AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
22.02.2005
QEYDİYYAT NÖMRƏSİ
32
ADI
"Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi Qaydası"nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2005, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 132)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.02.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi

"Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 90 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.   "Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2.   Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 22 fevral 2005-ci il

                      № 32

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 22 fevral tarixli 32 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 90 nömrəli Fərmanının 1.6-cı bəndinə uyğun olaraq fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində bütün hüquqi və fiziki şəxslərin əmlak və sosial hüquqlarını təmin etmək məqsədilə hazırlanmışdır.

1.2. Bu Qayda fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsini, dəymiş maddi zərərin ödənilməsini, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsini (bundan sonra - zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi) tənzimləyir.

1.3. Bu Qaydanın 1.2-ci bəndində göstərilmiş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçirilir.

1.4. Bu Qaydanın 1.2-ci bəndində göstərilmiş tədbirlər fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması tam başa çatanadək həyata keçirilir.

 

2. Zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərmək məqsədilə hazırlıq işlərinin yerinə yetirilməsi

 

2.1. Zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi məqsədilə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantının (bundan sonra - komendant) əmri ilə həmin ərazi üzrə yerli icra hakimiyyəti orqanının, mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, bələdiyyələrin nümayəndələrindən ibarət komissiya yaradılır və onun reqlamenti təsdiq edilir.

Zərurət yarandıqda, komissiyanın tərkibinə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fəaliyyət göstərən dövlət təşkilatlarının, hüquqi şəxslərin nümayəndələri, habelə həmin ərazidə yaşayan fiziki şəxslər daxil edilə bilər.

2.2. Zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi məqsədilə komissiya aşağıdakıları həyata keçirir:

a)   fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə ziyan dəymiş yaşayış yerlərinin (yaşayış evlərinin, yaşayış binalarının və digər yaşayış sahələrinin) siyahısını tərtib edir, onlara dəymiş ziyanın dərəcəsini müəyyənləşdirir;

b)   fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yerləşən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əmlaka (bu bəndin a) yarımbəndində göstərilən əmlak istisna olmaqla) dəymiş ziyanı müəyyən edir;

c)   fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində ölən və yaralananların sayını müəyyənləşdirir;

ç)   fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində iş yerlərindən məhrum olmuş şəxslərin sayını müəyyənləşdirir;

d)  fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində çıxarılmalı olan əhalinin və əmlakın sayı barədə ətraflı məlumat hazırlayır;

e)   çıxarılmalı olan əhalinin və əmlakın yerləşdirilməsi ilə bağlı təkliflər verir;

f)    zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi məqsədilə komendant tərəfindən verilmiş tapşırıqları yerinə yetirir.

2.3. Komissiya bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini müvafiq aktlarla rəsmiləşdirir və həmin aktların tərtib edildiyi andan bir gün müddətində komendanta təqdim edir. Aktda dəymiş zərərin müəyyən edilməsi üçün komissiya tərəfindən əsas kimi hesab edilən əsaslandırılmış şərtlər və zərərin məbləği göstərilməlidir.

 

3. Zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməkliyin göstərilməsi

 

3.1. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yerləşən yaşayış yerlərinə (yaşayış evlərinə, yaşayış binalarına və digər yaşayış sahələrinə), habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan digər əmlaka dəymiş ziyan komendantlıq tərəfindən ümumiləşdirilir və bununla bağlı müvafiq sənədlər ziyanın ödənilməsinə dair təkliflərlə iki gün müddətində Fövqəladə Hallar üzrə Dövlət Komissiyasına təqdim edilir.

Fövqəladə Hallar üzrə Dövlət Komissiyası təqdim edilən məlumatları araşdırıb təsdiq etdikdən sonra İki gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdimat verir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yerləşən yaşayış yerlərinə (yaşayış evlərinə, yaşayış binalarına və digər yaşayış sahələrinə), habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan digər əmlaka dəymiş ziyanın ödənilməsi barədə sərəncam qəbul edir. Sərəncamda ziyanın ödənilməsi qaydası, vaxtı, yeri, habelə bu işləri həyata keçirəcək icraçı təşkilatlar göstərilir.

