AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
31.05.2002
QEYDİYYAT NÖMRƏSİ
337-IIQ
ADI
İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2002, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 665)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında

İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikası ərazisində inteqral sxem topologiyalarının yaranması, hüquqi qorunması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

 

I fəsil

Ümumİ müddəalar

 

Maddə 1. Əsas anlayışlar

 

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. İnteqral sxem (bundan sonra "İS" adlandırılacaq) - altlığın səthində və (və ya) həcmində bir-birindən ayrılmaz şəkildə hazırlanmış elementlər və elementlərarası əlaqələrdən ibarət olub müəyyən elektron sxem funksiyasını tam və ya qismən yerinə yetirən elektron məmulat;

1.0.2. İS topologiyası - inteqral sxem elementlərinin və elementlərarası əlaqələr məcmusunun altlıqda əks olunmuş fəzavi-həndəsi yerləşdirilməsi;

1.0.3. kommersiya məqsədi ilə istifadə - satmaq, kirayəyə vermək yaxud kommersiya yayımının digər üsulları, həmçinin bunların həyata keçirilməsinin təklif edilməsi;

1.0.4. İS topologiyasına hüquq sahibi - müəllif, onun vərəsəsi, eləcə də qanunla yaxud müqavilə əsasında müstəsna əmlak hüquqlarını almış hüquqi və ya fiziki şəxs;

1.0.5. qorunan İS topologiyası - bu Qanunda nəzərdə tutulan və qorunma şərtlərini ödəyən topologiya.

 

Maddə 2. İS topologiyalarının hüquqi qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

 

2.1. İS topologiyalarının hüquqi qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, digər müvafiq normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

 

Maddə 3. Qanunun tətbiq sahəsi

 

Bu Qanun İS topologiyalarının (bundan sonra - topologiyaların) yaradıcısına, yaradılması ilə məşğul olan, habelə ondan istifadə edən və Azərbaycan Respublikasında topologiyaya hüquqları olan Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinə, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, xarici fiziki şәxslәrә şamil edilir.

 

II fəsil

Topologİyaların hüquqİ qorunması və topologİyaya hüquqlar

 

Maddə 4. Topologiyaların hüquqi qorunmasının obyekti və şərtləri

 

4.1. Topologiyaların bu Qanunla müəyyən olunan hüquqi qorunması yalnız orijinal topologiyalara şamil edilir.

4.2. Müəllifin yaradıcı fəaliyyəti nəticəsində yaradılan topologiya, əks hal sübut olunmayıbsa, orijinal sayılır.

4.3. İS-i yaradanlara və istehsal edənlərə yaranma vaxtına məlum olan elementlər və əlaqələr məcmusundan ibarət topologiya, elementlər məcmusu bütövlükdə orijinal olduğu hallar istisna olmaqla, hüquqi qorunma şamil olunmur.

4.4. Bu Qanunla nəzərdə tutulan hüquqi qorunma topologiyada istifadə edilə biləcək ideyalara, üsullara, sistemlərə texnologiyalara, yaxud kodlaşdırılmış informasiyalara şamil edilmir.

 

Maddə 5. Xarici fiziki və hüquqi şəxslərin hüquqları

 

Topologiyaların hüquqi qorunması sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən xarici fiziki və hüquqi şəxslər bu Qanunda Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri üçün nəzərdə tutulmuş hüquqlara malikdirlər.

 

Maddə 6. Topologiyaya müəlliflik

 

6.1. Yaradıcı fəaliyyət nəticəsində topologiyanı yaradan fiziki şəxs topologiyanın müəllifi sayılır.

6.2. Topologiya bir neçə fiziki şəxsin birgə əməyi ilə yaradılarsa, bu şəxslərdən hər biri topologiyanın müəllifi sayılır.

6.3. Topologiyaya müəlliflik özgəninkiləşdirilə bilməz və müəlliflik hüququnun qanunla qorunması müddətsizdir.

6.4. Topologiyanın yaradılmasında yaradıcılıq fəaliyyəti olmayan, müəllifə ancaq texniki, təşkilati yaxud maddi kömək və ya topologiyadan istifadə hüququnun rəsmiləşdirilməsinə imkan yaradan fiziki şəxslər topologiyanın müəllifi sayılmırlar.

 

Maddə 7. Topologiyaya əmlak hüququ

 

7.1. Müəllifin və ya digər hüquq sahibinin, bu Qanunun 10-cu maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, topologiyadan istifadə etməyə müstəsna hüququ vardır.

7.2. Topologiyadan istifadəyə müstəsna hüquq aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi yaxud qadağan etməyi nəzərdə tutur:

7.2.1. eyni topologiyalı İS-i istehsal etmək;

7.2.2. eyni topologiyalı İS-i yaymaq.

7.3. Topologiyaya hüquq bir neçə müəllifə yaxud digər hüquq sahiblərinə məxsus olduqda bu hüquqlardan istifadə qaydaları onlar arasındakı müqavilə ilə tənzimlənir.

7.4. Müəllifin və ya digər hüquq sahibinin icazəsi olmadan aşağıdakı hərəkətlər topologiyadan istifadəyə müstəsna hüququnun pozulması hesab edilir:

7.4.1. topologiyanın orijinal olmayan hissəsinin surətinin çıxarılması istisna olmaqla, bütövlükdə yaxud onun hər hansı bir hissəsinin İS-ə daxil edilməsi yolu ilə və ya surətinin başqa şəkildə çıxarılması;

7.4.2. topologiyanın və ya həmin topologiyadan ibarət İS-in tətbiqi, gətirilməsi, satış üçün təklif edilməsi, satışı, yaxud başqa formada təsərrüfat dövriyyəsinə daxil edilməsi.

 

Maddə 8. Topologiyaya əmlak hüququnun başqa fiziki və ya hüquqi şəxslərə keçməsi

 

8.1. Topologiyaya əmlak hüququ başqa fiziki və ya hüquqi şəxslərə müqavilə ilə tam və ya qismən verilir və qanunvericilikdə müəyyən olunmuş qaydada vərəsəlik üzrə keçir.

8.2. Topologiyaya əmlak hüququnun verilməsi haqqında müqavilə yazılı şəkildə bağlanır və müqavilədə aşağıdakılar göstərilir:

8.2.1. topologiyadan istifadənin həcmi və üsulları;

8.2.2. ödənişin həcmi və qaydaları;

8.2.3. müqavilənin qüvvədə olduğu müddət.

8.3. Müqavilədə topologiyadan istifadənin üsulları haqqında şərt olmadıqda, müqavilə onu bağlayan tərəflərin istədiklərinin əldə edilməsi üçün vacib hesab etdikləri istifadə üsuluna görə bağlanmış hesab oluna bilər.

8.4. Müqavilədə topologiyadan istifadənin müddəti haqqında şərt olmadıqda, bağlandığı tarixdən beş il keçəndən sonra müəllif və ya digər hüquq sahibi o biri tərəf müqavilənin pozulması haqqında altı ay əvvəldən yazılı xəbərdar etməklə, həmin müqaviləni poza bilər.

8.5. Müqavilədə əmlak hüququnun verilməsi haqqında başqa hal nəzərdə tutulmadıqda, hüquqların qismən keçməsi qəbul edilir.

 

Maddə 9. Xidməti vəzifəni yerinə yetirərkən və sifarişçi ilə bağlanmış müqavilə əsasında yaradılmış topologiyaya əmlak hüququ

 

9.1. Xidməti vəzifəni yaxud işəgötürənin tapşırığını yerinə yetirərkən yaradılmış topologiyaya əmlak hüququ, müəllif və işəgötürən arasındakı müqavilədə başqa hal nəzərdə tutulmadıqda, işəgötürənə məxsusdur.

9.2. Müəllifə ödənişin həcmi və qaydaları onunla işəgötürən arasında bağlanmış müqavilə ilə müəyyənləşdirilir.

9.3. İşəgötürən olmayan sifarişçi və müəllif arasında bağlanmış müqaviləyə əsasən yaradılmış topologiyaya əmlak hüququ, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, sifarişçiyə məxsusdur.

 

Maddə 10. Topologiyadan istifadəyə müstəsna hüququn pozulması hesab edilməyən hərəkətlər

 

10.1. Topologiyadan istifadəyə müstəsna hüququn pozulması hesab edilməyən hərəkətlər aşağıdakılardır:

10.1.1. qanuni əldə edilmiş İS-dən və ya ondan ibarət olan məmulatdan istifadə edən şəxs, İS-in yaxud məlumatın topologiyaya istifadəyə müstəsna hüququn pozulması ilə hazırlandığını və yayıldığını bilməyibsə, topologiyaya hüquq sahibindən müvafiq xəbərdarlıq alandan sonra bu şəxs tərəfindən hər bir İS-ə yaxud məmulata uyğun kompensasiya ödənilməsi;

10.1.2. qazanc götürmədən şəxsi, həmçinin qiymətləndirmə, təhlil, tədqiqat yaxud tədris məqsədləri üçün istifadə;

10.1.3. qanuni yolla təsərrüfat dövriyyəsinə buraxılmış qorunan topologiyalı İS-in yayılması.

10.2. Başqa müəllif tərəfindən müstəqil yaradılmış identik orijinal topologiyadan istifadəyə münasibətdə həyata keçirilən və bu Qanunun 7.4-cü maddəsində göstərilən hərəkətlər topologiyadan istifadəyə müstəsna hüququn pozulması sayılmır.

 

Maddə 11. Qeydiyyat və bildiriş

 

11.1. Topologiyanın müəllifi, topologiyaya müstəsna hüquqların digər sahibi və ya onun nümayəndəsi topologiyanın qorunduğu müddətdə onu qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda könüllü olaraq dövlət qeydiyyatından keçirə bilər. [1]

11.2. Müvafiq iddia sənədi əsasında aparılan ekspertizanın müsbət nəticəsinə əsasən topologiyanın qeydiyyatı haqqında şəhadətnamə verilir.

11.3. Qeydiyyatdan keçirilmiş topologiya Topologiyaların Dövlət Reyestrinə daxil edilir və qeydiyyat haqqında məlumatlar rəsmi dərc olunur.

11.4. Topologiyanın qeydiyyat qaydaları, şəhadətnamənin verilməsi, topologiyanın qeydiyyatı üçün iddia sənədinə əlavə olunan material və sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

11.5. Qeydiyyatdan keçirilmiş topologiyaya əmlak hüququnun başqa fiziki və ya hüquqi şəxsə tam keçməsi haqqında müqavilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan keçirilməlidir.

11.6. Topologiyaya əmlak hüququnun başqa fiziki və ya hüquqi şәxslәrә verilməsi barədə müqavilə tərəflərin razılığı əsasında müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan keçirilə bilər.

11.7. Topologiyaya əmlak hüququnun verilməsi yaxud qanunvericilikdə müəyyən olunmuş qaydada vərəsəlik üzrə keçməsi haqqında müqavilələrin qeydiyyatı və bununla bağlı işlərin görülməsinə görə qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilir.

11.8. Topologiyaların Dövlət Reyestrinə daxil edilmiş məlumatların doğruluğuna iddiaçı məsuliyyət daşıyır və bu məlumatlar, əks hal sübut olunmayıbsa, doğru sayılır.

11.9. Topologiyanın müəllifi yaxud onun qanuni varisi öz hüquqlarını bildirmək üçün qorunan topologiyada yaxud bu cür topologiyadan ibarət məlumatda "T" çap hərfini, topologiyadan istifadəyə müstəsna hüquqların qorunma müddətinin başlanğıc tarixini və hüquq sahibinin soyadını və (və ya) adını göstərə bilər.

 

Maddə 12. Topologiyadan istifadəyə müstəsna hüququn qorunma müddəti

 

12.1. Topologiyadan istifadəyə müstəsna hüquq 10 il müddətində qüvvədə olur.

12.2. Topologiyadan istifadəyə müstəsna hüququn fəaliyyət müddətinin başlanğıcı aşağıdakı tarixlərdən ən əvvəlinci ilə müəyyən olunur:

12.2.1. topologiyanın ilkin istifadə tarixi (topologiyanın yaxud bu topologiyaya əsaslanan İS-in istənilən dövlətin ərazisində təsərrüfat dövriyyəsinə buraxılmasına dair sənədlərin qeydə alınmasının ən əvvəlinci tarixi);

12.2.2. topologiyanın qeydiyyata alındığı tarix.

