Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət qaydalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Nəqliyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli, 165 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
Bakı şəhəri, 30 iyun 2000-ci il
№ 110
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 30 iyun tarixli, 110 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət
Qaydaları
[1]
Bu Qaydalar "Nəqliyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli, 165 nömrəli Fərmanına əsasən hazırlanmışdır və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarətin həyata keçirilməsini müəyyən edir.
I. Dəmir yolunda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət
1.1. Dəmir yolu nəqliyyatı işçilərinin əsas vəzifəsi daşınan yüklərin hərəkət təhlükəsizliyini və mühafizəsini şərtsiz yerinə yetirməklə sərnişinlərin və yüklərin daşınmasına olan tələbatı ödəməkdən ibarətdir.
Qatarların hərəkəti ilə əlaqəsi olan hər bir işçi texniki istismar qaydalarının və hərəkət təhlükəsizliyinin yerinə yetirilməsi üçün öz vəzifəsi dairəsində məsuliyyət daşıyır.
1.2. Dəmir yolu stansiyaları, vağzallar, daşıma prosesləri ilə əlaqədar başqa bölmələr, dəmir yolu qatarlarının hərəkəti və manevr işi, yükləmə və boşaltma sahələri yüksək təhlükəli zonalardır və lazım gəldikdə onlar çəpərlənir.
1.3. Dəmir yollarının tikililəri və qurğular daima saz vəziyyətdə saxlanılmalıdır. Tikili və qurğuların vəziyyətinə görə cavabdeh olan işçi birinci növbədə onlarda nasazlıq yaranmasının qarşısının alınmasını və xidmət müddətinin uzadılmasını təmin etməlidir.
1.4. Dəmir yolu ilə təhlükəli yüklərin daşınması üçün mülkiyyət formasından asılı olmayaraq birliklərə, müəssisə və təşkilatlara məxsus və ya onlar tərəfindən icarəyə götürülmüş, yalnız bu məqsədlər üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz, xüsusiləşdirilmiş vaqon və konteynerlərdən, həmçinin "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Parkında olan universal vaqon və konteynerlərdən istifadə edilməlidir.
Hərəkətə təhlükə yarada bilən nasazlığı olan hərəkət tərkibini istismara buraxmaq və qatarlarda hərəkət etməsi, eləcə də daşınan yükün mühafizəsini təmin edə bilməyən yük vaqonlarını qatarlara qoşmaq qadağandır.
1.5. Yük göndərənlər (yükalanlar) təhlükəli yüklərin daşınması üçün xüsusi ayrılmış örtülü vaqonları yüklərin göndərilməsi şərtinə uyğun hazırlamalıdırlar
Yükgöndərənin (yükalanın) xüsusiləşdirilmiş vaqonlarda yükləri bərkitmək üçün lazımi avadanlıq olmalıdır, eləcə də belə vaqonlar istismar üzrə zavodun hazırlayıb təsdiq etdiyi təlimata əsasən bütün vasitələrlə təmin olunmalıdır.
1.6. Hərəkət heyəti, həmçinin xüsusiləşdirilmiş hərəkət heyəti və konteynerlər, yolun üst quruluşunun elementləri, başqa texniki vasitələr, dəmir yoluna təqdim olunan mexanizmlər hərəkət təhlükəsizliyinin tələblərinə uyğun olmalıdır.
1.7. Təhlükəli yüklərin istehsalı, saxlanması, yüklənməsi, boşaldılması və daşınma obyektləri dəmir yolunun ümumi istifadə yollarından və qurğularından təhlükəsizlik təmin olunan məsafədə yerləşməlidir.
Təhlükəli və tezalışan yüklü qatarların tərtibatı, onlarla manevr işləri və onların stansiyadan buraxılması ümumi qaydalardan başqa, dəmir yolunun təlimatlarının tələbləri əsasında aparılır.
Təhlükəli yükləri göndərən və qəbul edən stansiyalar belə yüklərin müvəqqəti olaraq xüsusi yollarda saxlanılmasını təmin etməlidir.
Təhlükəli yüklər daşınacaq vaqonlar texniki xidmət məntəqəsinin işçiləri tərəfindən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mövcud qayda, təlimat və normativ sənədlərinin tələblərinə uyğun tam həcmdə yoxlanılaraq, texniki cəhətdən saz vəziyyətdə və hərəkətin təhlükəsizliyini təmin edə biləcək dərəcədə yüklənməyə təqdim edilməlidir.
Təhlükəli yüklərin daşınması zamanı hərəkətin təhlükəsizliyinin tam həcmdə təmin edilməsi üçün göndərmə stansiyalarında vaqonlar yüklənməmişdən əvvəl texniki qeydiyyatdan keçməsi haqqında məlumat üzərində "Xidməti istifadə üçün" sözləri qeyd olunmuş ayrıca kitabda qeyd edilir.
Təhlükəli yükü olan qatarlar stansiyaya yaxınlaşarkən, stansiya növbətçisi stansiyanın giriş-çıxış svetoforlarının göstərişi, hansı yol ilə və icazə verilən sürətlə hərəkət etməsi barədə radio-rabitə vasitəsi ilə lokomotiv briqadasına mütləq məlumat verməlidir. Mənzillərdə qarşılaşan qatarların lokomotiv briqadaları biri digərinə radio-rabitə vasitəsi ilə hərəkət heyətlərinin normal vəziyyətdə olub-olmaması barədə müəyyən edilmiş qayda üzrə məlumat verməlidir.
1.8. Vaqonların depo və əsaslı təmiri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyinin tərtib etdiyi qaydada və təlimata əsasən müəyyən edilmiş müddətlərdə və texnologiya üzrə aparılmalıdır.
Məlumat hesablama mərkəzində qeydiyyata alınmayan sənaye, təşkilat müəssisələrinə məxsus vaqonların ümumi magistral yola buraxılması qadağandır.
Qatarlara verilmək üçün lokomotiv depolardan çıxmazdan əvvəl, vaqonların müvafiq təlimatlara uyğun tam saz vəziyyətdə olması depo nəzdində təşkil edilmiş komissiya tərəfindən yoxlanılmalıdır.
1.9. Dəmir yolunun yol təsərrüfatının saz saxlanılması və hərəkət təhlükəsizliyini təmin etmək üçün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin qayda və təlimatlarına, eləcə də normativ təsərrüfat sənədlərinə aşağıda göstərilən qaydada müvafiq nəzarət edilməlidir:
baş və qəbul-göndərmə yollarının cari saxlanılma vəziyyəti ayda bir dəfədən az olmayaraq, baş və qəbul-göndərmə yolları yolölçən və defektoskop apqonlarla yoxlanılmalıdır;
müəyyən edilmiş vəzifə normativlərinə uyğun olaraq, dəmir yolu təsərrüfatının texniki vasitələri dəmir yolu distansiyası, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbər işçiləri, stansiya rəisləri, eləcə də dəmir yolu hərəkətinin təhlükəsizliyi üzrə inspektorları tərəfindən yoxlanılmalıdır.
1.10. Dəmir yolunun ümumi istifadə yolu ilə kəsişən və yaxud yaxınlığında yerləşən qaz və neft kəmərlərinin təhlükəsiz istismarı üçün onlara nəzarət edən orqanlar məsuliyyət daşıyırlar. Göstərilən obyektlərin sahibləri onların təhlükəsizliyinin təmin edilməsini qorxu altına alan qəza hadisəsinin yaranması haqqında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə müvafiq tədbirlər görülməsi üçün dərhal məlumat verməlidirlər.
1.11. Xüsusi təhlükəli yükləri müşayiət edən nümayəndələr göndərmə stansiyasının müvafiq işçiləri tərəfindən qəza və qeyri-standart hallarda onların vəzifələri haqqında müvafiq normativ sənədlər üzrə təlimatlandırılmalıdırlar.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti təhlükəli və xüsusi yüklərin daşınmasında hərəkət təhlükəsizliyinin pozulması ilə əlaqədar baş vermiş qəza hadisəsinin aradan qaldırılmasını bərpa və yanğınsöndürən qatarlar vasitəsi ilə öz texniki imkanları çərçivəsində təmin etməlidir. Bərpa və yanğınsöndürən qatarlar hadisə yerinə dəmir yolunda qüvvədə olan qayda üzrə göndərilir.
Tərkibində təhlükəli yükləri olan, qəzaya uğramış qatarlarda bərpa işlərinin görülməsi daşıma sənədlərinə əlavə edilmiş qəza kartoçkalarının tələbinə uyğun aparılmalıdır.
Dəmir yolu ilə xüsusi təhlükəli yüklərin yükgöndərənləri və yükalanları həmin yüklərin təhlükəsiz yüklənib-boşaldılmasına və daşınmasına təminat verməli, əgər daşınma zamanı qəza hadisəsi baş verərsə, onun aradan qaldırılması üçün xüsusi vasitələrə və səfərbər bölmələrə malik olmalıdır.
1.12. Qəza hadisələrini aradan qaldırmaq üçün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin tələbi ilə yükgöndərənin (yükalanın) qüvvəsi və vəsaitləri cəlb edilməli və qısa müddətdə onların hadisə yerinə getmələri təmin edilməlidir.
Təhlükəli yüklərlə baş vermiş qəza hadisəsi zamanı hadisənin nəticələrinin aradan qaldırılması üçün mövcud qanunvericiliyə uyğun şəkildə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi tərəfindən respublikanın müvafiq təşkilatlarından mütəxəssislər cəlb edilir.
II. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət
2.1. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, mexaniki avtonəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının (bundan sonra — avtonəqliyyat vasitələri) texniki vəziyyətinə nəzarət edilməsini, eləcə də mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslərlə qarşılıqlı fəaliyyət formalarını müəyyən edir.
2.2. Yollarda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan avtonəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrinin tətbiqi ilə həyata keçirilir.
[2]
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin əməkdaşlarının vəzifələri "Yol hərəkəti haqqında", "Polis haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir və onlar müəyyən edilmiş müvafiq formalı geyimdə olmalı, fərqləndirici döş nişanları və xüsusi xidmət vəsiqəsi ilə təmin edilməlidirlər.
2.3. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət onları dövlət qeydiyyatına alan və müvafiq səlahiyyəti olan orqanlar tərəfindən aşağıdakı əsas istiqamətlərdə aparılır:
2.3.1. Avtonəqliyyat müəssisələrində bu tədbirlərə aşağıdakılar aiddir:
texniki qulluq və cari təmirin müvafiq istehsalat-texniki bazasında yerinə yetirilməsi;
texniki sazlığın müayinəsi;
texniki qulluğun keçirilməsi;
təmirlərə sifarişlərin vaxtında verilməsi və onların yerinə yetirilməsi;
nasazlıq üzündən baş vermiş yol-nəqliyyat hadisələrinin qeydiyyatı;
əvvəlki texniki baxışın nəticəsinə görə avtonəqliyyat vasitələrinin texniki vəziyyəti;
texniki vəziyyəti müayinə etmək üçün istifadə olunan nəzarət-ölçü cihazlarının mövcudluğu, metroloji attestasiyadan keçmələri və onlardan istifadə qaydaları;
istismara buraxılan avtonəqliyyat vasitələrinin ətraf mühitə zərərli təsirinin qəbul edilmiş normativlər həddində olmasının təmin edilməsi;
sürücülərin reysqabağı, reysdən sonra və dövri tibbi müayinədən keçməsinin təşkili.
2.3.2. Avtomobil yollarında avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət:
a) Avtomobil yollarında avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət "Yol hərəkəti haqqında" Qanunun tələblərinə riayət edilməklə aparılır. Belə ki, texniki vəziyyəti yol - nəqliyyat hadisəsi törədə biləcək ehtimalı aşkar müşahidə olunan, xarici görünüşü səliqəsiz və ya həmin Qanunun 1 nömrəli əlavəsində göstərilən tələblərə uyğun gəlməyən avtonəqliyyat vasitələri saxlanılaraq, müvafiq qaydada müayinə olunur. Bu zaman avtonəqliyyat vasitəsinin texniki vəziyyətinə nəzarət mümkün qədər qısa müddət ərzində aparılmalı, müayinə zamanı digər hərəkət iştirakçılarına maneçilik törədilməməlidir.
b) Yollarda təcili yardım, yanğınsöndürmə, poçtdaşıyan, inkasator, texniki-qəza xidməti, daxili işlər və dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının əməliyyat avtomobilləri və hərbi avtomobillər, partlayıcı, yanğın təhlükəli, radioaktiv və başqa təhlükəli yük daşıyan nəqliyyat vasitələri, içərisində sərnişin olan avtobus və taksilər, trolleybus və tramvaylar texniki vəziyyətə görə müayinə edilmək məqsədi ilə saxlanılmır.
[3]
2.4. Avtonəqliyyat vasitələrinə texniki-təmir stansiyalarında və texniki-təmir sahələrində texniki qulluğun göstərilməsi və təmirin aparılması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş texniki norma və tələblərə uyğun həyata keçirilir.
[4]
Texniki təmir stansiyalarında və texniki təmir sahələrində yol-nəqliyyat hadisələri nəticəsində zədələnmiş nəqliyyat vasitələrinin təmirə qəbul edilib Daxili İşlər Nazirliyinin verdiyi müvafiq arayış əsasında aparılması işlərinin vəziyyəti Daxili İşlər Nazirliyi tərəfindən öyrənilir, nöqsanlar barədə akt tərtib edilir və bu sahə üzrə nəzarət orqanına tədbir görülməsi üçün göndərilir.
2.5. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət edilməsinə onları qeydiyyata alan orqanın əsas vəzifələrinə aşağıdakılar aiddir:
avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə texniki baxışlararası müddətlərdə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən avtonəqliyyat vasitələrinin istismarını qadağan etmək;
[5]
avtonəqliyyat vasitələrinin konstruksiyasının hazırlanmasına və yenidən quraşdırılmasına, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsinə icazə vermək və yol hərəkəti təhlükəsizliyinin tələblərinə, dövlət standartlarına, normativ sənədlərə uyğun olmasına nəzarət etmək;
mürəkkəb quruluşlu avadanlıqlaşdırma aparılan avtonəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi ilə bağlı tələblərə uyğunluğu baxımından texniki layihə sənədlərinə müvafiq rəylər vermək, onların sınaqlarının keçirilməsində iştirak etmək, tələblərə cavab verməyən nümunələr barədə müvafiq orqanlara təqdimatlar göndərmək;
avtonəqliyyat vasitələrinin zərərli tullantılarından ətraf mühitin qorunması sahəsində qüvvədə olan qaydaların, normativlərin, standartların tələblərinə riayət edlməsinə nəzarəti həyata keçirmək;
təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr, idarələr, təşkilatlar və fiziki şəxslər tərəfindən yol hərəkətinin təhlükəsizliyinin təmin olunması sahəsində qüvvədə olan qaydaların, normativlərin və standartların tələblərinə riayət edilməsinə müstəqil və ya müvafiq səlahiyyətli orqanlarla birlikdə nəzarət etmək.
2.6. Avtonəqliyyat vasitələrinin konstruksiyasının hazırlanmasına nəzarət texniki tapşırığın, texniki layihənin, avtonəqliyyat vasitəsinin sınağı və istehsala qəbulu texniki şərtlərin razılaşdırılması mərhələlərində aparılır. Həmin sənədlər razılaşdırılarkən aşağıdakı məlumatlar yoxlanılmalıdır:
məmulatın tətbiqolunma sahəsinin qısa xarakteristikası;
avtonəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş yol şəraiti və istismar rejimi, sürət və güc hədləri;
çəki parametrləri (təchiz olunmuş halda kütləsi, tam kütləsi, yük götürməsi, sərnişinlərin sayı, qoşqunun tam kütləsi, tam kütlənin oxlar üzrə paylanması);
tormozlanma yolu, yavaşıma təcili, tormoz qüvvəsi, onun oxlar və təkərlər üzrə paylanma xarakteristikası;
yolun işıqlanan sahəsi;
minimal və qabarit dönmə radiusları;
yol hərəkətinin təhlükəsizliyi üzrə digər tələblər.
Sənədlərin razılaşdırılması 30 gün müddətində yerinə yetirilməlidir. Müəyyən edilmiş standartların tələblərinə uyğun olmayan, layihə sənədləri düzgün hazırlanmayan və ya sənədlərdə çatışmazlıqlar olan və yaxud onların dövlət qeydiyyatını aparan orqanlar ilə razılaşdırılmayan sənədlər əsasında hazırlanan avtonəqliyyat vasitələrinin istismarı qadağan edilir. Həmin sənədlər geri qaytarılır və layihənin çatışmayan cəhətləri orada göstərilir.
2.7. Avtonəqliyyat vasitələrinin sınağını və istehsala qəbulunu sınaq məmulatı hazırlayan hüquqi şəxsin təyin etdiyi komissiyalar həyata keçirməlidir. Sınağın keçiriləcəyi yer komissiya tərəfindən müəyyən edilir. Komissiyanın tərkibinə yol hərəkətinin təhlükəsizliyi üzrə elmi-tədqiqat institutlarının, laboratoriyalarının, həmçinin məmulatın layihə sənədlərinin razılaşdırılması mərhələsinə nəzarət edən orqanlar daxil edilməlidir.
Sınaqların nəticəsi üzrə qəbul komissiyası müəyyən olunmuş formada protokol və qəbul aktı tərtib etməlidir. Nümunələr sınaqlara davam gətirmədiyi hallarda akt imzalanana qədər protokola konstruksiyanı təkmilləşdirmək barədə təkliflər yazılır. Konstruksiyaların yenidən işlənmiş tərkib hissələri təkrar sınaqdan keçirilir.
2.8. Nəzərdə tutulmuş bütün sənədlərin razılaşdırılması və aparılmış sınaqların müsbət nəticəsi əsasında layihə təşkilatlarına istehsal olunan məmulatların istismara buraxılması üçün əsas hesab edilən konstruksiyaların razılaşdırılması barədə şəhadətnamə, xüsusi təyinatlı minik avtomobilləri üçün isə əlavə olaraq avadanlığın quraşdırılması sxemi verilir.
2.9. Respublikada hazırlanması üçün layihə sənədləri tələb olunmayan avadanlıqların avtonəqliyyat vasitələrinə quraşdırılmalarının siyahısını müvafiq olaraq həmin nəqliyyat vasitələrinə texniki baxış keçirən orqanlar müəyyən edir.
Layihə sənədlərinin işlənib hazırlanması və razılaşdırılması nəzərdə tutulmayan nəqliyyat vasitələrinə fərdi qaydada hazırlanmış minik avtomobilləri, amfibiyalar, minik avtomobillərinin qoşquları, motosikl (motorollerlər) və onların yanına qoşulmuş kolyaskalar, habelə sadə formada yenidən quraşdırılan avtonəqliyyat vasitələri aiddir.
Fərdi qaydada hazırlanmış minik avtomobillərinin, motosikl və onların konstruksiyalarının şəhər (rayon) "Avtomobilçi" Cəmiyyətinin texniki komissiyaları və yol hərəkətinin təhlükəsizliyi üzrə Elmi Tədqiqat İnstitutu (laboratoriyası) tərəfindən müəyyən edilmiş texniki tələblərə uyğunluğu yoxlanılır. Avtomobillər, motosikllər və qoşqular texniki tələblərə uyğun gəldikdə, komissiya və ya institut (laboratoriya) tərəfindən Dövlət Yol Polisi İdarəsinə təqdim edilmək üçün rəy (cizgi, sxem və fotoşəkillər əlavə edilmək şərti ilə) yazılır və həmin rəy avtonəqliyyat vasitələrini qeydiyyata götürmək və istismar etmək üçün əsas sayılır. Zavod tərəfindən istehsal olunan avtonəqliyyat vasitələrinin fərdi qaydada ehtiyat hissələrdən yığılmasına icazə verilmir
2.10. Yol hərəkətinin təhlükəsizliyinə nəzarətin, habelə nəqliyyat vasitələrinin fasiləsiz və rahat hərəkətinin təmin olunması məqsədilə sərnişin daşımalarının marşrutlarının sxemi və qısa xarakteristikası şəhərlərarası marşrutlar üzrə Baş Dövlət Yol Polisi İdarəsi ilə, şəhərdaxili və digər marşrutlar üzrə ərazi polis orqanlarının dövlət yol polisi şöbələri (bölmələri) ilə razılaşdırılmalıdır.
[6]
2.10. "Azəravtonəqliyyat" Dövlət Konserni "Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin və yük daşınmasına, nəqliyyat-ekspeditor xidmətlərinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları"na müvafiq olaraq, şəhər (rayon) daxilində isə lisenziya verən orqan lisenziya almış hüquqi və fiziki şəxslər tərəfindən göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən lisenziya qaydalarına riayət edilməsini yoxlayır.
Lisenziya verilərkən yol hərəkəti təhlükəsizliyinə nəzarətin təmin olunması məqsədi ilə sərnişin və yük daşımalarına cəlb edilən nəqliyyat vasitələrinin Dövlət Yol Polisi tərəfindən texniki müayinədən keçirilməsi barədə verilmiş sənədin, hüquqi şəxsin mütəxəssislərinin tərkibi və ixtisası, o cümlədən yol hərəkəti təhlükəsizliyi üzrə mütəxəssis haqqında təqdim olunan məlumatların yoxlanılması xüsusi razılıq (lisenziya) verən orqan tərəfindən həyata keçirilir.
