə;
I dərəcəli kapitan - I dərəcəli kominin komandirinə, II dərəcəli gəmilər divizionunun komandirinə;
kontr-admiral – gəmilər divizionunun komandirinə, gəmilər tuğayının, hərbi dəniz bazasının komandirinə;
vitse-admiral - eskadra komandirinə, donanma komandanına.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hava hissələrində və bölmələrində hərbi rütbələrin vəzifələrə uyğunluğu quru hissələrində və bölmələrində olduğu kimi müəyyən edilir.
M a d d ə 19. Hərbi rütbələrin verilməsi
hərbi rütbələr bu Qanunun 17-ci maddəsində müəyyən edilmiş növbəliklə verilir. Birinci zabit rütbəsi hərbi tədris müəssisəsini və ya kurslarını bitirmiş kursantlara Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən verilir.
Zabitlərə bu Qanunun 18-ci maddəsinə müvafiq növbəlik qaydasında, daha yüksək rütbələr onlar aşağıdakı rütbələrdə göstərilən müddətdə xidmət etdikdə verilir:
leytenant rütbəsində - azı 2 il;
baş leytenant rütbəsində - azı 3 il;
kapitan rütbəsində - azı 3 il;
mayor rütbəsində - azı 4 il; 12
podpolkovnik rütbəsində - azı 5 il;
polkovnik rütbəsində - azı 2 il.
Növbəti hərbi rütbələri aşağıdakılar verirlər:
kiçik serjant və serjant rütbələrini- hissə komandiri;
starşina rütbəsini - birləşmə komandiri;
kiçik zabit rütbələrini – Azərbaycan Respublikası Silahlı Qüvvələrin komandanı;
böyük zabit rütbələrini- Azərbaycan Respublikasının müdafiə naziri;
ali zabit rütbələrini - Azərbaycan Respublikasının Prezidenti.
Müstəsna hallarda hərbi rütbələrin vaxtından əvvəl və növbədənkənar verilməsi mümkündür.
[2]
M a d d ə 20. Hərbi rütbələrdən məhrumetmə və onların bərpası
Zabit öz rütbəsindən yalnız məhkəmənin hökmü ilə və ya Azərbaycan Respublikasının vətəndaşlığını itirdikdə məhrum edilə bilər.
Serjant öz rütbəsindən yalnız məhkəmənin hökmü ilə, habelə intizam nizamnaməsində müəyyən edilmiş qaydada məhrum edilə bilər.
Zabit rütbəsi məhkəmənin qərarı ilə, serjant rütbəsi isə məhkəmənin qərarı, habelə yuxarı rəisin qərarı ilə bərpa edilir.
M a d d ə 21. Vəzifəyə təyinat
Bu Qanunun 18-ci maddəsinə uyğun olaraq zabitləri aşağıdakılar qulluq vəzifələrinə təyin edir və qulluq vəzifələrindən azad edirlər:
(çıxarılıb);
[2]
Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş qərargahının rəisini və onun müavinlərini, birləşmə “(tümən, tuğay) komandirlərini, eskadra, donanma komandirlərini və daha yuxarı rütbəliləri-Azərbaycan Respublikasının Prezidenti;
[2]
birləşmə komandirlərinin müavinlərindən, gəmilər divizionunun, gəmilər tuğayının, hərbi dəniz bazasının komandirlərindən tabor, divizion komandirlərinə, I və II dərəcəli kəmi komandirlərinə, II və III dərəcəli gəmilər divizionu komandirlərinədək - Azərbaycan Respublikasının müdafiə naziri;
tabor, divizion komandirlərinin müavinlərindən bölük komandirlərinə, III dərəcəli gəmi, IV dərəcəli gəmilər divizionu komandirlərinə, I dərəcəli gəminin döyüş hissəsi (xidməti) komandirlərinədək – Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş qərargahının rəisi;
[2]
bölük komandirlərinin müavinlərindən, II dərəcəli gəminin qrup, qüllə komandirlərindən taqım komandirlərinə, III dərəcəli kəminin qrup, qüllə komandirlərinə, IV dərəcəli kəmi komandirlərinə, II və III dərəcəli gəmilərin batareya döyüş hissəsi (xidməti) komandirlərinə, I dərəcəli gəminin qrup komandirlərinədək - birləşmənin, donanmanın, eskadranın komandiri.
Serjantları aşağıdakılar qulluq vəzifələrinə təyin edir və qulluq vəzifələrindən azad edirlər:
kiçik serjant heyətini, serjantları, I və II dərəcəli starşinaları - tabor, gəmilər divizionu komandiri, I dərəcəli kəmi kapitanı;
starşinanı, baş starşinanı - birləşmə, eskadra, donanma komandiri.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hava hissələrində və bölmələrində vəzifələrə təyinat və vəzifələrdən azadetmə bu maddədə müəyyən edilmiş qayda ilə həyata keçirilir.
M a d d ə 22. Geyim forması
Hərbi qulluqçular və toplanışlarda hərbi vəzifəlilər hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi rütbə və qoşun növü üzrə fərqlənmə nişanları olan hərbi geyim forması geyinirlər.
hərbi geyim formasını, hərbi qulluqçuların fərqlənmə nişanlarını Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Onların geyilməsi və sancılması qaydasını Azərbaycan Respublikasının müdafiə naziri təsdiq edir.
M a d d ə 23. Ehtiyata daxiletmə və ehtiyatdan çağırma
hərbi xidmətdə olan şəxs bu Qanunun 12-ci maddəsinin "a", "b", "v" bəndlərində və ya 13-cü maddəsinin "q" bəndində nəzərdə tutulmuş şərtlərin biri yarandıqda ehtiyata buraxılır.
Bu Qanunum 12-ci və 13-cü maddələrində sadalanmış və hərbi xidmət keçməsinə möhlət verilmiş şəxslər 25 yaşına çatanadək hərbi xidmətə çağırılmazsa, ehtiyata daxil edilirlər.
Azərbaycan Respublikasının və ya başqa dövlətin Silahlı Qüvvələri sıralarında hərbi xidmət etmiş vətəndaşlar, habelə bu Qanunun 12-ci maddəsinin "a" bəndində və 13-cü maddəsinin "b" və "q" bəndlərində göstərilən səbəblərə görə müddətli xidmətə çağırılmayanları istisna etməklə hərbi xidmətdə olmamış şəxslər ehtiyatdan çağırılmalı olan şəxslər sayılırlar.
M a d d ə 24. Səfərbərlik
Dövlətin və onun vətəndaşlarının təhlükəsizliyi üçün qorxu törətdikdə, ekoloji qəzalar, təbii fəlakətlər baş verdikdə Azərbaycan Respublikası Prezidentinin Formanı ilə Azərbaycan Respublikasının 18 yaşından yuxarı kişi vətəndaşları Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə səfərbər edilirlər.
IV. SOSİAL TƏMİNATLAR
Maddə 25. Hərbi qulluqçuların, fəhlə və qulluqçuların pul ödəncləri
Hərbi qulluqçuların pul ödənclərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, fəhlə və qulluqçuların pul ödənclərini isə onların iş stajını nəzərə almaqla Azərbaycan Respublikasının müdafiə naziri təyin edir.
[2]
M a d d ə 26. Pensiya təminatı
hərbi xidmətdən buraxıldıqdan sonra hərbi qulluqçuların və onların ailə üzvlərinin pensiya təminatı hüququ dövlət tərəfindən təmin olunur və Azərbaycan Respublikasının qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bunlara müvafiq surətdə qəbul olunmuş qərarları ilə müəyyən edilir.
M. a d d ə 27. Sosial sığorta
hərbi qulluqçular , habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində toplanış keçən hərbi vəzifəlilər hərbi xidmət vəzifələrinin icrası dövründə bədbəxt hadisələr və ya hərbi xidmətlə əlaqədar xəstəliklər nəticəsində, həlak olmaq (vəfat etmək), xəsarət almaq (yaralanmaq, kontuziya almaq), sağlamlığı itirmək ehtimalına qarşı hərbi xidmətə (toplanışa) çağırıldıqları (daxil olduqları) andan dövlət tərəfindən məcburi sığorta olunmalıdırlar.
hərbi xidmət zamanı əmək qabiliyyətini itirmiş şəxslərin sosial təminatına dövlət zəmanət verir.
