AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
22.03.1995
QEYDİYYAT NÖMRƏSİ
989
ADI
Azərbaycan Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi tədbirləri haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 31-03-1995, Nəşr nömrəsi: 05-06, Maddə nömrəsi: 94)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
350.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi tədbirləri haqqında

Azərbaycan Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi tədbirləri haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

 

Müstəqillik qazandıqdan sonra Azərbaycan xalqı çox əzab-əziyyətlə qarşılaşmış, torpaqlarının işğalçılardan azad edilməsi, ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizədə çoxlu qurbanlar vermiş, məhrumiyyətlərə düçar olmuş, çətinliklə qazandığı müstəqilliyin müdafiəsində mətanətlə dayanmışdır.

Lakin xalqın inamından istifadə edib hakimiyyəti ələ almış Azərbaycan Xalq Cəbhəsinin səriştəsiz, bacarıqsız və dayaz siyasəti bir tərəfdən ictimaiyyətin dərin etirazına səbəb olmuş, digər tərəfdən bu gün də həll edilməsi çətin olan çoxlu problemlər yaratmışdır. Bunun nəticəsində xaricdən dəstək alan mənfur qüvvələr vaxtaşırı fəallaşmış, siyasi hakimiyyəti qanunsuz yolla ələ almaq iddiasına düşmüşlər. Həmin qüvvələrlə üzləşən, ölkəni idarə etməkdə acizlik çəkən və xalqın inamını itirən AXC rəhbərliyi 1993-cü ilin iyununda hakimiyyətdən getməli oldu.

Belə bir vəziyyətdə dövlətçiliyinin itirilməsi təhlükəsi qarşısında qalmış Azərbaycan xalqı zəngin dövlət rəhbərliyi təcrübəsinə və siyasi nüfuza malik olan Heydər Əlirza oğlu Əliyevi özünə rəhbər tələb etdi. Heydər Əliyev xalqın təkidi ilə respublikada yaranmış son dərəcə gərgin vəziyyətin normallaşdırılması və sabitləşdirilməsi üçün sağlam qüvvələrin köməyi ilə qardaş qırğınının, Azərbaycan dövlətinin parçalanmasının qarşısını aldı, milli birliyə aparan siyasət xəttini həyata keçirməyə başladı, demokratik yolla, alternativ əsasla Azərbaycan Respublikasının dövlət başçısı—prezidenti seçildi.

Azərbaycan cəmiyyəti demokratik inkişaf yolunda bir addım da irəlilədi və möhkəmləndi.

Xalqın möhtəşəm iradəsi əsasında Azərbaycan Respublikası dünya birliyinin tamhüquqlu üzvü kimi ardıcıl daxili və xarici siyasət aparmağa başladı.

Yüksək hərbi intizama və döyüş hazırlığına əsaslanan nizami ordunun yaradılmasına başlanıldı. Ordu quruculuğu üçün xüsusi əhəmiyyətə malik parlament nəzarətini, səlahiyyətlərin dəqiq bölgüsünü, silahlı qüvvələrin təyinatını, statusunu təsbit edən Azərbaycan Respublikası qanunları qəbul edildi.

1993-cü ilin axırlarında—1994-cü ilin əvvəllərində erməni işğalçılarına qarşı mübarizədə ilk hərbi uğurlar qazanıldı. Mənfur daxili və onları dəstəkləyən xarici qüvvələrin təsirinə baxmayaraq geriləmənin qarşısı alındı. On ay bundan əvvəl əldə edilmiş atəşkəsə indi də əməl olunur.

Cəmiyyət həyatının bütün sahələrində yeni münasibətlərə yol açmaq, islahatların əsaslarını yaratmaq üçün tədbirlər görülür və davam etdirilirdi.

Azərbaycan Respublikasının müstəqillik zəminində ardıcıl, tarazlaşdırılmış xarici siyasəti nəticəsində dövlətimizin beynəlxalq nüfuzu daha da yüksəldi. Xarici dövlətlərin, iri maliyyə, biznes təşkilatlarının Azərbaycan Respublikası ilə bərabər əsaslarla, mənafelərin qarşılıqlı közlənilməsi əsasları ilə əməkdaşlıq meylləri gücləndi. 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft şirkəti ilə xarici şirkətlər arasında əsrin kontraktı bağlandı.

Aparılan digər tədbirlərlə yanaşı həmin sazişin Azərbaycan cəmiyyətinin inkişafına, iqtisadiyyatın dirçəlməsinə, Azərbaycan Respublikasının beynəlxalq mövqelərinin möhkəmlənməsinə, xalqın vəziyyətinin yaxşılaşmasına, Ermənistan tərəfindən işğal edilmiş torpaqların azad olunmasına real təsirindən xoflanan cinayətkar ünsürlər, xarici hərbi-sənaye marağını güdən və Azərbaycan Respublikasının müstəqilliyini öz çirkin məqsədlərinə qurban verməyə hazır olan, Azərbaycanı başqa dövlətlərin himayəsində görmək, hətta onu quberniyalara belə bölmək istəyən qüvvələr dərhal təşvişə düşdülər və məkrli planlar həyata keçirməyə başladılar. Xüsusilə ağır cinayətlər üstündə məhkəmə istintaqı altında olan sabiq müdafiə naziri Rəhim Qazıyevi, sabiq müdafiə nazirinin müavini Baba Nəzərlini, Əlikram Hümbətovu, Arif Paşayevi Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından, ölüm cəzasına məhkum olunmuş digər şəxsləri həbsxanadan qaçırtdılar, yüksək dövlət vəzifəli şəxslər barədə terror aktları həyata keçirdilər. Cəmiyyətdə gərginliyə nail olduqdan sonra Azərbaycan dövlətçiliyinə daha ağır zərbə vurmaqla, qanunsuz yolla zorakılıq tətbiq etməklə, xalqın iradəsinə zidd surətdə siyasi hakimiyyəti ələ keçirməyə cəhd göstərdilər.

Sabiq Baş nazir Surət Hüseynov, daxili işlər nazirinin sabiq müavini Rövşən Cavadov və başqaları xaricdən idarə olunan Ayaz Mütəllibovun, Rəhim Qazıyevin, Əlikram Hümbətovun, Vaqif Hüseynovun, onların daxili havadarlarının əlində alətə çevrildilər. Vəzifədə olduğu dövrdə öz nadanlığı, süstlüyü, səriştəsizliyi ilə seçilən və bu qüsurları aradan qaldırmaq istəməyən, idarəçilik vərdişlərinə yiyələnməyən Surət Hüseynov nəinki üzərinə düşən dövlət vəzifələrini yerinə yetirməyə cəhd göstərmir, həm də qanunsuz silahlı dəstələr saxlayır, onları maliyyələşdirir, qanuna zidd hərəkətlərə təhrik etdirirdi. Bununla yanaşı, Rövşən Cavadov qardaşı, Bakı şəhəri Xətai rayonunun sabiq prokuroru Mahir Cavadovla birlikdə tabeliyində olan xüsusi təyinatlı polis dəstəsinin (XTPD) şəxsi heyətini, döyüş texnikasını və bazasını nəzarətində saxlayıb onlardan qeyri-qanuni surətdə istifadə edib, tamahkar niyyətlərini həyata keçirməkdə vasitəyə çevirirdilər. Bütün bunlar dövlət orqanlarının normal işini pozur, onların nüfuzuna xələl gətirir, əhalini qorxuya salırdı. həmin qüvvələr birləşərək hakimiyyətə qarşı sui-qəsd törətməyə, qanuni hakimiyyəti sarsıtmağa və devirməyə çalışırdılar. Dövlət rəhbərliyinin milli birlik, vəziyyətin nizamlanması üçün atdığı addımlar, gördüyü tədbirlər, həmin qüvvələri müəyyən qədər cilovlasa da, onlar əvvəlcədən düşünülmüş məkrli planlarından əl çəkə bilmədilər.

1994-cü il oktyabrın 2-də Surət Hüseynov və Rövşən Cavadovun başçılığı ilə dövlət çevrilişinə silahlı cəhd göstərildi, Mahir Cavadovun rəhbərliyi ilə XTPD-nin və cinayətkar ünsürlərin qüvvələri respublika prokurorluğuna silahlı basqın etdilər, vəzifəli şəxslər barədə zorakılıq tətbiq etdilər, prokurorluğun işini pozdular, dövlət əmlakına ziyan vurdular. Mahir Cavadov əvvəlcədən düşünülmüş plan üzrə vəzifələrin həyata keçirilməsini davam etdirmək üçün Surət Hüseynova və Rövşən Cavadova məlumat verdi. Surət Hüseynovun qanunsuz yaratdığı Gəncədə yerləşən silahlı dəstələr, onun göstərişi əsasında silahlı basqın yolu ilə Gəncə şəhərində qanuni icra hakimiyyətini, hüquq mühafizə orqanlarını, dövlət əhəmiyyətli obyektləri ələ keçirdilər və öz hərəkətlərini digər rayonlarda davam etdirməyə çalışdılar. Rövşən Cavadov məsləkdaşları ilə birlikdə hakimiyyət orqanlarını qanunsuz güzəştlərə və vəzifəli şəxsləri istefa verməyə məcbur etmək üçün bəyanatlar, tələblər irəli sürməyə başladı.

Azərbaycan Respublikası Prezidentinin və digər vəzifəli şəxslərin vəziyyəti sabitləşdirmək üçün gördükləri tədbirlər, xalqın əzmi çevriliş etməyə çalışan qüvvələri taqətdən saldı və Azərbaycan Respublikası Prezidentinin çağırışı ilə qısa vaxt ərzində Prezident sarayı qarşısında yüz minlərlə adam toplaşdı. Xalq qanunçuluğu, demokratiyanı, qanuni seçilmiş Prezidenti, dövlətçiliyi müdafiə etdi. Xalqın bu qəzəb dalğasından qorxan Surət Hüseynov, Rövşən Cavadov öz cinayətkar niyyətlərinin həyata keçirilməsini dayandırmağa məcbur oldular. Rövşən Cavadov məsuliyyətdən yaxa qurtarmaq üçün xalq qarşısında, sonradan aşkar olduğu kimi, səmimi olmayan peşmançılığını bildirdi.

Surət Hüseynovun silahlı qüvvələri tərk-silah edildi, onun cinayət yoldaşları və müxtəlif dövlət vəzifələrində oturan məsləkdaşları həbs edildi, özü isə havadarlarının köməyi ilə respublikadan qaçaraq xaricdə sığınacaq tapdı. Rövşən Cavadov və onun tərəfdarları isə xalqa və qanuni hakimiyyətə sadiq olacaqlarını və doğru yola qayıdacaqlarını bildirdilər.

Həmin dövrdə bəzi qüvvələr dövlətçiliyin mənafeyinə zidd mövqe tutmaqla düzünə və dolayısı ilə hakimiyyət sui-qəsdçilərini müdafiə etdilər, onlara mənəvi, fiziki və maddi kömək göstərdilər. Dövlət rəhbərliyi milli birlik naminə qanuni yoldan çıxanları, səhv edənləri doğru yola qaytarmaq üçün onlara xəbərdarlıq etməklə yanaşı şərait yaratdı və düşünüb daşınmaq, bəd əməllərdən çəkinmək üçün daha bir imkan verdi.

Dövlət çevrilişi planı puça çıxdı, Azərbaycan dövlətçiliyi daha bir amansız sınaqdan keçdi, bütün zərərli təsirlərə baxmayaraq möhkəmlənməkdə və nüfuzunu artırmaqda davam etdi.

Azərbaycan Respublikasının müstəqilliyinə qarşı yönəldilən qəsdlərin qarşısını almaq məqsədilə, dövlət orqanlarının və ictimai təşkilatların, vətəndaşların qəti tədbirlər görülməsi haqqında müraciətlərini nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasının 121—4-cü maddəsinin 16-cı bəndinə və “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Bakı şəhərində fövqəladə vəziyyət elan olunması və fövqəladə vəziyyət rejiminin təmin edilməsinin müdafiə, daxili işlər və milli təhlükəsizlik qüvvələrinə tapşırılması barədə Azərbaycan Respublikası Prezidenti 1994-cü il oktyabrın 4-də fərman verdi. Həmin fərman Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 5 oktyabr tarixli qərarı ilə təsdiq edildi. Fövqəladə vəziyyətin müddətinin uzadılması haqqında Azərbaycan Respublikası Prezidentinin sonrakı fərmanları da Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq olundu və hal-hazırda da Bakı şəhərində fövqəladə vəziyyət rejimi qüvvədədir.

Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Milli Məclisinin qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi barədə müraciətləri, hüquq mühafizə orqanlarının səyi nəticəsində xeyli odlu silah, döyüş sursatı təhvil verildi və ya aşkar edilib götürüldü.

Əsrin kontraktının—neft sazişinin icrası üçün mühüm əməli işlər həyata keçirildi. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı, rəhbər komitənin yüksək səviyyədə ilk iclası keçirildi, kontrakt üzrə 1995-ci ilin büdcəsi təsdiq olundu, Azərbaycan Respublikasının investisiya payının maliyyələşdirilməsi üçün, neft kəmərinin çəkilməsi marşrutu üzrə, digər neft-qaz yataqlarının xarici investorların iştirakı ilə işlənməsi istiqamətində danışıqlar aparıldı.

Fəal və tarazlaşdırılmış daxili və xarici siyasət aparılması nəticəsində iqtisadiyyatın tənəzzülünün, inflyasiyanın güclən-məsinin, manatın dəyərdən düşməsinin qarşısının alınması meylləri yarandı.

İqtisadi, aqrar, torpaq, dövlət quruculuğu, məhkəmə-hüquq islahatlarının aparılması üçün əhəmiyyətli tədbirlər həyata keçirilir-di. Özəlləşdirməyə başlamaq üçün sonuncu hazırlıq işləri başa çatırdı. Azərbaycan Respublikası vətəndaşının pasportlarının və şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılması üçün zəruri işlər yekunlaşdırılırdı. Müstəqillik əldə etdikdən sonra ilk dəfə demokratik parlament seçkiləri keçirilməsi üçün lazımi işlər görülür: qanun layihələri işlənir, beynəlxalq konfranslar, seminarlar keçirilməsi davam etdirilirdi, Həmin qanunların və Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazırlanmasının başa çatdırılması və yaxın vaxtlarda müzakirəsi nəzərdə tutulurdu.

Beynəlxalq maliyyə təşkilatları ilə uğurlu danışıqlar bu yaxınlarda öz nəticələrini verəcəkdi. Yenikənd su elektrik stansiyasının tikintisini başa çatdırmaq üçün Avropa Yenidənqurma və İnkişaf Bankından kredit alınması barədə saziş təsdiq edilmiş və həmin vəsaitin qoyuluşu közlənilirdi.

Dünya Bankı, Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan Respublikasına böyük məbləğdə güzəştli kredit ayrılması barədə razılıqlar əldə edilmiŞdi və həmin kreditin bir hissəsinin verilməsi məsələsi aprel ayında həll edilməli idi.

Belə şəraitdə Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənəcəyindən narahat olan bədxah qüvvələr, qanuni yolla hakimiyyətə gəlmək üçün səriştə, bacarıq, mənəvi və siyasi keyfiyyətlərinin olmadığını, xalqın onlara inanmadığını və dayaq durmadığını başa düşərək, qeyri-konstitusion yolla, zorakılıqla hakimiyyətin ələ alınmasına sonuncu şans kimi bir daha əl atdılar.

Rövşən və Mahir Cavadov qardaşları və onların ətrafında olan adamlar dövlət rəhbərliyinin milli birlik naminə gördüyü tədbirlərdən nəticə çıxarmadılar, yenə də hakimiyyətin zorakılıqla ələ alınmasının əsas icraçıları oldular. Bunun əsası hələ AXC hakimiyyəti dövründə qoyulmuşdu. AXC nə öz hakimiyyəti, nə də sonrakı dövrdə nəinki özünə qanuni status əldə etmədi, həm də üzvlərini və tərəfdaşlarını qanunsuz yollarla silahlandırdı və silahlı dəstələr yaratdı. Əvvəllər erməni silahlı quldurları ilə, ağır cinayətlərlə mübarizə aparmış və müəyyən xidmətlər göstərmiş Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı milis dəstəsi (xüsusi təyinatlı polis dəstəsi) 1992-ci ildə və 1993-cü ilin birinci yarısında tədricən təyinatı üzrə istifadə olunmamış, ayrı-ayrı bədniyyətli adamların, cinayətkarların mənafeyinə xidmət etməyə başlamış, onun bir çox üzvləri qanunsuz kommersiya əməliyyatlarına, narkotik maddələr, silah alverinə, qaçaqmalçılığa və digər cinayətlərə qurşanmış, vəzifəli şəxslərdən və vətəndaşlardan pul qoparmaqla məşğul olmuşlar. Sabiq daxili işlər naziri İsgəndər Həmidov XTPD-nin daha da azğınlaşması, cinayətkar qruplarla birləşməsi üçün şərait yaratmış, həmin dəstəyə rəhbərlik edən XTPD komandiri Rövşən Cavadovun əməllərinin qarşısını almaq əvəzinə, onu daxili işlər nazirinin müavini vəzifəsinə təqdim. etmiş və sabiq prezident Əbülfəz Əliyevin sərəncamı ilə o, həmin vəzifəyə təyin olunmuşdur. Bundan sonra Rövşən Cavadov XTPD-ni öz məqsədləri üçün daha çox tabeliyinə cəlb etmiş, digər maliyyə, kommersiya təşkilatları ilə qanunsuz əlaqələrə girmiş və bu işdə onun qardaşı, Bakı şəhəri Xətai rayonunun sabiq prokuroru Mahir Cavadov xüsusi rol oynamışdır. Onların bu qanunsuz hərəkətlərinə DİN-in və respublikanın sabiq rəhbərliyi köz yummuş və onlar qarşısında acizlik göstərmişlər. Nəticədə onlar idarə olunmaz bir qüvvə, cəmiyyət üçün ciddi təhlükə mənbəyi olmuşlar. Qanunsuz yollarla əldə edilmiş külli miqdarda var-dövlət, bahalı xarici avtomaşınlar, xalqın və dövlətin mənafeyinə biganəlik, mənəvi-əxlaqi dəyərlərin itirilməsi Cavadov qardaşlarını uçuruma sürüklədi. Onlar tədricən yüksək dövlət vəzifələri tutmaq, ən nəhayət, dövlət çevrilişinə cəhd edərək dövlət hakimiyyətini zorakılıqla ələ almaq niyyətinə düşdülər. həm respublikadakı havadarlarının təsiri altında, həm də xaricdə olan ayrı-ayrı dairələrin, qüvvələrin göstərişi əsasında Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa yenidən cəhd göstərdilər. Onlara rəvac verənlər, qızışdıranlar, havadarlıq edənlər, onları maliyyələşdirənlərlə yanaşı, bu işlərə ayrı-ayrı siyasi partiyaların, ictimai təşkilatların nümayəndələri də qoşulmuşdu. Respublikamıza qarşı düşmənçilik mövqeyi tutan Ayaz Mütəllibov, Surət Hüseynov, Rəhim Qazıyev və başqaları özlərinin çirkin mənafeləri üçün bu vəziyyətdən müxtəlif yollarla istifadə etməyə çalışırdılar.

Azərbaycan Respublikası Prezidentinin xaricdə rəsmi səfərdə olmasından istifadə edən qüvvələr dövlət çevrilişi cəhdinə başladılar. Martın 12-dən 13-nə keçən gecə uzun müddət benzin, narkotik maddələr, silah alveri və qaçaqmalçılıqla məşğul olan, qanuni tabelikdən çıxmış XTPD-nin Qazax rayonunda yerləşən bölməsi əvvəlcə Qazax rayonunun hakimiyyət orqanlarını devirmiş, hərbi hissələrdən birinə basqın edərək 5 ədəd zirehli döyüş  maşınını ələ keçirmiş, sonra Ağstafa rayonunun hakimiyyət orqanlarını devirmişdir. Onlar 600 ədəd qanuni saxlanılan odlu silahı, 3 ədəd avtotexnikanı ələ keçirmiş, Ağstafa rayon DİŞ-nin istintaq təcridxanasında saxlanılan və sonradan onlara qoşulan 14 şəxsi azad etmiş, dövlətə böyük miqdarda zərər vurmuşlar.

Əvvəlcədən hazırlanmış plana görə onlar digər rayonları da tutmalı, fövqəladə vəziyyət rejiminin son vaxtlar lazımınca təmin edilmədiyi Bakı şəhərində də çevriliş həyata keçirilməli idi.

Hadisələri dinc məcraya qaytarmaq məqsədi ilə dövlət rəhbərliyi tərəfindən Daxili İşlər Nazirliyinin digər yüksək vəzifəli şəxsləri ilə birlikdə Rövşən Cavadov da bölgəyə ezam olunmuşdu. Lakin o, tapşırılan işi görmək əvəzinə qızışdırıcı mövqe tutmuş, özbaşına geri qayıtmışdı.

Martın 13-dən 14-nə keçən gecə həmin silahlı dəstə Tovuz, Gəncə bölgələrini zəbt etmək üçün Tovuz rayonunda yerləşən hərbi hissəyə basqın etmiş və döyüş nəticəsində darmadağın edilmiş, basqında iştirak edən şəxslər həbs olunmuşdur. Basqınçılardan raketlər, 242 avtomat, xeyli xüsusi tüfənglər, qumbaralar, qumbaraatanlar və digər  qurğular, döyüş sursatı, 2 tank, 3 zirehli döyüş maşını, sursat yüklənmiş 3 yük avtomaşını və s. texnika, 13 minik avtomaşını götürülmüşdür.

Qazaxdan qayıtdıqdan sonra Rövşən Cavadov Bakı şəhərinin 8-ci kilometr qəsəbəsində yerləşən XTPD-nin bazasına gəlmiş, həmin dəstəni silahlı dövlət çevrilişini davam etdirməyə hazırlamışdır.

Martın 14-də Ali Sovetin binası yaxınlığında Azərbaycan Respublikası Ali Dövlət hakimiyyət və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsi rəisinin müavini Fəxrəddin Quliyevə XTPD-nin əməkdaşları Əli Əliyev və İlqar Məmmədov xəsarət yetirmişlər, onlar yaxalanmış, tərk-silah edilmiş, onlardan və İlqar Məmmədovun qohumundan qanunsuz saxlanılan avtomat silahlar, qumbaralar və güllələr də tapılıb götürülmüşdür.

həmin gün daxili işlər nazirinin əmri ilə XTPD qanuni tabelikdən çıxdığına görə ləğv edildi, işində ciddi qüsurlara yol verdiyinə, qanunu pozduğuna görə Rövşən Cavadov vəzifədən azad olundu.

Martın 15-də XTPD-nin və Cavadovların qanunsuz hərəkətlərinin davamı olaraq 50-dək əmrə tabe olmayan XTPD üzvü Bakı şəhəri Nizami rayonunun polis idarəsinə silahlı basqın etmiş, həmin basqının qarşısı alınarkən idarənin iki əməkdaşı yaralanmışdır.

Törətdiyi cinayətlərə görə Daxili İşlər Nazirliyinin qüvvələri tərəfindən yaxalanması üçün əməliyyat keçirilərkən Mahir Cavadov yaşadığı mənzildə ətrafında olan XTPD-nin əmrə tabe olmayan 40-dək üzvü ilə müqavimət göstərmiş, onunla bir blokda yaşayan adamları girov saxlamış və 7-ci mərtəbədən qumbaraatanla atəş açaraq qanuni fəaliyyət göstərən 8 polis əməkdaşını, o cümlədən iki nəfəri ağır yaralamışlar. Sonra ətrafında olanlarla birlikdə mənzili tərk etmişdir. Mahir Cavadovun yaşadığı binadan və qarajından 2 “Mersedes”, 1 “Cip” avtomaşını, 4 qumbaraatan, 8 avtomat, hərbi ləvazimat aşkar edilib götürülmüşdür.

Azərbaycan Respublikası Prezidenti martın 15-də televiziya və radio ilə çıxışında Rövşən Cavadovu, onun dəstəsini, daxildən və xaricdən ona havadarlıq edən, güc verən, onu istiqamətləndirən, bu işlərə sövq etdirən qüvvələri Azərbaycanı dağıtmaqdan, qan tökməkdən çəkinməyə çağırmış, Azərbaycan dövlətçiliyini qorumağın vacibliyi barədə müraciət etmiş, ictimaiyyətin təsirindən istifadə etməyə çalışmış, XTPD-nin əmrə tabe olmayan üzvlərinin çirkin əməllərdən əl çəkəcəkləri, silahı təhvil verəcəkləri təqdirdə, əfv olunacağına, işlə təmin ediləcəyinə, onlara qayğı göstəriləcəyinə təminat vermiş və bunları martın 16-da verdiyi fərmanla təsdiqləmişdir. Martın 16-da keçmiş XTPD-nin komandiri Şahmuradovu və onun müavini Cəfərovu qəbul etmiş, bir daha silahı yerə qoymağın, cinayət yolundan qayıtmağın vacibliyini onlara izah etmişdir.

Lakin bütün mümkün vasitələrdən istifadə edilməsi müsbət nəticə verməmişdir. Rövşən Cavadov açıq-aşkar dövlət çevrilişi etmək üçün hazırlığı genişləndirmiş, müxtəlif cinayət qrupları ilə, adamlarla, cürbəcür siyasətbazlarla danışıqlar aparmışdır.

Azərbaycanda yeganə real qüvvə olduğunu, Azərbaycan Respublikasının rəhbərliyini zorakılıqla dəyişdirmək istədiyini, bu yolda vətəndaş müharibəsindən də çəkinməyəcəyini, hakimiyyəti ələ keçirdikdən sonra qeyri-konstitusion qurum (siyasi şura) yaradıb ona rəhbərlik edəcəyini və ayrı-ayrı partiyaların nümayəndələrini həmin quruma (siyasi şuraya) dəvət edəcəyini bəyan etmişdir. həqiqətə uyğun gəlməyən həmin məlumatlar, təəssüflə qeyd edilməlidir ki, heç də həmişə xoş niyyət güdmədən daxili və xarici kütləvi informasiya vasitələri tərəfindən bütün dünyaya yayılmışdı.

Martın 16-da Rövşən Cavadovun atası Bəxtiyar Cavadovun ona müraciəti: Fərman bəylərin, Tofiq bəylərin şəxsi mənafelərinə uymamaq, silahı yerə qoymaq, dövlətə tabe olmaq çağırışları da, sonradan məlum olduğu kimi, artıq Rövşən Cavadovun azərbaycanlı kimi, ən mühüm əxlaqi keyfiyyətləri belə itirdiyini bir daha təsdiq edir.

Martın 16-da axşam Rövşən Cavadov və onun havadarları dövlət çevrilişini həyata keçirmək üçün öz dəstələrini 4 qrupa bölərək onlara: 1) Prezident sarayını tutmaq, Azərbaycan Respublikası Prezidentini fiziki məhv etmək və ya həbs etmək; 2) Ali Sovetin binasını tutmaq; 3) Daxili İşlər Nazirliyini tutmaq; 4) Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətini tutmaq və xalqa müraciət etmək vəzifələrini tapşırmışdı. Keçmiş XTPD-nin qüvvələri eyni zamanda pusqular qurmuş, iriçaplı pulemyotlarla və başqa növ silahlarla silahlanmış 15—20 nəfərdən ibarət qruplarla ətrafdakı yaşayış evlərinin, məktəbin, uşaq bağçasının damlarında yerləşərək bütün ətrafı nəzarət altına almışdılar.         

Azərbaycan Respublikasının suverenliyi, toxunulmazlığı və mənafeyi, əhalinin təhlükəsizliyi, ictimai qaydanın qorunması silahlı müdafiəni, silahlı hücumun qarşısını almaq üçün qəti tədbirlər görülməsini tələb edirdi.

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə müvafiq olaraq keçmiş XTPD-nin qüvvələrinin yerləşdiyi ərazinin kiçik kontingentlə mühasirəyə alınması və silahlı hücum olduqda qarşısının alınması üçün müdafiə və daxili işlər nazirlikləri tərəfindən zəruri tədbirlər görülməyə başlanıldı. Martın 17-də gecə təxminən saat 2 radələrində keçmiş XTPD hücuma keçərək, birinci atəşlə hərbi qulluqçulardan 4-nü öldürmüş, 5-ni yaralamış və əllərində olan bütün vasitələrlə atəşi davam, etdirmişdir. Hökumət qüvvələri yalnız saat 4 radələrində əks tədbirlər görməyə məcbur olmuş, saat 8 radələrində qadınlara və uşaqlara xətər yetirdiklərinə görə keçmiş XTPD qüvvələrini bazaya sıxışdırmağa və onların atəş nöqtələrini sıradan çıxarmağa başlamışlar. Saat 9 radələrində keçmiş XTPD-nin bazasından “ağ bayraq” qaldırılmış və hökumət qüvvələri atəşi dayandırmışlar. Lakin sonra keçmiş XTPD-nin üzvləri danışıqlar aparmaq üçün bazaya yaxınlaşan 2 hərbi qulluqçuya atəş açaraq onları öldürmüşlər. Keçmiş XTPD-nin üzvləri bu vəziyyətdən istifadə edib qüvvələrini yaxınlıqda yerləşən məktəbə toplaşmışlar. Hökumət qüvvələrinin qanuni tədbirləri davam etdirməsi nəticəsində keçmiş XTPD-nin qüvvələri saat 1140 radələrində təslim olmağa və ya qaçmağa məcbur olmuşlar.

