Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə qoşulmasının nizama salınması sahəsində bəzi tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının beynəlxalq birliyə ardıcıl olaraq daxil olmasını nəzərə alaraq və bununla əlaqədar beynəlxalq müqavilələrə qoşulma təcrübəsini nizama salmaq məqsədilə qərara alıram:
1.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bir ay müddətində Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərinə uyğun olaraq beynəlxalq münasibətlərin ayrı-ayrı sahələrində Azərbaycan Respublikasının dövlət mənafelərini təmin etmək məqsədi ilə bu sahələrə aid olan beynəlxalq müqavilələrin siyahısını tərtib etsin, həmin müqavilələrin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmasının ardıcıllığını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2.
Müəyyən edilsin ki, beynəlxalq müqavilələr baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edildikdə:
onlara qoşulmağın zərurəti siyasi, iqtisadi və hüquqi cəhətdən əsaslandırılmalıdır;
rəsmi mənbədən alınmalı, həmin mənbə göstərilməlidir;
onların rəsmi mətnləri dövlət dilində olmadıqda müqavilələr dövlət dilinə tərcümə edilməli və tərcümə edilmiş mətnin rəsmi mətnlə audentikliyini təsdiq edən sənəd əlavə edilməlidir;
onlar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə, digər dövlət orqanları ilə razılaşdırılmalı və müvafiq sənədlər əlavə edilməlidir;
Azərbaycan Respublikasının qanunvericiliyinə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin məsələ qeyd olunmalı, müvafiq dövlət orqanları ilə razılaşdırılmalı və dəyişikliklər edilmə olan qanunvericilik aktları göstərilməlidir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, beynəlxalq müqavilələrin Azərbaycan dilinə tərcümə edilməsi məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə lazımi vəsait ayırsın.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 16 avqust 1994-cü il.
№ 106.