Sığortalanma qaydasını, şərtlərini və ödənilən sığorta haqqının məbləğlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
M a d d ə 28. Yaşayış sahəsi ilə təminat
Xidmət yerində yaşayış sahəsi olmayan zabitlər, bağlaşma üzrə xidmət edən hərbi qulluqçular xidməti mənzillərlə təmin olunur, belə mənzillər olmadıqda isə onlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada pul kompensasiyası ödənilir.
Müddətli xidmət hərbi qulluqçuları kazarmalarda yerləşdirilir.
20 il və daha artıq xidmətdə olmuş zabitlər, bağlaşma üzrə xidmət edən hərbi qulluqçular seçdikləri daimi yaşayış yerində yerli icra hakimiyyəti orqanları vasitəsilə 3 ay ərzində daimi mənzillə təmin edilirlər.
15 təqvim ili və daha çox fasiləsiz hərbi xidmətdə olan, mənzil-tikinti kooperativlərinə daxil olan və ya fərdi yaşayış evi tikən (satın alan) və xidmət yerində başqa daimi yaşayış sahəsi olmayan hərbi qulluqçulara mənzilin dəyərini və ya fərdi mənzil tikintisi üçün alınmış bank kreditini ödəməkdən ötrü 50 faiz məbləğində təmənnasız maliyyə yardımı göstərilir.
M a d d ə 29. Hərbi qulluqçuların tibbi təminatı
hərbi qulluqçuların, habelə toplanışda olan Hərbi vəzifəlilərin pulsuz tibb və dərman təminatı hüququ vardır.
hərbi qulluqçuların xidmət yerində hərbi-tibb müəssisələri olmadıqda onlara idarə mənsubiyyətindən asılı olmayaraq mülki səhiyyə müəssisələrində pulsuz tibbi yardım göstərilir.
M a d d ə 30. Hərbi qulluqçuların məzuniyyəti
hərbi qulluqçulara növbəti və qısamüddətli məzuniyyətlər verilir.
Növbəti məzuniyyətlər ildə bir dəfə, zabitlərə 45 günlüyə, bağlaşma üzrə hərbi qulluqçulara 30 günlüyə, müddətli xidmət əsgərlərinə və serjantlarına 10 günlüyə verilir; məzuniyyətin keçirildiyi yerə getmək və geri qayıtmaq üçün lazım olan vaxt buraya daxil deyildir.
Qısamüddətli məzuniyyətlər ailə vəziyyətinə görə bütün hərbi qulluqçulara, habelə mükafatlandırma qaydasında müddətli xidmət hərbi qulluqçularına 10 günlüyə verilir,
M a d d ə 31. Xüsusi şəraitdə güzəştlər
Bu Qanunla Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların xidmət müddəti və gündəlik əmək haqqı üçqat hesablanır.
V. YEKUN MÜDDƏALARI
M a d d ə 32. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maliyyə və maddi təminatı
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maliyyə və maddi təminatı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına, habelə vətəndaşların, idarələrin, təşkilatların və müəssisələrin könüllü verdikləri vəsait hesabına həyata keçirilir.
[3]
07 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 01, maddə 15) ilə 2-ci maddədə “Azərbaycan Respublikasının Ali Soveti” sözləri “Azərbaycan Respublikasının Milli Məclisi” sözləri ilə əvəz edilmişdir.
[4]
07 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 01, maddə 15) ilə 5-ci maddədə “Azərbaycan Respublikasının Ali Soveti” sözləri “Azərbaycan Respublikasının Milli Məclisi” sözləri ilə əvəz edilmişdir.
14 iyun 2005-ci il tarixli 938-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 07, maddə 576) ilə 5-ci maddədə “strukturu, sayı, silahları Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi” sözləri “ümumi strukturu və sayı müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir.