Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Respublikada müstəqil maliyyə, pul-kredit siyasətinin aparılmasını, onun daxili bazarının qorunmasını milli valyutanın—manatın möhkəmləndirilməsini, bank-maliyyə uçot və hesablaşmalarının sadələşdirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1.
1994-cü il yanvar ayının 1-də saat 00-dan etibarən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının Mərkəzi Bankının pul nişanı—manat yeganə ödəniş vasitəsi elan edilsin.
2.
Azərbaycan Respublikasının Mərkəzi Bankına tapşırılsın ki, 1993-cü il dekabrın 15-dən etibarən keçmiş SSRİ Dövlət Bankının 1961 — 1992-ci illərə aid pul nişanlarının dövriyyəyə buraxılmasını dayandırsın.
3.
1993-cü il dekabr ayının 31-dək dövriyyədə olan keçmiş SSRİ Dövlət Bankının 1961—1992-ci illərə aid pul nişanları respublika ərazisində qanuni ödəniş vasitəsi hesab edilsin və mülkiyyət formasından asılı olmayaraq bütün idarələrdə, müəssisələrdə və təşkilatlarda heç bir məhdudiyyət qoyulmadan qəbul edilsin.
4.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Milli Bankına tapşırılsın ki, bu Fərmandan irəli gələn müvafiq qərarlar qəbul edib həyata keçirsinlər.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 11 dekabr 1993-cü il.
№ 58.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80) ilə mətnində ismin müvafiq hallarında "Milli Bank" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilmişdir.