AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
22.07.1992
QEYDİYYAT NÖMRƏSİ
238
ADI
Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 31-07-1992, Nəşr nömrəsi: 14, Maddə nömrəsi: 561)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
070.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında

Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikasının 1971-ci il 10 dekabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1971-ci il, № 23, maddə 190; 1973-cü il, № 17—18, maddə 158, № 24, maddə 215; 1975-ci il, № 7, maddə 52, № 15, maddə 125; 1977-ci il, № 5—6. maddə 34, № 13, maddə 91; 1978-ci il, № 9, maddə 77, № 14, maddə 139; 1980-ci il, № 1—2, maddə 3. № 6, maddə 83, № 19, maddə 191, № 21, maddə 223; 1982-ci il, № 24, maddə 288; 1983-cü il, № 23, maddə 215; 1987-ci il, № 19, maddə 179, № 21, maddə 215; 1988-ci il, № 5—6, maddə 31, № 8, maddə 59; 1990-cı il, № 13—14,. maddə 172; 1991-ci il, № 9—10, maddə 151; 1992-ci il, № 3, maddə 42) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1.   27-ci maddənin ikinci hissəsində “(238-ci maddə) tabelik qaydası ilə yuxarı orqana” sözləri “(236-cı maddə) yuxarı orqana” sözləri ilə əvəz edilsin.

2.    39-cu maddənin 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“1) müəssisənin, idarənin, təşkilatın (filialın, nümayəndəliyin, şöbənin və digər əlahiddə bölmənin) rəhbəri və onun müavinləri tərəfindən əmək vəzifələrinin bir dəfə kobud surətdə pozulması”.

3. 41-ci və 42-ci maddələr aşağıdakı redaksiyalarda verilsin:

Maddə 41. Müvafiq həmkarlar ittifaqı komitəsinin ilkin razılığı ilə və ya rəyi nəzərə alınmaqla müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması

Əmək müqaviləsi bu Məcəllənin 38-ci maddəsinin 1-ci (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi hallarından başqa), 1-1, 2, 5-ci bəndlərində göstərilən əsaslarla yalnız müvafiq həmkarlar ittifaqı komitəsinin ilkin razılığı ilə pozula bilər.

Əmək müqaviləsinin bu Məcəllənin 38-ci maddəsinin 3, 4, 7-ci bəndlərində və 39-cu maddəsinin 2-ci və 3-cü bəndlərində göstərilən əsaslarla pozulması müvafiq həmkarlar ittifaqı komitəsinin rəyi nəzərə alınmaqla həyata keçirilir. Həmkarlar ittifaqı komitəsinin mənfi rəyi əmək müqaviləsinin pozulmasına mane olmur.

Həmkarlar ittifaqı komitəsi qəbul edilmiş qərar haqqında on gün ərzində müdiriyyətə yazılı məlumat verir.

38-ci maddənin 3-cü, 4-cü, 7-ci və 8-ci bəndlərində göstərilən əsaslarla işdənçıxarma bu Məcəllənin 140-cı maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir.

M a d d ə 42. Müvafiq həmkarlar ittifaqı komitəsinin ilkin razılığı olmadan və ya rəyi nəzərə alınmadan müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması

Müvafiq həmkarlar ittifaqı komitəsinin razılığı olmadan və ya rəyi nəzərə alınmadan müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin təşəbbüsü ilə əmək müqaviləsinin pozulmasına aşağıdakı hallarda yol verilir:

müəssisə, idarə, təşkilat ləğv edildikdə;

işə qəbul zamanı təyin edilmiş sınağın nəticələri qənaətbəxş olmadıqda;

əvəzçiliklə işləməyən başqa işçinin işə qəbulu ilə əlaqədar əvəzçiliklə işləyənin işdən çıxarılması, habelə əvəzçiliklə işləmək üçün qanunvericiliklə nəzərdə tutulan məhdudlaşdırma ilə əlaqədar olaraq əvəzçiliklə işləyən işdən çıxarıldıqda;

əvvəllər həmin işi yerinə yetirmiş fəhlə və ya qulluqçu işə bərpa edildikdə;

müəssisədə, idarədə, təşkilatda fəaliyyət göstərən həmkarlar ittifaqının üzvü olmayan işçi işdən çıxarıldıqda;

həmkarlar ittifaqı komitəsi olmayan müəssisədə, idarədə, təşkilatda işləyən işdən çıxarıldıqda;

dövlət qanunvericilik orqanları, icra orqanları və yerli nümayəndəli orqanlar, habelə ictimai təşkilatlar və vətəndaşların digər birlikləri tərəfindən vəzifəyə seçilən, təsdiq edilən və ya təyin edilən müəssisə, idarə təşkilat (filial, nümayəndəlik, şöbə və digər əlahiddə bölmə) rəhbəri, onun müavinləri, məsul işçilər işdən çıxarıldıqda;

müsabiqə yolu ilə vəzifə tutan şəxslərin işə müsabiqə yolu ilə qəbul edilməsindən, yaxud müsabiqədən keçmədən vəzifəni müvəqqəti tutmasından asılı olmayaraq yeni müddətə seçilməməsi və ya müəyyən edilmiş qaydada tutduqları vəzifəyə uyğun gəlməyən hesab edilməsi ilə əlaqədar olaraq onlar işdən çıxarıldıqda».

4. 133-cü maddənin adında və mətnində, 134-cü maddənin ikinci hissəsində “İntizam nizamnamələri”, “intizam nizamnamələrində” sözləri müvafiq olaraq “intizam nizamnamələri və əsasnamələri”, “intizam nizamnamələrində və əsasnamələrində” sözləri ilə əvəz edilsin.

5.   135-ci maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində işçiyə həvəsləndirmə tədbiri tətbiq edilmir”.

6.   138-ci maddədə:

5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5) işdən çıxarma (38-ci maddənin 3, 4, 7 və 8-ci bəndləri, habelə 39-cu maddənin 1-ci bəndi)”;

ikinci hissə aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasının qanunvericilik aktlarında, intizam nizamnamələrində və əsasnamələrində fəhlə və qulluqçuların ayrı-ayrı kateqoriyaları üçün digər intizam tənbehləri də nəzərdə, tutula bilər”.

7.     Məcəlləyə aşağıdakı məzmunda 139-1-ci maddə əlavə edilsin;

“Maddə 139-1. İntizam tənbehini tətbiq etmək səlahiyyəti olan orqanlar

İntizam tənbehini müəyyən işçini işə qəbul etmək (vəzifəyə seçmək, təsdiq etmək və ya təyin etmək) hüququna malik olan orqan tətbiq edir.

İntizam nizamnamələri, əsasnamələri və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına görə intizam məsuliyyəti daşıyan işçilərə bu maddənin birinci hissəsində göstərilən orqanlardan yuxarı orqanlar tərəfindən də intizam tənbehi verilə bilər.

Seçkili vəzifələr tutan işçilər ancaq onları seçmiş orqanın qərarı ilə və yalnız qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla işdən çıxarıla bilərlər”.

8.   140, 141, 142 və 143-cü maddələr aşağıdakı redaksiyada verilsin: 

“Maddə 140. İntizam tənbehinin tətbiqi qaydası

İntizam tənbehi tətbiq edilməzdən əvvəl işçidən yazılı izahat tələb edilməlidir.

İntizam tənbehi xata bilavasitə aşkara çıxarılan kimi. lakin işçinin xəstə olduğu və ya məzuniyyətdə olduğu vaxt hesaba alınmadan xatanın aşkar edildiyi gündən bir aydan gec olmayaraq tətbiq edilir.

Tənbeh xatanın törədildiyi gündən altı aydan gec olmayaraq, maliyyə-təsərrüfat fəaliyyətinin təftişi və ya yoxlanmasının nəticələrinə görə isə onun törədildiyi gündən iki ildən gec olmayaraq tətbiq edilə bilər. Cinayət işi üzrə icraatın vaxtı həmin müddətə daxil edilmir.

 İntizam tənbehinin tətbiq edilməsi haqqında əmr (sərəncam) və ya qərar onun tətbiq edilməsinin səbəbləri göstərilməklə tənbeh verilmiş işçiyə elan edilir (bildirilir) və bu barədə ona imza. etdirilir.

Maddə 141. İntizam tənbehi tətbiq edilərkən nəzərə alınan hallar

İntizam tənbehi tətbiq edilərkən törədilən xatanın ağırlığı, onun törədilməsi zamanı olmuş hallar, işçinin əvvəlki davranışı, əməyə münasibəti nəzərə alınmalıdır.

Maddə 142. Bir xata üstündə bir neçə tənbehin tətbiq edilməsinin yolverilməzliyi

Hər xata üstündə yalnız bir intizam tənbehi tətbiq edilə bilər.

Maddə 143. İntizam tənbehindən şikayət verilməsi

İntizam tənbehindən qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verilə bilər.

Əmək mübahisəsinə baxan orqanın törədilmiş xatanın ağırlığını, onun törədilməsi zamanı olmuş halları, işçinin əvvəlki davranışını, əməyə münasibətini, habelə intizam tənbehinin törədilmiş xatanın ağırlığına uyğun gəlib-gəlmədiyini nəzərə almağa ixtiyarı vardır”.

9. 144-cü və 145-ci maddələr çıxarılsın.

10. 146-cı maddədə “verilən” sözü “tətbiq edilən” sözləri ilə əvəz edilsin.

11. 147-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin: “Tənbeh olunan yeni xata törətməsə və özünü vicdanlı işçi kimi göstərərsə, tənbeh tətbiq etmiş orqan öz təşəbbüsü ilə, bilavasitə rəhbərin və ya əmək kollektivinin vəsatəti ilə birillik müddət qurtarmamış tənbehi geri götürə bilər”.

12. XV fəsil aşağıdakı redaksiyada verilsin:

 

“XV fəsil

 

ƏMƏK MÜBAHİSƏLƏRİ

 

Maddə 221. Əmək mübahisələrinə baxan orqanlar

Əməyə dair qanunvericilik və digər normativ aktların, kollektiv əmək müqaviləsinin və digər əmək sazişlərinin tətbiq edilməsi məsələləri barəsində əmək mübahisələrinə aşağıdakılar baxırlar:

1)     əmək mübahisələri komissiyaları;

2)     müəssisələrin, idarələrin, təşkilatların (bölmələrin) həmkarlar ittifaqı komitələri;

3)     rayon (şəhər) xalq məhkəmələri.

İşçilərin bəzi kateqoriyalarının ayrı-ayrı məsələlərə dair əmək mübahisələrinə yuxarı orqanlar baxırlar (bu Məcəllənin 236-cı maddəsi).

İşçi üçün yeni əmək şəraiti müəyyən etməyə və ya onun mövcud əmək şəraitini dəyişməyə dair əmək mübahisələrini verilmiş hüquqlar hüdudunda müəssisənin, idarənin, təşkilatın müdiriyyəti və müvafiq həmkarlar ittifaqı komitəsi həll edir.

M a d d ə 222. Əmək mübahisələrinə baxılması qaydası

Əmək mübahisələrinə müəssisələrin, idarələrin, təşkilatların əmək mübahisələri komissiyaları, həmkarlar ittifaqı komitələri və yuxarı orqanlar tərəfindən baxılması qaydası Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzim edilir, əmək mübahisələri ilə bağlı işlərə rayon (şəhər) məhkəmələrində baxılması qaydası isə bundan əlavə həm də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilir.

M a d d ə 223. Əmək mübahisələri komissiyasının seçilməsi qaydası

Əmək mübahisələri komissiyası işçilərinin sayı azı 15 nəfər olan müəssisənin, idarənin, təşkilatın (bölmənin) əmək kollektivinin ümumi yığıncağında (konfransında) seçilir. Səslərin əksəriyyətini toplamış və lehinə ümumi yığıncaqda (konfransda) iştirak edənlərin yarıdan çoxunun səs verdiyi şəxslər komissiyanın tərkibinə seçilmiş hesab edilirlər.

Komissiyanın seçilməsi qaydasını, üzvlərinin sayını, tərkibini və səlahiyyət müddətini müəssisənin, idarənin, təşkilatın əmək kollektivinin ümumi yığıncağı (konfransı) müəyyən edir.

Əmək mübahisələri komissiyası öz tərkibindən sədr, sədrin müavinlərini və komissiyanın katibini seçir.

Müəssisənin, idarənin, təşkilatın əmək kollektivinin ümumi yığıncağının (konfransının) qərarı ilə bölmələrdə əmək mübahisələri komissiyaları yaradıla bilər. Bu komissiyalar bölmələrin kollektivləri tərəfindən seçilir və müəssisələrin, idarələrin, təşkilatların əmək mübahisələri komissiyalarının fəaliyyətində rəhbər tutulan əsaslarla fəaliyyət göstərirlər.

Bölmələrin əmək mübahisələri komissiyalarında əmək mübahisələrinə bu bölmələrin səlahiyyəti hüdudunda baxıla bilər.

M a d d ə 224. Əmək mübahisələri komissiyalarının səlahiyyətli olması

Əmək mübahisələri komissiyaları müəssisələrdə, idarələrdə, təşkilatlarda (bölmələrdə) meydana çıxan əmək mübahisələrinə baxılmasında hökmən ilkin orqandır.

Əmək mübahisələri komissiyalarının iclasında onun tərkibinə seçilmiş üzvlərin azı üçdə iki hissəsi iştirak edərsə, iclas səlahiyyətli sayılır.

İşçi müstəqil surətdə və ya onun mənafeyini təmsil edən həmkarlar ittifaqı təşkilatının iştirakı ilə müəssisənin, idarənin, təşkilatın (bölmənin) müdiriyyəti ilə bilavasitə danışıqlarda fikir ayrılıqlarını aradan qaldıra bilməmişdirsə, əmək mübahisəsinə əmək mübahisələri komissiyasında baxılmalıdır.

