Azərbaycan Respublikasında biyan kökünün təbii ehtiyatlarının qorunub saxlanması və geniş inkişaf etdirilməsi tədbirləri haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Biyan kökünün təbii ehtiyatlarından səmərəli istifadə etmək, bu bitkini mədəni surətdə becərmək və yun istehsalını, tədarükünü və emalını təşkil etmək məqsədi ilə qərara alıram:
1.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi və müvafiq rayonların icra hakimiyyəti başçıları biyan kökünün istehsalının, tədarükünün və emalının təşkil edilməsi üçün dövlət torpaq fondundan, habelə kolxozların və dövlət təsərrüfatlarının torpaqlarından bir ay ərzində Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin “Biyan” birliyinə və Respublika Səhiyyə Nazirliyinin “Əczaçılıq və xalq təbabəti” Elm-İstehsal Birliyinə torpaq sahələri ayırsınlar.
2.
Respublika Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin “Biyan” birliyinə təsərrüfat fəaliyyətini təmin etmək üçün bank kreditlərindən istifadə olunması müqabilində üç faizlik haqq müəyyən edilsin.
3.
Respublika Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin “Biyan” birliyinin, onun müəssisə və təşkilatlarının əldə edilən gəlirləri özlərinin material-texnika bazasının inkişafına yönəltməsi üçün onlar 5 il müddətinə vergilərin bütün növlərindən azad edilsinlər.
4.
2000-ci ilə yaxın biyan kökünün istehsalının və emalının 25 min tona çatdırılması nəzərdə tutulmaqla, Respublika Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 1992-ci ildə 7 min ton, 1993-cü ildə 10 min ton biyan kökü tədarük etməsinə dair dövlət sifarişi müəyyən edilsin.
5. Müəyyən edilsin ki:
bundan sonra respublikada istər təbii şəraitdə yığılan, istərsə də təsərrüfatlarda becərilən biyan kökünün istehsalı, tədarükü və emalı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin “Biyan” birliyi, eksperiment qaydasında isə Səhiyyə Nazirliyinin “Əczaçılıq və xalq təbabəti” Elm-İstehsal Birliyi məşğul olur. Biyan kökünün başqa təşkilatlar, müəssisələr və ayrı-ayrı şəxslər tərəfindən tədarük edilməsi qoyulmuş qaydanın pozulması hesab edilir və onlar bütün məhsul geri alınmaqla qüvvədə olan satınalma qiymətlərindən 3 qat artıq məbləğdə cərimə edilirlər;
respublikada tədarük edilən biyan kökünün hamısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sifarişinə uyğun olaraq ilk növbədə onun tələbatının tam ödənilməsinə yönəldilir;
əhali tərəfindən təhvil verilən məhsul üçün hesablaşmaların Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 12 iyun tarixli 252 №-li qərarı ilə müəyyən edilmiş qaydası “Biyan” birliyinə də şamil edilir.
Azərbaycan Respublikasının Prezidenti
A. MÜTƏLLİBOV.
Bakı şəhəri, 8 yanvar 1992-ci il.
№ 544.