Zərərin əvəzi natura və ya pul formasında ödənilə bilər. İlkin olaraq, minimum yaşayış üçün zəruri olan ərzaq məhsulları, məişət avadanlıqları, tibbi və s. natura formasında olan ləvazimat təxirəsalınmadan verilməlidir. Pul formasında yardımın göstərilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi büdcədən ayrılmış vəsaiti müəyyən edilmiş qaydada rayon (şəhər) yerli maliyyə orqanlarına köçürür. Yerli maliyyə orqanları həmin vəsaitin zərər çəkmiş şəxsin adına yaşadığı və ya qeydiyyatda olduğu ərazi üzrə açılmış bank hesablarına müəyyən edilmiş qaydada köçürülməsini təmin edirlər. Dəymiş zərərin məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq ödənilir. Komendant sərəncamın icrasına nəzarət edir.

3.2. Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində ölənlərin dəfn edilməsi və yaralananlara yardım göstərilməsi komendantın göstərişi əsasında müvafiq ərazinin aidiyyəti təşkilatları tərəfindən həyata keçirilir. Zərər çəkmiş şəxslərə tibbi xidmət respublikanın tibb müəssisələri tərəfindən göstərilir. [1]

Zərurət olduqda, bu prosesə komendantın müraciətinə əsasən qonşu ərazinin aidiyyəti təşkilatları cəlb edilir.

Ölənlərin dəfn edilməsi və yaralananlara yardım göstərilməsi ilə bağlı maliyyə vəsaitinin ayrılması bu Qaydanın 3.1-ci bəndinə uyğun həyata keçirilir.

3.3. Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində iş yerlərindən məhrum olmuş şəxslərin müvafiq işlə təmin olunması məqsədilə komendant həmin şəxslərin işə düzəldilməsi və ya işlə təmin etmək mümkün olmadıqda, çatışmayan iş yerlərinin yaradılması barədə müvafiq ərazidə fəaliyyət göstərən dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə müraciət edir.

Müəssisə, idarə və təşkilatlarda zərər çəkmiş şəxslərin işə düzəldilməsi üçün müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada kvotalar müəyyən edilə bilər.

Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün bərpa, qəza-xilasetmə və digər haqqı ödənilən ictimai işlər təşkil olunarkən bu işlərə ilk növbədə ixtisası və peşəsi uyğun gələn zərər çəkmiş şəxslərin cəlb olunmaq hüququ vardır.

Fövqəladə hallar şəraitində müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülmüş zərər çəkmiş şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən müvafiq işlə təmin edilirlər, bu mümkün olmadıqda isə "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əlavə tədbirlər həyata keçirilir. [2]

3.4. Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində çıxarılmalı olan əhali və əmlak komendantın göstərişi əsasında müvafiq ərazi daxilində, bu mümkün olmadıqda isə komendantın müraciəti ilə qonşu ərazidə müvəqqəti yerləşdirilir.

Əhalinin və əmlakın yerləşdirilməsi müvafiq ərazinin aidiyyəti təşkilatla-n tərəfindən həyata keçirilir.

Əhalinin və əmlakın yerləşdirilməsi ilə bağlı maliyyə vəsaitinin ayrılması bu Qaydanın 3.1-ci bəndinə uyğun həyata keçirilir.

Fövqəladə vəziyyətin tətbiqi nəticəsində zərər çəkmiş şəxslərə yaşayış yerləri verilərkən ailə üzvlərinin sayı və sosial tərkibi nəzərə alınmalıdır.

Zərər çəkmiş şəxslərin yaşayış yeri ilə təmin olunması başqa şəxslərin hüquqlarının pozulması ilə həyata keçirilməli deyil.

Zərər çəkmiş şəxsləri yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan binalarda yerləşdirmək mümkün olmadıqda, onlar xüsusi təşkil edilmiş düşərgələrdə yerləşdirilir.

3.5. Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması məqsədilə müvafiq dövlət orqanlarının qərarı ilə mülkiyyətçidən əmlak qanunla müəyyənləşdirilmiş qaydada və şərtlərlə, dəyəri mülkiyyətçiyə ödənilməklə cəmiyyətin mənafeləri üçün alına bilər.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 noyabr 2020-ci il tarixli 472 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1415)

2.       5 mart 2021-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 274)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 



[1] 30 noyabr 2020-ci il tarixli 472 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1415) ilə “Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi Qaydası”nın 3.2-ci bəndinin birinci abzasının ikinci cümləsində “ərazi səhiyyə orqanları” sözləri “tibb müəssisələri” sözləri ilə əvəz edilmişdir.

 

[2] 5 mart 2021-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 274) ilə “Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi Qaydası”nın 3.3-cü bəndinin dördüncü abzasında “məşğulluq xidməti orqanları” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status