Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir.
Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı
Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:
ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.
[1]
Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası
Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir.
Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər.
Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
[2]
Maddə 3. Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqları
Bu Qanunun 1-ci maddəsində göstərilən əlamətlər üzrə həlak olmuş şəxslərin xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir:
qəbirüstü abidələrin, xatirə komplekslərinin yaradılması;
şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilməsi.
Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aşağıdakı təminatlar verilir:
ailə başçısını itirməyə görə əmək pensiyası təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir
[3]
Valideynlərdən biri həlak olduqda onların hər uşağına 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam olanadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə aylıq müavinət təyin edilir.
[4]
işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda onlara üstünlük verilir, müəssisənin, idarənin, təşkilatın fəaliyyəti dayandırıldıqda isə onlar işlə təmin olunur;
[5]
mənzil, kommunal xidmətlərindən, telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir.
[6]
həkim reseptləri üzrə dərman almaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olmuş qaydada və məbləğdə müavinət verilir;
dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alanlar təhsil haqqını ödəməkdən azad olunurlar;
[7]
tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin edilirlər;
[8]
sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı onlara üstünlük verilir.
[9]
Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi
Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar.
Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir.
Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır.
Maddə 5. Şəhid və şəhid ailələrinin məsələləri ilə məşğul olan dövlət orqanları və onların qarşılıqlı əlaqəsi
Şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər.
Maddə 6. Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələri
Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən, ayrı-ayrı şəxslərin və müxtəlif təşkilatların, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından, habelə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına ödənilir.
[10]
Bu Qanunla nəzərdə tutulan pensiya və müavinətlər üçün tələb olunan xərclər Dövlət Sosial Müdafiə Fondu hesabına ödənilir.
[11]
Maddə 7. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasına görə vətəndaşlar və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 8. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli qaydası
Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV.
Bakı şəhəri, 3 sentyabr 1993-cü il
№ 697
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
12 mart 1999-cu il tarixli 627-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 282)
2.
23 aprel 1999-cu il tarixli 662-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 293)
3.
15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731)
4.
12 sentyabr 2003-cü il tarixli 499-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 539)
5.
18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 507)
6.
6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401)
7.
17 aprel 2007-ci il tarixli 317-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 561)
8.
13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)
9.
14 oktyabr 2016-cı il tarixli 336-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 noyabr 2016-cı il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1764)
10.
29 mart 2019-cu il tarixli 1552-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 797)
11.
19 may 2020-ci il tarixli 108-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 826)
12.
23 aprel 2021-ci il tarixli 295-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 536)
13.
11 iyun 2021-ci il tarixli 345-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul 2021-ci il, № 145, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 706)
14.
22 iyun 2021-ci il tarixli 350-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 896)
15.
30 sentyabr 2021-ci il tarixli 381-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 oktyabr 2021-ci il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №10, maddə 1093)
16.
30 sentyabr 2021-ci il tarixli 382-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №11, maddə 1200)
17.
5 noyabr 2022-ci il tarixli 630-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 24 noyabr 2022-ci il, “Azərbaycan” qəzeti, 25 noyabr 2022-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1241)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 1-ci maddəsinin ikinci hissəsinin ikinci abzasında “və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlar” sözləri “uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar” sözləri ilə əvəz edilmişdir.
14 oktyabr 2016-cı il tarixli 336-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 noyabr 2016-cı il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1764) ilə 1-ci maddənin ikinci hissəsinin ikinci abzasında “texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri” sözləri “ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini” sözləri ilə əvəz edilmişdir.
29 mart 2019-cu il tarixli 1552-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 797) ilə 1-ci maddənin ikinci hissəsinin ikinci abzasında “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.
19 may 2020-ci il tarixli 108-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 826) ilə 1-ci maddəsinin ikinci hissəsinin ikinci abzasında “əlil uşaqlar” sözləri “əlilliyi olan övladları” sözləri ilə əvəz edilmişdir.
22 iyun 2021-ci il tarixli 350-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 896) ilə 1-ci maddənin ikinci hissəsinin ikinci abzasında “sağlamlıq imkanlarının məhdudluğu” sözləri “əlilliyi” sözü ilə əvəz edilmişdir.
[2]
23 aprel 2021-ci il tarixli 295-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 536) ilə 2-ci maddəyə yeni məzmunda dördüncü hissə əlavə edilmişdir.