Yol hərəkətinin təhlükəsizliyinə nəzarətin təmin olunması məqsədi ilə sərnişin daşımalarının marşrutlarının sxemi və qısa xarakteristikası müvafiq səlahiyyətli orqanlar (lisenziya verən orqan və Dövlət Yol Polisi) ilə razılaşdırılmalıdır.
2.11. Əhalinin ictimai nəqliyyata olan tələbatını və insanların təhlükəsiz daşınmasını, cəmiyyətin və dövlətin mənafelərinin qorunmasını təmin etmək üçün şəhər sərnişin daşımaları sahəsində dövlət siyasətini həyata keçirən şəhər (rayon) icra hakimiyyəti orqanları tərəfindən bu məqsədlə yaradılan ixtisaslaşdırılmış dövlət avtobus, tramvay və trolleybus müəssisələrinin balanslarında olan nəqliyyat vasitələri texniki saz vəziyyətdə xəttə buraxılmalıdır.
Şəhər əhalisinin ictimai nəqliyyata olan tələbatını tam yerinə yetirmək məqsədi ilə, göstərilən müəssisələrdən başqa şəhər sərnişindaşıma fəaliyyətinə digər hüquqi və fiziki şəxslərin sahibkarlıq qaydasında cəlb olunması yalnız şəhər (rayon) icra hakimiyyəti orqanları tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.
[7]
III. Dənizdə gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət
3.1. Dənizdə gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi tərəfindən həyata keçirilir.
[8]
Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair Beynəlxalq Qaydalar (DGTQBQ-72) əsas beynəlxalq hüquqi sənəd olaraq gəmi sürücülüyündə təhlükəsizliyi tənzimləyir. Həmin Qaydalardakı göstərişlər açıq dənizdə, ərazi sularında və ona bitişik olan körfəzlərdə üzən bütün gəmilər üçün nəzərdə tutulur. Bu Qaydalar növündən və tipindən, su basımından asılı olmayaraq, dinc şəraitdə üzən hərbi gəmilər də daxil olmaqla bütün gəmilərə şamil edilir.
3.2. DGTQBQ-72 gəmilərdəki xəbərdarlıq nişanlarından, işıq və səs siqnallarından istifadə edilməsi, eləcə də toqquşmanın qarşısını almaq üçün müvafiq manevr və gəmi sürücülüyü qaydalarını tənzimləyir.
Bu Qaydalar tövsiyə xarakteri daşımır və yaranmış şəraitə uyğun hərəkət etmək üçün konkret göstərişlər verir. Hər bir gəmi kapitanı toqquşma təhlükəsi yarandıqda, bu Qaydalardakı göstərişlərə əməl etməlidir.
Toqquşma baş verdikdə, gəmini idarə edənin təqsirini müəyyən etmək üçün DGTQBQ-72 əsas sənəd sayılır.
3.3. Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair Beynəlxalq Qaydalar ümumi gəmiçilik qaydalarının tərkib hissəsidir və dəniz donanmasının inkişafını əks etdirir.
IV. Mülki hava gəmilərinin uçuş təhlükəsizliyinin təmin edilməsinə nəzarət
4.1. Azərbaycan Respublikasının mülki aviasiya subyektləri tərəfindən uçuşların təhlükəsizliyinin təmin edilməsinə dövlət nəzarətini onların fəaliyyətə müvafiq olmasının sertifikasiyası və müntəzəm yoxlanılması sistemlərinin tətbiq edilməsi yolu ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir.
4.2. Mülki aviasiya subyektlərinin və onların fəaliyyətinin yoxlanılmasının əsas məqsədi uçuşların təhlükəsizliyini təmin etmək, ictimai (sərnişinlərin, istehlakçıların) maraqları müdafiə etmək, mülki aviasiya subyektlərinin fəaliyyətinə təsir göstərmək, onların təsərrüfat müstəqilliyinə və uçuşların təhlükəsizliyinin təmin edilməsinə görə bilavasitə məsuliyyətinə toxunmamaq şərti ilə Azərbaycan Respublikasında qüvvədə olan, mülki aviasiyanın fəaliyyətini nizama salan qanunvericilik və normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarət etməkdir.
4.3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi öz fəaliyyətində və digər qanunlarını İKAO-nun Standartlarını və Tövsiyə praktikasını, bu Qaydaları, həmçinin uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə digər normativ hüquqi aktları rəhbər tutur.
[9]
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi bu normativ hüquqi aktlara müvafiq surətdə, qanunla müəyyən edilmiş qaydada və öz səlahiyyətləri çərçivəsində nazirliklər, dövlət komitələri, idarələr, müəssisələr, təşkilatlar və vətəndaşlar üçün vacib olan Azərbaycan Respublikasında uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə mülki aviasiyanın fəaliyyətini nizama salan normativ hüquqi aktlar işləyib hazırlayır və dərc edir.
Mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə rəhbər, mühəndis-texniki və digər işçilərin hüquq və vəzifələri bu Qaydalara və Azərbaycan Respublikasının qanunvericilik aktlarına, habelə onların vəzifə təminatlarına müvafiq surətdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən işlənib hazırlanan normativ-hüquqi sənədlərlə müəyyən olunur.
4.4. Mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət olunmasına operativ nəzarəti həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının ərazisində digər mülkiyyət formaları üzərində qurulmuş bütün mülki aviasiya müəssisələri və təşkilatları Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyində mütləq qeydiyyatdan keçməlidir.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyində qeydiyyatdan keçməyən, habelə müvafiq şəhadətnamələri (sertifikatları) olmayan mülki aviasiya müəssisələrinin və təşkilatlarının Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərməsi qadağandır.
