AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
16.07.1992
QEYDİYYAT NÖMRƏSİ
50
ADI
Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fondunun yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 31-07-1992, Nəşr nömrəsi: 14, Maddə nömrəsi: 576)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.07.1992
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fondunun yaradılması haqqında

Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fondunun yaradılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının öz qızıl ehtiyatını və almaz fondunu yaratmaq məqsədilə qərara alıram:

1.   Qiymətli metalların, daş-qaşın və onlardan hazırlanmış məmulatın və digər qiymətli əşyaların qəbulu, saxlanması və uçotu üçün Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fondu yaradılsın.

2.   Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fondunun tabeliyinə verilsin.

3.   Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fonduna tapşırılsın ki, iki həftə müddətində Fond haqqında Əsasnaməni hazırlayıb müəyyən olunmuş qaydada Nazirlər Kabinetinə təqdim etsin.

4.   Məhkəmə-istintaq orqanları, gömrükxanalar, satınalma məntəqələri, lombardlar və digər müəssisələr, idarələr və təşkilatlar əllərində olan müsadirə edilmiş, satın alınmış, geri götürülməmiş bütün qiymətli metalları, daş-qaşı və onlardan hazırlanmış məmulatı, habelə tullantıların tərkibində olan və istehsalda istifadə edilməyən qiymətli metalları və daş-qaşı Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fonduna təhvil versinlər.

5.   Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fonduna respublika əhalisi, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərdən onların təmənnasız vermək istədikləri şəxsi zərgərlik məmulatını və digər qiymətli əşyaları qəbul etmək hüququ verilsin.

6.   Azərbaycan Respublikasının Sərvətlər anbarında yığılmış bütün qiymətli metallar, daş-qaş və onlardan hazırlanmış məmulat Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fonduna verilsin.

7.   Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Milli Ləl-Cəvahirat Fondunun maliyyə-təsərrüfat fəaliyyətini təmin etmək üçün lazımi tədbirlər görsün.

8.   Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 mart tarixli “Azərbaycan Respublikasının Sərvətlər anbarının yaradılması haqqında” Fərmanı öz qüvvəsini itirmiş hesab edilsin.

9.   Bu Fərman imzalandığı andan qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

 

Bakı şəhəri, 16 iyul 1992-ci il.

№ 50.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status