Maddə 225. Əmək mübahisələri komissiyaları tərəfindən baxılmalı olmayan mübahisələr

Bu Məcəllə ilə və başqa qanunvericilik aktları ilə baxılmasının digər qaydası müəyyən edilən mübahisələrə əmək mübahisələri: komissiyaları tərəfindən baxıla bilməz.

M a d d ə 226. Əmək mübahisələri komissiyasının qətnaməsi

Əmək mübahisələri komissiyası qətnaməni iclasda olan komissiya üzvlərinin səs çoxluğu ilə qəbul edir. Qətnamədə aşağıdakılar göstərilir: müəssisənin, idarənin, təşkilatın (bölmənin) adı; komissiyaya müraciət edən işçinin familiyası, adı, atasının adı; komissiyaya müraciət edildiyi tarix, mübahisəyə baxıldığı tarix, mübahisənin mahiyyəti; iclasda iştirak etmiş komissiya üzvlərinin, müdiriyyət və həmkarlar ittifaqı komitəsi nümayəndələrinin familiyaları; səsvermənin nəticələri və komissiyanın əsaslandırılmış qərarı.

Komissiyanın qətnaməsinin surətləri üç gün müddətində işçiyə və müəssisənin, idarənin, təşkilatın (bölmənin) müdiriyyətinə təqdim edilir.

Maddə 227. Əmək mübahisələri komissiyalarının qətnamələrindən şikayət verilməsi

Marağı olan işçi və ya müdiriyyət komissiyanın qətnaməsinin surəti ona təqdim edildiyi gündən etibarən on gün ərzində komissiyanın qətnaməsində öz mülahizəsinə görə ya bu Məcəllənin 229-cu maddəsində sadalanmış hallar istisna edilməklə müəssisənin, idarənin, təşkilatın (bölmənin) həmkarlar ittifaqı komitəsinə, ya da bilavasitə xalq məhkəməsinə şikayət verə bilər. Göstərilən müddətin ötürülməsi ərizəni qəbul etməkdən imtina üçün əsas ola bilməz. Müəssisənin, idarənin, təşkilatın (bölmənin) həmkarlar ittifaqı komitəsi, habelə xalq məhkəməsi müddətin ötürülməsi səbəblərini üzürlü hesab edərək bu müddəti bərpa edə bilər və mübahisəyə mahiyyətcə baxa bilərlər.

Əmək mübahisələri komissiyasının qətnaməsindən razı olmayan mübahisə tərəflərindən biri həmkarlar ittifaqı komitəsinə, digəri isə məhkəməyə müraciət edərsə, mübahisə məhkəmə tərəfindən həll edilir.

M a d d ə 228. Əmək mübahisələrinə müəssisənin, idarənin, təşkilatın (bölmənin) həmkarlar ittifaqı komitəsi tərəfindən baxılması qaydası

Fəhlə və ya qulluqçu, yaxud müdiriyyət əmək mübahisələri komissiyasının qətnaməsindən razı olmayanda qanunvericilikdə mübahisəyə baxılmasının başqa qaydası nəzərdə tutulmamışdırsa, onların ərizələri ilə əmək mübahisələrinə müəssisənin, idarənin, təşkilatın (bölmənin) həmkarlar ittifaqı komitəsi baxır. həmkarlar ittifaqı komitəsi mübahisənin mahiyyəti barəsində qərar çıxarır.

Həmkarlar ittifaqı komitəsinin iclasında onun tərkibinə seçilmiş üzvlərin yarıdan çoxu iştirak etdikdə iclas səlahiyyətli sayılır.

Müəssisənin, idarənin, təşkilatın (bölmənin) həmkarlar ittifaqı komitəsi əmək mübahisələrinə dair ərizəyə onun verildiyi vaxtdan on gün müddətində baxır.

Həmkarlar ittifaqı komitəsinin qərarı əmək mübahisələri komissiyasının qətnaməsinə yönələn tələblərə (bu Qanunun 226-cı maddəsi) cavab verməlidir.

Qərarın surətləri marağı olan işçiyə və müəssisənin, idarənin, təşkilatın (bölmənin) müdiriyyətinə üç gün müddətində təqdim edilir.

M a d d ə 229. Həmkarlar ittifaqı komitəsində baxılmayan mübahisələr

Müəssisənin, idarənin, təşkilatın (bölmənin) həmkarlar ittifaqı komitəsi əmək mübahisələri komissiyasının qətnaməsi ilə razılaşmayan işçinin və ya müdiriyyətin ərizəsi əsasında əmək mübahisələrinə aşağıdakı mübahisələr istisna edilməklə baxır:

1)   ictimai təşkilatların və vətəndaşların başqa birliklərinin işçilərinin onları seçmiş orqanların qərarı ilə seçkili pullu vəzifədən vaxtından əvvəl azad edilməsi haqqında mübahisələr;

2)    hakimlərin, prokurorların, onların müavinlərinin və köməkçilərinin, habelə prokurorluğun müstəntiqlərinin işdən azad edilmə, işdən azad edilmənin tarixinin və səbəblərinin ifadəsinin dəyişdirilməsi, başqa işə keçirilmə, məcburi iş buraxma üçün və ya azmaaşlı işin yerinə yetirilməsi müddəti üçün haqq ödəmə və intizam tənbehi verilməsi məsələlərinə dair mübahisələri;

3)     işçi və ya müdiriyyət əmək mübahisələri komissiyasının qərarı ilə razılaşmadıqda tərəflərdən biri bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edərsə işçinin və ya müdiriyyətin ərizəsi üzrə mübahisələr;

4)     müəssisədə, idarədə, təşkilatda (bölmədə) bir neçə həmkarlar ittifaqı varsa işçilər və ya müdiriyyət əmək mübahisələri komissiyasının qərarı ilə razılaşmadıqda onların və ya müdiriyyətin ərizəsi üzrə mübahisələr;

5)    bilavasitə rayon (şəhər) xalq məhkəmələrində baxılan mübahisələr.

M a d d ə 230. Həmkarlar ittifaqı komitəsinin qərarından şikayət verilməsi

Marağı olan işçi və ya müdiriyyət həmkarlar ittifaqı komitəsinin qərarından qəbul edildiyi gündən etibarən on gün ərzində məhkəməyə şikayət verə bilər.

Bu maddədə müəyyən edilmiş müddət üzürlü səbəblərə görə ötürülərsə, həmin müddət məhkəmə tərəfindən bərpa edilə bilər.

Maddə 231. Əmək mübahisələri komissiyası qətnaməsinin və həmkarlar ittifaqı komitəsi qərarının müdiriyyət tərəfindən icra müddəti

Bu Məcəllənin 240-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna edilməklə əmək mübahisələri komissiyasının qətnaməsindən və ya həmkarlar ittifaqı komitəsinin qərarından şikayət verilməsi üçün (bu Məcəllənin 227-ci və 230-cu maddələri) nəzərdə tutulmuş on gün müddət başa çatdıqdan sonra həmin qətnamə və ya qərar üç gün ərzində müəssisənin, idarənin, təşkilatın (bölmənin) müdiriyyəti tərəfindən icra edilməlidir.

Maddə 232. Əmək mübahisələri komissiyasının qətnaməsinin və həmkarlar ittifaqı komitəsinin qərarının məcburi icrası

Əmək mübahisələri komissiyasının qətnaməsi və ya həmkarlar ittifaqı komitəsinin qərarı müəyyən edilmiş müddətdə müəssisənin, idarənin, təşkilatın (bölmənin) müdiriyyəti tərəfindən icra edilməzsə (bu Məcəllənin 231-ci maddəsi) işçiyə müvafiq olaraq müəssisənin, idarənin, təşkilatın əmək mübahisələri komissiyası və ya həmkarlar ittifaqı komitəsi tərəfindən icra vərəqəsi qüvvəsinə malik olan vəsiqə verilir.

İşçi və ya müəssisənin, idarənin, təşkilatın (bölmənin) müdiriyyəti əmək mübahisəsinin aradan qaldırılması barədə ərizə ilə müəyyən edilmiş müddətdə həmkarlar ittifaqı komitəsinə və ya rayon (şəhər) xalq məhkəməsinə müraciət edərsə (bu Məcəllənin 227-ci və 230-cu maddələri), vəsiqə verilmir.

Müəssisənin, idarənin, təşkilatın əmək mübahisələri komissiyası və ya müəssisənin, idarənin, təşkilatın həmkarlar ittifaqı komitəsi tərəfindən verilmiş və üç aylıq müddətdən gec olmayaraq rayon (şəhər) xalq məhkəməsinə təqdim edilmiş vəsiqə əsasında məhkəmə icraçısı əmək mübahisəsi komissiyasının və ya həmkarlar ittifaqı komitəsinin qərarını məcburi qaydada icra edir.

İşçi müəyyən edilmiş üç aylıq müddəti üzürlü səbəbə görə ötürərsə vəsiqə vermiş müəssisənin, idarənin, təşkilatın əmək mübahisələri komissiyası və ya müəssisənin, idarənin, təşkilatın həmkarlar ittifaqı komitəsi bu müddəti bərpa edə bilər.