12.3. Başqa müəllif tərəfindən müstəqil olaraq yaradılmış identik orijinal topologiyanın olduğu halda, topologiyadan istifadəyə müstəsna hüququn ümumi qorunma müddəti 10 ildən artıq ola bilməz.

 

Maddə 13. Topologiyaya hüquqların müdafiəsi

 

13.1. Topologiyanın müəllifinin və ya digər hüquq sahibinin, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun topologiyaya hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququ vardır. [2]

13.2. İstehsal və (və ya) yayılması, topologiyaya hüquqların pozulmasına səbəb olan İS və ya bu cür İS-dən ibarət olan məmulat pirat topologiya nüsxələri sayılır. [3]

13.3. Topologiyanın müəllifi və ya başqa hüquq sahibi öz hüquqlarının müdafiəsi üçün müvafiq qaydada məhkəməyə müraciət edə bilər.

13.4. Məhkəmə topologiyaya hüquqlarla əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa, hüquqların tanınmasını, hüquqlar pozulan ana qədər olan vəziyyətin bərpa edilməsini və hüquqları pozan yaxud pozmaq təhlükəsi yaradan hərəkətlərin kəsilməsini və zərərin ödənilməsindən başqa iddiaçının tələbi ilə aşağıdakıları da tətbiq edə bilər:

13.4.1. pozuntuya yol verən şəxsdən zərərin ödənilməsi üçün topologiyaya hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması;

13.4.2. zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə iki yüz iyirmi manatdan min beş min beş yüz manatadək kompensasiyanın ödənilməsi. [4]

13.5. Məhkəmənin qərarı ilə zərərin ödənilməsi ilə yanaşı, topologiyaya hüquqları pozan şəxsdən iddiaçının xeyrinə tutulan məbləğin 10 faizi həcmində dövlət büdcəsinə cərimə tutulur və ya onun əvəzinə qanunvericilikdə nəzərdə tutulan digər ödənişlər götürülə bilər.

13.6. Məhkəmə, qeyri qanuni istehsal edilmiş İS mütəxəssislərinin və bu cür İS-lərdən ibarət olan məmulatların, həmçinin onların hazırlanması üçün istifadə olunmuş materialın məhv edilməsi və ya material və avadanlıqların dövlət mülkiyyətinə verilməsi yaxud vurulmuş ziyanın əvəzində iddiaçının xahişi ilə ona verilməsi haqqında qərar çıxara bilər.

 

III fəsil

Yekun müddəaları

 

Maddə 14. Topologiyaya hüquqların xarici ölkələrdə qorunması

 

Topologiyanın müəllifi yaxud digər hüquq sahibi xarici ölkələrdə topologiyaya hüquqların qorunmasının təmin edilməsini qanunvericilikdə müəyyən edilmiş qaydada xahiş edə bilər. Bununla bağlı xərcləri bu məqsədlə müraciət edən şəxs yaxud onunla bağlanmış müqavilə əsasında digər fiziki və ya hüquqi şəxs ödəyir.

 

Maddə 15. Qanunun qüvvəyə minməsi

 

Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

 

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 may 2002-ci il

№ 337-IIQ

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462)

2.       28 oktyabr 2008-ci il tarixli 708-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 16 dekabr 2008-ci il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1047)

3.       4 may 2018-ci il tarixli 1135-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2018-ci il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1174)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 4 may 2018-ci il tarixli 1135-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2018-ci il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1174) ilə 11.1-ci, 11.5-ci və 11.6-cı maddələrdə “orqanında” sözü “orqanının yaratdığı qurumda” sözləri ilə əvəz edilmişdir.

 

[2] 4 may 2018-ci il tarixli 1135-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2018-ci il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1174) ilə 13.1-ci maddəyə “orqanının” sözündən sonra “yaratdığı qurumun” sözləri əlavə edilmişdir.

 

[3] 28 oktyabr 2008-ci il tarixli 708-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 16 dekabr 2008-ci il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1047) ilə 13.2-ci maddəsində "kontrafakt" sözü "pirat" sözü ilə əvəz edilmişdir.

 

[4] 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 13.4.2-ci maddəsində “şərti maliyyə vahidinin iki yüz mislindən beş min mislinədək” sözləri “iki yüz iyirmi manatdan min beş min beş yüz manatadək” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status