×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
28.10.1999
QEYDİYYAT NÖMRƏSİ
724-IQ
ADI
Əmək miqrasiyası haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2000, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 3)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
060.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Əmək miqrasiyası haqqında

Əmək miqrasiyası haqqında [1]

 

 AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasında əmək miqrasiyası proseslərinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir, əmək miqrasiyası sahəsində yaranan münasibətləri tənzimləyir.

I fəsil
Ümumİ müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakılardır:

əmək miqrasiyası - fiziki şəxslərin əmək fəaliyyəti ilə məşğul olmaq üçün yaşayış yerini dəyişməsi;

daxili əmək miqrasiyası - fiziki şəxslərin əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasının ərazisində yaşayış yerini dəyişməsi;

əməkçi miqrant - haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün qanuni əsaslarla bir ölkədən başqa ölkəyə miqrasiya edən fiziki şəxs;

əməkçi miqrantın ailə üzvləri - əməkçi miqrantın arvadı (əri), 18 yaşına çatmamış uşaqları və himayəsində olan valideynləri;

sərhədyanı əmək miqrasiyası - sərhədyanı yaşayış məntəqələrində daimi yaşayan şəxslərin əmək fəaliyyəti ilə məşğul olmaq üçün gün ərzində həmsərhəd dövlətin ərazisinə gedib-qayıtması;

əmək miqrasiyası kvotası - əmək fəaliyyətini həyata keçirmək üçün bir il ərzində Azərbaycan Respublikasına gəlmələrinə icazə verilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - əcnəbi) sayının son həddi.

Maddə 2. Əmək miqrasiyası haqqında qanunvericilik

Əmək miqrasiyası haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Əmək Məcəlləsindən, bu Qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericiliyindən və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.

Maddə 3. Bu Qanunun şamil edilmədiyi şəxslər

Bu Qanun aşağıdakı şəxslərə şamil edilmir:

işlədiyi ölkədə daimi yaşayanlara;

sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara;

beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbər işçilərinə;

diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə;

beynəlxalq təşkilatlarda işləyənlərə;

üç aydan çox olmayan müddətdə ezamiyyətdə olanlara;

müvafiq icra hakimiyyəti orqanı tərəfindən işə cəlb edilənlərə;

dövlət qeydiyyatına alınmış dini təşkilat və cəmiyyətlərdə dini fəaliyyətlə məşğul olanlara;

kütləvi informasiya vasitələrinin akkreditə olunmuş əməkdaşlarına;

dənizçilərə;

idmançılara və incəsənət işçilərinə;

ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə, mühazirəçilərə və elmi tədqiqat işləri aparan mütəxəssislərə.

II fəsil
Əcnəbİlərİn azərbaycan respublİkasına əmək mİqrasİyası

Maddə 4. Əcnəbilərin Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə bağlı əsas şərtlər

18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasına gələ bilər.

Əcnəbilərin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir.

Maddə 5. Əcnəbilərin Azərbaycan Respublikasında işə cəlb olunması

Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri (bundan sonra-hüquqi və fiziki şəxslər) əcnəbiləri Azərbaycan Respublikasında işə cəlb edə bilərlər. Hüquqi və fiziki şəxslər əcnəbi işçi qüvvəsini cəlb etmək üçün qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanından icazə almalıdırlar.

Hüquqi və fiziki şəxslər icazə əsasında işə cəlb etdikləri əcnəbiləri yalnız öz yanlarında işlə təmin etməli və bu barədə əcnəbilərlə əmək müqaviləsi bağlamalıdırlar. Əcnəbi öz ölkəsini tərk etməzdən əvvəl həmin müqavilənin bir nüsxəsi ona çatdırılmalıdır. Əcnəbilərin, başqa hüquqi və ya fiziki şəxsin yanında işlə təmin etmək məqsədi ilə Azərbaycan Respublikasında işə cəlb olunmasına yol verilmir.

Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin rəhbərləri və onların müavinləri vəzifələrinə cəlb olunan əcnəbilər, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilər üçün icazə alınması tələb olunmur. [2]

Hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb etdikləri əcnəbilər, həmçinin onlarla əmək müqaviləsinin bağlanması və pozulması haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verirlər.

Maddə 6. Əcnəbilərin əmək fəaliyyəti

Əcnəbilər haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazə (bundan sonra - fərdi icazə) aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilərlər.

Əcnəbilər fərdi icazələrin alınması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına, onları işə qəbul etmək istəyən hüquqi və fiziki şəxslər vasitəsilə müraciət etməlidirlər.

Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin rəhbərləri və onların müavinləri vəzifələrinə cəlb olunan əcnəbilər, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilər üçün fərdi icazə alınması tələb olunmur.

Maddə 7. Azərbaycan Respublikasında əməkçi miqrantın hüquqi vəziyyəti

Qanuni əsaslarla Azərbaycan Respublikasına gələn və qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə alan əcnəbilər əməkçi miqrant hesab edilirlər.

Maddə 8. Əməkçi miqrantın Azərbaycan Respublikasına gəlməsi, qalması və qayıtması

Əməkçi miqrantın Azərbaycan Respublikasına gəlməsi, qalması və qayıtması qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Hüquqi və fiziki şəxslər tərəfindən işə cəlb olunan əcnəbiqanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasına gələ bilər. [3]

Əməkçi miqranta fərdi icazənin qüvvədə olduğu müddətə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilir. [4]

Əməkçi miqrant qanunvericiliklə müəyyən olunmuş qaydada əmək müqaviləsini pozmaq və Azərbaycan Respublikasını azad tərk etmək hüququna malikdir.

Fərdi icazənin müddəti bitdikdə və ya əmək müqaviləsi pozulduqda əməkçi miqrant Azərbaycan Respublikasını tərk etməlidir. Əmək müqaviləsi əməkçi miqrantdan asılı olmayan səbəblərdən vaxtından əvvəl pozulduqda əməkçi miqrantın və onun ailə üzvlərinin geriyə qayıtması ilə bağlı xərclər onu işə qəbul edən hüquqi və ya fiziki şəxs tərəfindən ödənilir.

Əməkçi miqrant bu Qanunun müddəaları pozulmaqla Azərbaycan respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda Azərbaycan Respublikasından çıxarılır və əməkçi miqrantın və onun ailə üzvlərinin geriyə qayıtması ilə bağlı xərclər onu işə qəbul edən hüquqi və ya fiziki şəxs tərəfindən ödənilir.

Maddə 9. Əcnəbilərin Azərbaycan Respublikasına təkrar əmək miqrasiyası

Əcnəbinin Azərbaycan Respublikasına əmək miqrasiyasına təkrar icazə, əcnəbi Azərbaycan Respublikasında axırıncı əmək fəaliyyətinin başa çatdığı gündən etibarən 1 ildən az olmayan müddətdə Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadıqdan sonra verilə bilər.

Maddə 10. Əməkçi miqrantların və onların ailə üzvlərinin sosial müdafiəsi

Əməkçi miqrantları və onların ailə üzvləri müvafiq olaraq, əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşları və onların ailə üzvləri üçün müvafiq qanunvericiliklə nəzərdə tutulmuş eyni sosial müdafiə hüquqlarına (pensiya təminatı istisna olmaqla) malikdirlər.

Əməkçi miqrantların və onların ailə üzvlərinin pensiya təminatı Azərbaycan Respublikasının ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələri ilə tənzimlənir.

Hüquqi və ya fiziki şəxslərlə əməkçi miqrant arasında bağlanan əmək müqavilələrində əməkçi miqrantın sosial müdafiəsinin yaxşılaşdırılmasına şərait yaradan digər şərtlər nəzərdə tutula bilər.

Əməkçi miqrantların ailələri ilə birləşmələrinə məhdudiyyət qoyulması qadağandır.

Maddə 11. Əmək miqrasiyası kvotası

Əcnəbilərin Azərbaycan Respublikasına əmək miqrasiyasını tənzimləmək məqsədi ilə əmək miqrasiyası kvotası tətbiq edilir.

Əmək miqrasiyası kvotası immiqrasiya kvotasının tərkib hissəsidir. Onun müəyyən edilməsi və tətbiqi immiqrasiya kvotasının müəyyən edilməsi və tətbiqi qaydasında həyata keçirilir.

III fəsil
Azərbaycan respublİkası vətəndaşlarının xarİcİ ölkələrə əmək mİqrasİyası

Maddə 12. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə əmək fəaliyyəti

18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər.

Azərbaycan Respublikası vətəndaşları xarici hüquqi və ya fiziki şəxslərin birbaşa dəvəti, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi ilə və ya fərdi yolla xarici ölkələrdə işə düzələ bilərlər.

Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda 1 ay müddətində Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliklərində qeydiyyatdan keçməli və həmin ölkədə işləmələri barədə rəsmi sənəd təqdim etməlidirlər. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri bu barədə 1 ay müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər.

Xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının işlədikləri ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri olmadıqda, onlar 1 ay müddətində işləmələri barədə rəsmi sənədi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərməlidirlər.

Maddə 13. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik

Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik edə bilərlər.

Hüquqi şəxslər bu sahədə fəaliyyət göstərmək üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada xüsusi razılıq almalıdırlar.

Vasitəçilik fəaliyyətini həyata keçirməyə hüquq verən xüsusi razılıq almış hüquqi şəxslər, onların xarici ölkələrin hüquqi və ya fiziki şəxsləri ilə bağladıqları müqavilələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdən sonra həmin müqavilələr əsasında Azərbaycan Respublikası vətəndaşlarını xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb edə bilərlər.

Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə bağladıqları müqavilələrdə və təklif olunan əmək müqavilələrində Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsinin beynəlxalq normalara müvafiq təmin olunması nəzərdə tutulmalıdır.

Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər təklif olunan əmək müqaviləsinin bir nüsxəsinin, əməkçi miqrant Azərbaycan Respublikasını tərk etməzdən əvvəl ona çatdırılmasını təmin etməlidirlər. Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin göstərdikləri xidmətə görə əməkçi miqrantlardan haqq almalarına yol verilmir.

Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb etdikləri Azərbaycan Respublikası vətəndaşları haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verirlər.

Fiziki şəxslərin bu sahədə fəaliyyət göstərmələri qadağandır.

Maddə 14. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə əmək miqrasiyasının məhdudlaşdırılması

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə əmək miqrasiyasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı ixtisaslar üzrə müvəqqəti məhdudiyyətlər qoyula bilər.

IV fəsil
Əmək mİqrasİyasının tənzİmlənməsİ

Maddə 15. Əmək miqrasiyasının dövlət tənzimi

Dövlət, əməkçi miqrantların Azərbaycan Respublikasında işə cəlb olunmasına kvota tətbiq edilməsi, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə icazə verilməsi, əcnəbilərin hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasında işə cəlb edilməsinə xüsusi razılıq və əcnəbilərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin verilməsi yolu ilə, həmçinin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə əmək miqrasiyasını tənzimləyir. [5]

Müvafiq icra hakimiyyəti orqanı əcnəbilərin Azərbaycan Respublikasında əmək fəaliyyətinin qanuniliyinə, onların sosial müdafiəsinin təmin olunmasına, hüquqi və fiziki şəxslərin əmək miqrasiyası sahəsindəki fəaliyyətinə nəzarəti həyata keçirir.

Maddə 16. Əmək miqrasiyası ilə bağlı icazələr

Azərbaycan Respublikası ərazisində əcnəbi işçi qüvvəsini cəlb etmək və ondan istifadə etmək üçün icazənin, əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin və hüquqi şəxslərin Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılığın verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. [6]

Fərdi icazələrin müddəti 1 ildən çox olmamalıdır. Fərdi icazələr, onların verilməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilə və ya 4 dəfədən çox olmamaqla onların müddəti uzadıla bilər.

Bu Qanunda nəzərdə tutulan xüsusi razılıqlar, onların verilməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilə, qüvvəsi müvəqqəti dayandırıla və ya müddəti uzadıla bilər.

Azərbaycan Respublikasında əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazə almış əcnəbilər haqqında məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir. [7]

Maddə 17. Əmək miqrasiyası ilə bağlı rüsumlar

Hüquqi və fiziki şəxslər, əcnəbilərin Azərbaycan Respublikasında işə cəlb edilməsinə icazənin və əcnəbilərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin alınmasına və onların müddətinin uzadılmasına görə, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər isə bu fəaliyyətlə məşğul olmaq üçün xüsusi razılığın alınmasına və müddətinin uzadılmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəyirlər. [8]

Maddə 18. Əməkçi miqrantın qazandığı vəsaitin, əl alətlərinin və daşınan avadanlıqların gətirilməsi və çıxarılması

Əməkçi miqrantın qazandığı vəsaitin və bu vəsaitlə əldə etdiyi əşyaların, məişət avadanlıqlarının, həmçinin əmək fəaliyyəti üçün zəruri olan alətlərin, əməkçi miqrant əmək fəaliyyətinə başladıqda və əmək fəaliyyəti sona çatdıqda Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılmasına görə rüsum ödənilmir.

Maddə 19. Əməkçi miqrantın gəlirlərindən ödəmələr

Azərbaycan Respublikası ərazisində qanuni əsaslarla fəaliyyət göstərən əməkçi miqrant Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş vergiləri ödəyir.

Əməkçi miqrantın gəlirlərinin ikiqat və əlavə vergiyə cəlb olunması qadağandır.

Maddə 20. Sərhədyanı əmək miqrasiyası

Sərhədyanı əmək miqrasiyası Azərbaycan Respublikasının dövlətlərarası beynəlxalq müqavilələri ilə tənzimlənir. Belə müqavilələrin sərhədyanı əmək miqrasiyası ilə bağlı müddəaları yalnız Azərbaycan Respublikasının sərhədyanı yaşayış məntəqələrinə şamil edilir.

Bu maddənin müddəaları istisna olmaqla bu Qanunla müəyyən edilən qaydalar sərhədyanı əmək miqrasiyasına şamil edilmir.

Maddə 21. Daxili əmək miqrasiyası

Daxili əmək miqrasiyası Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

Bu maddənin müddəaları istisna olmaqla, bu Qanunla müəyyən edilən qaydalar daxili əmək miqrasiyasına şamil edilmir.

Maddə 22. Bu Qanunun pozulmasına görə məsuliyyət

Hüquqi və fiziki şəxslər bu Qanunun pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 28 oktyabr 1999-cu il
№ 724-IQ

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938)

2.       2 oktyabr 2008-ci il tarixli 694-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 oktyabr 2008-ci il, № 243, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 10, maddə 886 )

3.       30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 22 iyul 2009-cu il, № 158, “Azərbaycan” qəzeti  28 iyul 2009-cu il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 519)

4.       2 iyul 2013-cü il tarixli 713-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 10 iyul 2013-cü il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 797)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 2 iyul 2013-cü il tarixli 713-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 10 iyul 2013-cü il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 797) ilə 724-IQ nömrəli Qanunu ləğv edilmişdir.

 

[2] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 5-ci maddənin birinci-üçüncü hissələrində "xüsusi razılıq" sözləri "icazə" sözü ilə əvəz edilmişdir.

 

[3] 30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  28 iyul 2009-cu il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 519) ilə 8-ci maddəsinin ikinci hissədə “, müvafiq icra hakimiyyəti orqanının fərdi icazə əsasında verdiyi Azərbaycan Respublikasında əmək fəaliyyətini həyata keçirməyə hüquq verən viza ilə” sözləri “qanunla müəyyən olunmuş qaydada” sözləri ilə əvəz edilmişdir.

 

[4] 30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  28 iyul 2009-cu il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 519) ilə 8-ci maddəsinin üçüncü hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Əməkçi miqrantın Azərbaycan Respublikasında qalmasına hüquq verən qanunvericilikdə nəzərdə tutulan sənədlər fərdi icazənin qüvvədə olduğu müddətə verilir.

 

[5] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 15-ci maddənin birinci hissəsində "xüsusi razılıq" sözləri "icazə" sözü ilə əvəz edilmişdir.

 

[6] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 16-cı maddənin birinci hissəsində "xüsusi razılığın" sözləri "icazənin" sözü ilə əvəz edilmişdir.

 

[7] 2 oktyabr 2008-ci il tarixli 694-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 oktyabr 2008-ci il, № 243, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 10, maddə 886) ilə 16-cı maddəsinə yeni məzmunda dördüncü hissə əlavə edilmişdir.

 

[8] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 17-ci maddədə "xüsusi razılığın" sözləri "icazənin" sözü ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status