070.000.000
080.000.000
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Respublikada işçi qüvvəsi bazarını formalaşdırmaq və tənzimləmək, dövlət tərəfindən əhalinin, ilk növbədə onun əmək qabiliyyətli olmayan hissəsinin və pensiyaçıların sosial müdafiəsini təmin etmək, işləyənlərin həyat səviyyəsinin, aşağı düşməsinin qarşısını almaq üçün tədbirlər həyata keçirmək, ayrı-ayrı dövlət sosial proqramları hazırlamaq və onların icrasını təmin etmək məqsədilə və “Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Əmək və Sosial Məsələlər Komitəsi ləğv edilsin və onların bazasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradılsın.
2. Akif Əkbər oğlu Kərimov Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilsin.
A. Ə. Kərimovun Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilməsi Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verilsin.
3. A. Ə. Kərimova tapşırılsın ki, bir ay müddətinə nazirliyin Əsasnaməsini və strukturunu hazırlayıb müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Prezidentinin təsdiqinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Fərmandan irəli gələn məsələləri həll etsin.
5. Bu Fərman imzalandığı andan qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY.
Bakı şəhəri, 10 dekabr 1992-ci il.
№ 356.