Maddə 233. Rayon (şəhər) xalq məhkəmələrində əmək mübahisələrinə baxılması

Rayon (şəhər) xalq məhkəmələrində əmək mübahisələrinə aşağıdakıların ərizələrinə əsasən baxılır:

1)     əmək mübahisələri komissiyasının qərarı ilə razılaşmayan fəhlənin, qulluqçunun, müdiriyyətin və ya həmkarlar ittifaqı komitəsinin ərizəsinə əsasən;

2)     Həmkarlar ittifaqı komitəsinin qərarı ilə razılaşmayan fəhlənin, qulluqçunun və ya müdiriyyətin ərizəsinə əsasən;

3)     müəssisədə, idarədə, təşkilatda (bölmədə) bir neçə həmkarlar ittifaqı varsa, əmək mübahisəsi komissiyasının qətnaməsi ilə razılaşmayan fəhlənin, qulluqçunun və ya müdiriyyətin ərizəsinə əsasən;

4)     əmək mübahisələri komissiyasının qətnaməsi və ya həmkarlar ittifaqı komitəsinin qərarı qanunvericiliyə zidd olarsa, prokurorun ərizəsinə əsasən.

Bilavasitə rayon (şəhər) xalq məhkəmələrində əmək mübahisələrinə aşağıdakıların ərizəsinə əsasən baxılır:

1) əmək mübahisələri komissiyası seçilməyən müəssisələrin, idarələrin, təşkilatların fəhlə və qulluqçularının ərizələrinə əsasən;

2)     işçilərin mübahisəsinə baxılmasının başqa qaydası nəzərdə tutulan mübahisələr istisna edilməklə, əmək müqaviləsinin dayandırılmasının əsaslarından asılı olmayaraq işə bərpa edilmək, işdən çıxarılmanın tarixini və səbəblərinin ifadəsini dəyişdirmək, məcburi işburaxma və ya azmaaşlı işin yerinə yetirilməsi zamanı haqq ödəmək barəsində fəhlə və qulluqçuların ərizələrinə əsasən;

3)     müəssisəyə, idarəyə təşkilata vurulmuş maddi zərərin əvəzinin fəhlə və ya qulluqçu tərəfindən ödənilməsi haqqında müdiriyyətin ərizəsinə əsasən;

4)     qüvvədə olan qanunvericiliyə müvafiq surətdə - müəssisənin, idarənin, təşkilatın (bölmənin) müdiriyyətinə və həmkarlar ittifaqı komitəsinə verilmiş hüquqlar hüdudunda onların həll etdikləri əmək qanunvericiliyinin tətbiqi məsələsinə dair fəhlələrin və qulluqçuların ərizələri əsasında.

Bilavasitə rayon (şəhər) xalq məhkəmələrində aşağıdakıların işə qəbul olunmasından imtina edilməsi haqqında mübahisələrə də baxılır:

köçürmə qaydasında başqa müəssisədən, idarədən, təşkilatdan işə dəvət edilmiş şəxslərin;

ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmiş gənc mütəxəssislərin, habelə texniki peşə məktəbini bitirib müəyyən edilmiş qaydada müvafiq müəssisəyə, idarəyə, təşkilata işləməyə göndərilmiş şəxslərin;

müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin qanunvericiliyə uyğun surətdə əmək müqaviləsi bağlamalı olduğu digər şəxslərin.

Əgər müəssisənin, idarənin, təşkilatın müdiriyyəti fəhlə və ya qulluqçu ilə əmək müqaviləsini müvafiq həmkarlar ittifaqı komitəsinin razılığını almadan (bu Məcəllənin 41-ci maddəsi) pozmuş-dursa, məhkəmə iş üzrə icraatı dayandırır. Məhkəmə həmkarlar ittifaqı komitəsinin razılığını və ya rəyini aldıqdan sonra mübahisəyə mahiyyətcə baxır.

Maddə 234. Rayon (şəhər) xalq məhkəmələri tərəfindən baxılmalı olmayan mübahisələr

Rayon (şəhər) xalq məhkəmələri aşağıdakı mübahisələrə baxmırlar:

1)     ictimai təşkilatların və vətəndaşların digər birliklərinin işçilərinin onları seçmiş orqanların qərarı ilə seçkili pullu vəzifədən vaxtından əvvəl azad edilməsi haqqında mübahisələrə;

2)     əmək mübahisələrinə yuxarı orqanlar tərəfindən baxılan bəzi işçi kateqoriyalarının mübahisələrinə (bu Məcəllənin 236-cı maddəsi).

M a d d ə 235. Əmək mübahisələri üzrə iddiaçı olan işçilərin məhkəmə xərclərini ödəməkdən azad edilməsi

İşçilər əmək münasibətlərindən irəli kələn tələblər üzrə rayon (şəhər) xalq məhkəməsinə müraciət edərkən məhkəmə xərclərini dövlətin nəfinə ödəməkdən azad edilirlər.

M a d d ə 236. İşdən çıxarılma, başqa işə keçirilmə və intizam tənbehi verilməsi məsələləri üzrə bəzi işçi kateqoriyalarının mübahisələrinə baxılması

İşdən çıxarılma, işdən çıxarılmanın tarixini və səbəblərinin ifadəsini dəyişdirmə, başqa işə keçirilmə, məcburi işburaxma və ya azmaaşlı işin yerinə yetirilməsi müddəti üçün haqq ödəmə və intizam tənbehi verilməsi məsələləri üzrə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının ali dövlət qanunvericilik və icra orqanları tərəfindən seçilən, təsdiq edilən və ya təyin edilənlərin əmək mübahisələrinə yuxarı orqanlar tərəfindən baxılır.

M a d d ə 237. Əmək mübahisələrinə baxılmasına dair yuxarı orqanların qəbul etdikləri qətnamələr

İşçi işdən çıxarılanda və ya qanuni əsas olmadan onun barə-sində intizam tənbehi tətbiq ediləndə yuxarı orqan qərarın, əmrin (sərəncamın) ləğv edilməsi barədə qətnamə qəbul edir.

İntizam tənbehi barədə əmək mübahisəsinə baxılarkən yuxarı orqan işçi barəsində daha şiddətli intizam tənbehi tədbiri tətbiq edə bilməz, lakin intizam xatasının törədildiyi konkret şəraiti, işçinin əvvəlki işini və davranışını nəzərə alaraq tətbiq edilmiş intizam tənbehi tədbirini daha mülayim tədbirlə əvəz edə bilər.

Maddə 238. Əmək mübahisələrinin aradan qaldırılması üçün müraciətin müddətləri

İşçi öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən etibarən üç ay ərzində əmək mübahisələri komissiyasına, rayon (şəhər) xalq məhkəməsinə, əmək mübahisəsi üzrə qərar qəbul etməyə səlahiyyəti olan yuxarı dövlət hakimiyyət və idarəetmə orqanına, işdən çıxarılma məsələləri barəsində isə işdən çıxarılmasına dair qərarın, əmrin (sərəncamın) surəti ona təqdim edilən gündən, yaxud əmək kitabçası ona verilən gündən etibarən bir ay ərzində rayon (şəhər) xalq məhkəməsinə, ali dövlət hakimiyyət və idarəetmə orqanına müraciət edə bilər.

Müəssisəyə, idarəyə, təşkilata vurulmuş maddi zərərin əvəzinin işçidən tutulması məsələləri barəsində müdiriyyətin məhkəməyə müraciət etməsi üçün işçinin vurduğu zərərin aşkar edildiyi gündən etibarən bir illik müddət müəyyən edilir.

Yuxarı orqan və ya prokuror məhkəməyə müraciət edəndə də həmin müddət tətbiq edilir.

Bu maddədə müəyyən edilmiş müddətlər üzürlü səbəblərə görə ötürüldükdə müvafiq surətdə əmək mübahisələri komissiyası, məhkəmə və ya yuxarı orqan həmin müddətləri bərpa edə bilər və mübahisəni mahiyyətcə həll edə bilər.

İşə bərpa etməkdən imtina edilməsi haqqında məhkəmənin və ya yuxarı orqanın qətnaməsinin qanuni qüvvəyə mindiyi andan iki il keçdikdən sonra verilmiş şikayətlərə baxılmır.

M a d d ə 239. İşə bərpa etmə

Fəhlə və ya qulluqçu qanuni əsas olmadan və ya işdən çıxarmanın müəyyən edilmiş qaydası pozulmaqla işdən çıxarıldıqda, yaxud. qanunsuz olaraq başqa işə keçirildikdə əmək mübahisəsinə baxan orqan onu əvvəlki işinə bərpa etməlidir.

Həmkarlar ittifaqı komitəsi işçinin işdən çıxarılmasına razılıq verməkdən imtina etdikdə (bu Məcəllənin 41-ci maddəsinin birinci hissəsi) məhkəmə onun işə bərpa edilməsi haqqında qət-namə qəbul edir.

Maddə 239-1. Əmək mübahisələri üzrə bəzi qətnamələrin və qərarların dərhal icra edilməsi

Qanunsuz olaraq işdən çıxarılan və ya başqa işə keçirilən işçinin əvvəlki işinə bərpa etmək haqqında əmək mübahisələrinə baxan orqanın çıxardığı qətnamə dərhal icra edilməlidir.

Müəssisənin, idarənin, təşkilatın müdiriyyəti qanunsuz olaraq işdən çıxarılan və ya başqa işə keçirilən işçini işə bərpa etmək haqqında məhkəmənin qərarının icrasını ləngitsə, işçini işə bərpa etmək haqqında qərar çıxarmış məhkəmə ləngidilən müddət üçün işçiyə orta əmək haqqının və ya əmək haqqındakı fərqin ödənilməsi barədə qərardad çıxarır.

Yuxarı orqanın müvafiq qətnaməsinin icrası ləngidilərkən, ləngidilən müddət üçün işçiyə orta əmək haqqının və ya əmək haqqındakı fərqin ödənilməsi barədə qərarı bu orqan qəbul edir.

M a d d ə 239-2. Pul tələblərinin ödənilməsi

Məcburi boşdayanma müddəti üçün işçiyə orta aylıq əmək haqqının və ya azmaaşlı işin yerinə yetirildiyi vaxt üçün əmək haqqındakı fərqin ödənilməsi tələbindən başqa pul tələbləri haqqında əmək mübahisələrinə baxılarkən mübahisəyə baxan orqan ən çoxu üç il üçün işçiyə çatası məbləğin ödənilməsi barədə qətnamə çıxarmaq hüququna malikdir.

M a d d ə 239-3. Qanunsuz olaraq işdən çıxarılmış işçiyə məcburi işburaxma müddəti üçün haqqın və ya qanunsuz olaraq azmaaşlı işə keçirilmiş işçiyə əmək haqqındakı fərqin ödənilməsi

Əmək mübahisəsinə baxan orqan işə bərpa etmək haqqında qətnamə qəbul edərkən eyni zamanda işçiyə işdən çıxarıldığı gündən etibarən məcburi iş buraxdığı müddət üçün orta əmək haqqının və ya azmaaşlı işi yerinə yetirdiyi müddət üçün əmək haqqındakı fərqin ödənilməsi barədə qətnamə də qəbul edir, lakin ödəniş ən çoxu bir il üçün ola bilər.

Əmək kitabçasında işdən çıxarılmanın səbəbinin düzgün göstərilməməsi və ya bu səbəbin ifadəsinin qüvvədə olan qanunvericiliyə uyğun gəlməməsi işçinin yeni işə girməsinə mane olduğu hallarda məcburi işburaxma müddəti üçün haqqı da əmək mübahisəsinə baxan orqanın qərarı ilə həmin məbləğdə ödənir».

13.  251-4-cü maddənin ikinci hissəsindən aşağıdakı sözlər çıxarılsın:

“Rəhbərlərin, ustaların işdən çıxarılmaq haqqında, briqadirlərin isə briqadaya rəhbərlik etməkdən azad olunmaq barəsində şikayətlərinə yuxarı təsərrüfat və həmkarlar ittifaqı orqanları tərəfindən birgə baxılır”.

14.   271-ci maddənin birinci hissəsində “əmək mübahisələrinə tabelik qaydası ilə baxılan işçilərin kateqoriyalarını (238-ci maddə)” sözləri “əmək mübahisələrinə yuxarı orqan tərəfindən baxılan işçi kateqoriyalarını (maddə 236)” sözləri ilə əvəz edilsin.

15.   Məcəllənin mətnində “Azərbaycan SSR”, “Nazirlər Soveti”, “Azərbaycan SSR-in Prokuroru” sözləri müvafiq surətdə “Azərbaycan Respublikası”, “Nazirlər Kabineti”, “Azərbaycan Respublikasının Baş prokuroru” sözləri ilə ismin müvafiq hallarında əvəz

edilsin.

II. Aşağıdakılar qüvvəsini itirmiş hesab edilsin:

İşdən çıxarılmaq, işdən çıxarma səbəblərinin ifadəsini dəyişdirmək, başqa işə keçirmək və intizam tənbehi qoymaq məsələlərinə dair əmək mübahisələri tabelik qaydası ilə yuxarı orqanlar tərəfindən həll edilən işçi kateqoriyalarının siyahısı (Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinə 5 nömrəli əlavə);

İşdən çıxarılma işçinin müəyyən edilmiş qaydada tutduğu vəzifəyə münasib hesab edilməməsi ilə əlaqədardırsa və ya onun yeni müddət üçün seçilməməsi ilə əlaqədardırsa işdən çıxarılmaq və ya işdən çıxarma səbəblərinin ifadəsini dəyişdirmək məsələlərinə dair əmək mübahisələri tabelik qaydası ilə yuxarı orqanlar tərəfindən həll edilən işçilər kateqoriyalarının siyahısı (Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinə 6 nömrəli əlavə).

“Tabelik qaydasında intizam məsuliyyəti haqqında Əsasnamənin yeni redaksiyasının təsdiq edilməsi barəsində” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Azərbaycan SSR XKS-nın 1930-cu il 3 fevral tarixli qərarı (Azərbaycan SSR Qanunları külliyyatı, 1930-cu il, № 6, maddə 111).

III. Həmin Qanun dərc edildiyi gündən qüvvəyə minsin.

 

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

 

Bakı şəhəri, 22 iyul 1992-ci il.

               № 238.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status