4.5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi mülki aviasiya subyektləri tərəfindən uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirmək məqsədi ilə öz strukturunda Azərbaycan Respublikasında mülki aviasiyanı idarə edən dövlət orqanının rəhbərinə bilavasitə tabe olan müfəttiş orqanı yaradır və "Azərbaycan Respublikası mülki aviasiyasının fəaliyyətini nizama salan dövlət müfəttiş orqanı üçün təlimat" hazırlayaraq müəyyən olunmuş qaydada təsdiq edir.
[10]
4.6. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi mülki aviasiya subyektlərinin aşağıda qeyd edilənlərin təmin edilməsi ilə bağlı fəaliyyətinə müntəzəm nəzarəti həyata keçirir:
uçuşların təhlükəsizliyi;
hava gəmilərinin və aerodromların istismarı və onların texniki vəziyyətinin lazımi səviyyədə saxlanılması;
aviasiya hadisələrinin və münaqişələrinin qarşısının alınmasına dair tədbirlərin işlənib hazırlanması və yerinə yetirilməsi;
komanda-rəhbər, uçuş, dispetçer, mühəndis-texniki heyətlərin və mülki aviasiya sahəsində digər mütəxəssislərin ixtisas tələblərinə müvafiq olması;
fəaliyyətə müvafiq olması haqqında şəhadətnamənin (sertifikatın) verilməsi və onun qüvvədə olma müddətinin uzadılması üçün təsdiqedici sənədlərin keyfiyyətlə hazırlanması;
qanunvericilik aktları ilə müəyyən olunmuş, hava limanları və aerodromların ərazisində mülki aviasiya işçilərinin olması və yerini dəyişməsi, nəqliyyat vasitələrinin hərəkəti və mülki aviasiya obyektlərində yükləmə-boşaltma və digər növ işlərin icra edilməsi qaydalarının yerinə yetirilməsi;
qanunvericilik aktları ilə müəyyən olunmuş təhlükəli yüklərin hava daşınması qaydalarının yerinə yetirilməsi;
komanda-rəhbər, uçuş, dispetçer və mühəndis-texniki heyətlər, habelə hava hərəkətinin idarə olunmasını və təşkilini təmin edən personal tərəfindən öz vəzifə təlimatlarının ciddi surətdə yerinə yetirilməsi;
uçuşların təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dair mülki aviasiyanın fəaliyyətini nizama salan normativ hüquqi sənədlərin tələblərinin yerinə yetirilməsi.
4.7. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi:
[11]
pozuntuların və onların başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlər həyata keçirir, bütün vəzifəli şəxslərə uçuşların təhlükəsizliyi məsələlərinə dair göstəriş və təlimatlar verir və onların müəyyən olunmuş müddət ərzində şərtsiz yerinə yetirilməsini tələb edir;
mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktlarının qarşısının alınması üzrə tədbirlər həyata keçirir;
mülki aviasiya obyektlərinin, aviasiya obyektlərinin və aviasiya texnikasının mühafizə olunmasını təşkil edir;
aviasiya texnikasının konkret növünün uçuş istismarına dair təlimata və mülki aviasiyada aviasiya texnikasının texniki istismarı və təmiri üzrə təlimata müvafiq surətdə aviasiya texnikasının uçuş və texniki istismarına nəzarət edir;
mülki hava gəmilərinin, aerodromların dövlət reyestrini aparır və dövlət qeydiyyatı haqqında müvafiq şəhadətnamələr verir;
mülki hava gəmilərinin uçuşlara yararlı olması haqqında vəsiqələr verir və onların qüvvədə olma müddətini uzadır;
komissiyalar yaradır və mülki hava gəmiləri ilə baş vermiş aviasiya hadisələrinin və münaqişələrinin tədqiqatının gedişinə nəzarət edir;
Azərbaycan Respublikasının ərazisində qəzaya uğramış mülki hava gəmilərinin və onun sərnişinlərinin axtarışını və xilas edilməsini təşkil edir;
müntəzəm müfəttiş yoxlamaları aparır:
a) uçuşların təhlükəsizliyinin təmin edilməsini, təşkilini, uçuşların yerinə yetirilməsini, aviasiya hadisələrinin qarşısının alınması üzrə tədbirlərin hazırlanmasını və həyata keçirilməsini nizama salan qanunvericilik aktlarının və normativ hüquqi sənədlərin tələblərin yerinə yetirilməsi üzrə Azərbaycan Respublikasının mülki aviasiya subyektlərinin fəaliyyətinə dair;
b) Azərbaycan Respublikasının hava limanlarından yola düşən xarici hava gəmilərinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının Standartları və Tövsiyə praktikasının (SARPS) tələblərinə və Azərbaycan Respublikasında mülki aviasiyanın fəaliyyətini nizama salan normativ hüquqi sənədlərin tələblərinə uyğun olmasına dair;
öz səlahiyyətləri çərçivəsində mülki aviasiya sahəsində digər fəaliyyət növlərini həyat keçirir.
4.8. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi:
a) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məbləğdə cərimə sanksiyaları tətbiq edir, habelə uçuşların təhlükəsizliyinə qorxu yaradan çatışmazlıqlar və ya pozuntular aşkar edildikdə, hava gəmilərinin və aviasiya texnikasının uçuşlar yerinə yetirməsini və istismarını qadağan edir.
b) “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mülki aviasiya istismarçılarına sertifikatların və bu sahədə fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatlarının verilməsi, onları verməkdən imtina edilməsi, qüvvədəolma müddətlərinin dayandırılması və ləğv edilməsi barədə qərarlar qəbul edir.
[12]
4.9. Azərbaycan Respublikasında mülki aviasiyanı idarə edən dövlət orqanının mülki aviasiya subyektləri tərəfindən uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarət üzrə müfəttiş yoxlamalarının növləri və müntəzəmliyi Azərbaycan Respublikasında mülki aviasiyanı idarə edən dövlət orqanının təsdiq etdiyi təlimatlarla müəyyən edilir.
V. Metropolitendə qatarların və eskalatorların hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət
5.1. Qatarların və eskalatorların hərəkət təhlükəsizliyi üzrə baş müfəttiş aparatı Metropoliten idarəsinin struktur bölməsi olub, bilavasitə Metropoliten rəisinə tabedir, qatarların və eskalatorların hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirir.
5.2. Hərəkət təhlükəsizliyi üzrə aparat Metropolitenin qəzasız iş şərtlərini müəyyən edən hərəkət təhlükəsizliyi qaydalarının, texniki istismarı üzrə qaydaların, təlimatların və digər normativ sənədlərin Metropolitenin bölmələri tərəfindən yerinə yetirilməsini təmin edir.
5.3. Metropolitenin hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarətin əsas istiqamətləri aşağıdakılardan ibarətdir:
Metropolitenin xidmətlərində, müəssisələrində və xətti bölmələrində qəza hallarının qarşısının alınması üzrə profilaktik iş aparmaq, Metropolitenin texniki istismar qaydalarını pozanlara qarşı müvafiq ölçülər götürmək, xidməti vəzifələrin icrası zamanı intizamsızlıq və işə səhlənkar münasibət faktlarının qarşısını kəskin surətdə almaq;
hərəkət təhlükəsizliyinin vəziyyətini təhlil etmək, hərəkət təhlükəsizliyinin təmin olunması sahəsindəki məhdud cəhətləri aşkara çıxarmaq, çatışmazlıqların yerindəcə tezliklə aradan qaldırılmasına nail olmaq, hərəkət təhlükəsizliyinin hər bir pozuntularının qarşısının alınması üzrə konkret tədbirlər görmək;
xidmətlərin müvafiq mütəxəssisləri ilə birlikdə təhlil əsasında hərəkət təhlükəsizliyinin gücləndirilməsi və hərəkət təhlükəsizliyi məsələləri üzrə bölmələrin texniki təftişləri, yoxlamaları zamanı təhlükəsizlik aparatı və digər vəzifəli şəxslər tərəfindən aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üzrə təşkilati-texniki tədbirlərin işlənib hazırlanmasını həyata keçirmək;
Metropolitenin texniki vasitələrinin, hərəkət qatarlarının təmirinin və saxlanılmasının texnoloji proseslərinin pozuntularını aşkara çıxarmaq, fəlakətlərin, qəzaların və hərəkət təhlükəsizliyinin pozuntularının qarşısının alınması üzrə tədbirləri işləyib hazırlamaq;
Metropolitenin hərəkət qatarlarının, işarəvermə mərkəzləşmə blokirovkası və rabitənin, yolların, tunellərin və digər texniki vasitələrin zədələnməsinin nəticələrinin tezliklə aradan qaldırılmasına bərpa vasitələrinin hazırlığını, bərpa bölmələrinin texniki təchizatını təmin etmək;
Metropoliten işçilərinin texniki istismar qaydaları və təlimatlar üzrə biliklərinin vaxtaşırı surətdə yoxlanılması şərti ilə peşə hazırlığının keyfiyyətinə nəzarət etmək, işçilərin texniki təhsilini və təlimatlandırılmasını təşkil etmək;
məxfilik rejimini təmin etmək və Metropolitenin strateji mahiyyətini nəzərə almaq şərti ilə məxfi və xidməti məlumatların mühafizəsi üzrə lazımi tədbirləri vaxtında həyata keçirmək;
nasaz yolların və yoldəyişdirici qurğuların olduğu yerlərdə qatarların hərəkətini dayandırmaq, yaxud həmin yerlərdə hərəkət sürətini məhdudlaşdırmaq, hərəkət qatarlarını istismardan kənar etmək;
hərəkət təhlükəsizliyini təmin etməyən qurğuların çatışmazlıqları aradan qaldırılanadək onların istifadə olunmasını qadağan etmək.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
07 noyabr 2002-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №11 , maddə 675)
2.
11 avqust 2003-cü il tarixli 104 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № , maddə 460)
3.
4 oktyabr 2005-ci il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 973)
4.
30 iyun 2006-cı il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 584
5.
8 oktyabr 2007-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1021)
6.
7 fevral 2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 116)
7.
5 fevral 2009-cu il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 144)
8.
4 sentyabr 2009-cu il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 736)
9.
21 avqust 2013-cü il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 sentyabr 2013-cü il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1023)
10.
21 aprel 2015-ci il tarixli 115 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 03 may 2015-ci il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 607)
11.
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
12.
21 yanvar 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2019-cu il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 155)
13.
24 mart 2020-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 371)
14.
4 aprel 2022-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 375)
15.
4 aprel 2022-ci il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 385)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
5 fevral 2009-cu il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 144) ilə "Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları"nın 4.1-ci bənddə, 4.3-cü bəndin birinci, ikinci və üçüncü abzaslarında, 4.4-cü bəndin birinci və ikinci abzaslarında, 4.5-ci bənddə, 4.6-cı və 4.8-ci bəndlərin birinci abzaslarında və 4.9-cu bənddə (hər iki halda) ismin müvafiq hallarında «Azərbaycan Respublikasında mülki aviasiyanı idarə edən dövlət orqanı» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası» sözləri ilə əvəz edilmişdir.