[3]
6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə 3-cü maddəsinin ikinci hissəsinin ikinci abzası aşağıdakı redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
ailə başçısının itirilməsinə görə pensiya təyin edilərkən pensiyanın məbləği ailənin əmək qabiliyyəti olmayan hər bir üzvü üçün minimum pensiyanın 100 faizindən az olmamalıdır;
[4]
23 aprel 1999-cu il tarixli 662-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 293) ilə 3-cü maddəsinin 2-ci hissəsinin 3-cü abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
valideynlərdən biri həlak olduqda onların hər uşağına 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam olanadək minimum əmək haqqının üçdə bir hissəsi məbləğində aylıq dövlət müavinəti təyin edilir;
11 iyun 2021-ci il tarixli 345-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul 2021-ci il, № 145, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 706) ilə 3-cü maddənin ikinci hissəsinin üçüncü abzası ləğv edilmişdir.
[5]
18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 507) ilə 3-cü maddəsinin ikinci hissəsinin dördüncü abzasından "müəssisənin, idarənin, təşkilatın fəaliyyəti dayandırıldıqda isə onlar işlə təmin olunur" sözləri çıxarılmışdır.
[6]
30 sentyabr 2021-ci il tarixli 382-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №11, maddə 1200) ilə 3-cü maddəsinin ikinci hissəsinin dördüncü abzası ləğv edilmişdir.
[7]
12 sentyabr 2003-cü il tarixli 499-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 539) ilə 3-cü maddəsinin ikinci hissəsinin altıncı abzasından sonra yeni məzmunda yeni abzas əlavə edilmişdir.
14 oktyabr 2016-cı il tarixli 336-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 noyabr 2016-cı il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1764) ilə 3-cü maddənin ikinci hissəsində “orta peşə-ixtisas təhsili müəssisələrində” sözləri “orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda” sözləri ilə əvəz edilmişdir.
29 mart 2019-cu il tarixli 1552-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 797) ilə 3-cü maddənin ikinci hissəsinin yeddinci abzasında “və orta ixtisas” sözləri “, orta ixtisas və peşə” sözləri ilə əvəz edilmişdir.
[8]
12 mart 1999-cu il tarixli 627-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 282) ilə 3-cü maddəsinin ikinci hissəsində beşinci, altıncı və yeddinci abzaslar yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
mənzil haqqının və kommunal xidmətlərin (istehsal-təsərrüfat fəaliyyəti ilə əlaqədar istifadə xərcləri istisna olmaqla) ödənilməsində 50 faiz güzəşt müəyyən edilir;
birinci növbədə pulsuz telefon çəkilir və telefon haqqının ödənilməsində 50 faiz güzəşt müəyyən edilir;
ali təhsil məktəblərinin hazırlıq şöbələrinə və peşə məktəblərinə güzəştli qəbul həyata keçirilir, uşaqlar məktəbəqədər tərbiyə müəssisələrinə birinci növbədə qəbul olunur və burada pulsuz saxlanılır;
15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 3-cü maddəsinin ikinci hissəsinin beşinci, altıncı, yeddinci, səkkizinci, doqquzuncu abzasları çıxarılmışdır və həmin hissəyə yeni redaksiyada yeni beşinci, altıncı və yeddinci abzaslar əlavə edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
mənzil haqqının və kommunal xidmətlərin (istehsal-təsərrüfat fəaliyyəti ilə əlaqədar istifadə xərcləri istisna olmaqla) ödənilməsindən azad edilir;
birinci növbədə pulsuz telefon çəkilir və telefon haqqının ödənilməsindən azad edilir;
dövlət ali və orta peşə-ixtisas təhsili müəssisələrində təhsil haqqını ödəməkdən azad edilir, uşaqlar məktəbəqədər müəssisələrə birinci növbədə qəbul olunur və pulsuz saxlanılır;
pulsuz dərman və güzəştli putyovkalar verilir;
şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) və kənd yerlərində, qəsəbələrdə, şəhər tipli qəsəbələrdə ümumi istifadədə olan avtomobil nəqliyyatından (taksidən başqa) pulsuz istifadə etmək hüququ verilir.
[9]
30 sentyabr 2021-ci il tarixli 381-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 oktyabr 2021-ci il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №10, maddə 1093) ilə 3-cü maddəsinin ikinci hissəsinin səkkizinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda doqquzuncu abzas əlavə edilmişdir.
[10]
5 noyabr 2022-ci il tarixli 630-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 24 noyabr 2022-ci il, “Azərbaycan” qəzeti, 25 noyabr 2022-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1241) ilə 6-cı maddəsinə “Azərbaycan Respublikasının” sözlərindən sonra “dövlət” sözü, “fondlarından” sözündən sonra “, habelə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına” sözləri əlavə edilmişdir.
[11]
17 aprel 2007-ci il tarixli 317-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 561) ilə 6-cı maddəsinin ikinci hissəsi çıxarılmışdır.