4 sentyabr 2009-cu il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 736) ilə "Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları"nın 1.4-cü və 1.9-cu bəndlərinin birinci abzasında "Azərbaycan Dövlət Dəmir Yolu", 1.7-ci bəndin dördüncü abzasında "Azərbaycan Dövlət Dəmir Yolunun", 1.8-ci bəndinin birinci abzasında "Azərbaycan Dövlət Dəmir Yolu", 1.9-cu bəndinin üçüncü abzasında "Dövlət Dəmir Yolunun", 1.10-cu bəndində "Dəmir Yolunun", 1.11-ci bəndinin ikinci abzasında "Dövlət Dəmir Yolu", 1.12-ci bəndinin birinci və ikinci abzaslarında "Dövlət Dəmir Yolunun" sözləri ismin müvafiq hallarında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.
[2]
21 aprel 2015-ci il tarixli 115 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 03 may 2015-ci il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 607) ilə “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nın 2.2-ci bəndində “texniki nəzarətetmə vasitələrinin” sözləri “xüsusi texniki vasitələrinin” sözləri ilə əvəz edilmişdir.
[3]
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nın 2.3.2-ci yarımbəndinin üçüncü abzasında “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi və xarici kəşfiyyat” sözləri ilə əvəz edilmişdir.
[4]
11 avqust 2003-cü il tarixli 104 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, N 8, maddə 460) ilə "Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları"nın 2.4-cü bəndində "Azəravtonəqliyyat" Dövlət Konserni" sözləri "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
21 yanvar 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2019-cu il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 155) ilə “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nın 2.4-cü bəndinin birinci abzasında “Nəqliyyat Nazirliyi” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə, 3.1-ci bəndinin birinci abzasında “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi” sözləri ilə, 4.1-ci bəndində, 4.3-cü bəndinin birinci, ikinci və üçüncü abzaslarında, 4.4-cü bəndinin birinci və ikinci abzaslarında, 4.5-ci bəndində, 4.6-cı, 4.7-ci, 4.8-ci bəndlərinin birinci abzaslarında ismin müvafiq hallarında “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri ismin müvafiq hallarında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi” sözləri ilə əvəz edilmişdir.
4 aprel 2022-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 375) ilə “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nda 2.4-cü bəndin birinci abzasında, 4.1-ci bənddə, 4.3-cü bəndin birinci, ikinci və üçüncü abzaslarında, 4.4-cü bəndin birinci və ikinci abzaslarında, 4.5-ci bənddə, 4.6-cı, 4.7-ci və 4.8-ci bəndlərin birinci abzaslarında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.
[5]
21 avqust 2013-cü il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 sentyabr 2013-cü il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1023) ilə “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nın 2.5-ci bəndinin ikinci abzasında “dövri” sözü “qanunla müəyyən edilmiş hallarda” sözləri ilə əvəz edilmişdir.
[6]
7 fevral 2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 116) ilə «Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları»na yeni məzmunda 2.10-cu bənd əlavə edilmişdir.
[7]
07 noyabr 2002-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №11 , maddə 675) ilə Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət "Qaydaları"nın 2.10-cu və 2.11-ci bəndləri çıxarılmışdır.
[8]
11 avqust 2003-cü il tarixli 104 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, N 8, maddə 460) ilə "Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları"nın 3.1-ci bəndində "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin müvafiq şöbə və xidmətləri" sözləri "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
30 iyun 2006-cı il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, N 6, maddə 584) ilə “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nın 3.1-ci bəndində “Nəqliyyat Nazirliyi” sözləri “Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası” sözləri ilə əvəz edilmişdir.
8 oktyabr 2007-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1021) ilə 3.1-ci bəndindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılmışdır.
4 aprel 2022-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 375) ilə “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nda 3.1-ci bəndin birinci abzasında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman” sözləri ilə əvəz edilmişdir.
[9]
4 oktyabr 2005-ci il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, N 10, maddə 973) ilə 4.3-cü bənddə "Azərbaycan Respublikasının Hava Məcəlləsini" sözləri "Azərbaycan Respublikasının "Aviasiya haqqında" Qanununu" sözləri ilə əvəz edilmişdir.
[10]
24 mart 2020-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 371) ilə “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nın 4.5-ci bənddə “təmin olunmasına nəzarəti” sözləri “təmin edilməsi sahəsində dövlət nəzarətini” sözləri ilə əvəz edilmişdir.
[11]
5 fevral 2009-cu il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 144) ilə "Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları"nın 4.7-ci bəndin birinci abzasında «Azərbaycan Respublikasında mülki aviasiyanı nizama salan dövlət orqanı» sözləri «Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası» sözləri ilə əvəz edilmişdir.
[12]
24 mart 2020-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 371) ilə “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nın 4.8-ci bəndin b) yarımbəndi aşağıdakı redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
b) Əgər Azərbaycan Respublikasının hava nəqliyyatını istismar edən aviasiya şirkətləri və mülki aviasiya subyektləri istismarçı şəhadətnaməsinin (sertifikatının) və fəaliyyətə müvafiq olması haqqında şəhadətnamənin (sertifikatın) xüsusi istismar tələblərini yerinə yetirmirsə və ya yerinə yetirmək iqtidarında deyilsə, onların fəaliyyətini dayandırır (məhdudlaşdırır).