Keçirilmiş əməliyyatlar nəticəsində Bakı şəhərindən, o cümlədən keçmiş XTPD-nin bazasından 208 avtomat, 27 növ pulemyot, 13 qumbaraatan, 2 minaatan, 4 idarə olunmayan reaktiv qurğu, 5 tank əleyhinə idarə olunan raket, 10 “Strela” zenit raket kompleksi, 30 mm çaplı top, 2 “QŞ” top qurğusu, döyüş sursatı yüklənmiş 2 “KAMAZ” avtomaşını, 30 müxtəlif tipli radiostansiya, 4 qərargah avtomaşını, 59 hərbi lazer cihazı, 36 hərbi maşın, digər döyüş sursatı, hərbi ləvazimat, habelə keçmiş XTPD-nin bazasından “Mersedes”, “Audi”, “Pejo”, “Opel” və digər markalı 20 minik maşını, böyük ərzaq ehtiyatı, xeyli giliz aşkar edilib götürülmüşdür.

Rövşən Cavadovu və onun cinayətkar məqsədlərini Azərbaycan Xalq Cəbhəsi, Azərbaycan Boz Qurd Partiyası və digər təşkilatların nümayəndələri dəstəkləmiş, bir sıra təşkilati tədbirlər həya-ta keçirmiş və yardım göstərmişlər.

16 mart axşamı XTPD-nin bazasında təxminən 400 nəfər silahlı adam, o cümlədən Azərbaycan Boz Qurd Partiyasının və digər təşkilatların nümayəndələri müşahidə olunmuşdu.

Surət Hüseynovun tərəfdarı, onun qohumu, 1994-cü il 2—4 oktyabr çevrilişi cəhdinin fəal icraçısı olan Kəramət Kərimovun başçılığı altında olan silahlı qüvvələrin Gürcüstan Respublikası ərazisində cəmləşdiyi və Rövşən Cavadovdan siqnal közlədiyi məlum olmuşdur.

Hadisələr ərəfəsində Ayaz Mütəllibov və Surət Hüseynov müntəzəm olaraq Mahir və Rövşən Cavadov qardaşları ilə daim, əlaqələr saxlamış, Azərbaycana gedəcəklərini, sabitliyi təmin edib, dövlətə rəhbərliyi öz üzərlərinə götürəcəklərini də bəyan etmişdilər.

Bütün bunlara baxmayaraq dövlət konstitusiya quruluşuna sui-qəsdin, digər ağır cinayət əməllərinin, çevriliş cəhdinin qarşısını aldı.

Törədilən dövlət cinayətləri Azərbaycana müəyyən zərbələr vursa da, qan tökülsə də, müstəqil Azərbaycan dövlətçiliyini bir daha sınaqdan çıxardı. Onun möhkəm, qüdrətli olduğunu göstərdi, qanunsuz zor işlətməyin mənasızlığını sübut etdi. Bütün bunlar xalqın müdrikliyinin, milli həmrəyliyinin, inamının, dövlətçiliyə hörmət və ehtiramının güclü olduğunu, Azərbaycan Respublikasının demokratik əsaslarının möhkəmliyini, konstitusiya və qanunlardan kənar fəaliyyətin yolverilməzliyini nümayiş etdirdi.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası vətəndaşlarını, onların siyasi və digər ictimai birliklərini müstəqilliyimizin möhkəmləndirilməsi və demokratiyanın inkişafı, sabitliyin təmin olunması üçün bir daha milli həmrəyliyə, birləşməyə, mənfur niyyətli qüvvələrin vaxtında aşkar edilib ifşa olunmasında fəal mövqe tutmağa, Azərbaycan Respublikasının qüdrətinin və nüfuzunun daha da güclənməsi üçün səylərini əsirgəməməyə çağıraraq qərara alır:

1.   1995-ci il martın 13—17-də xüsusi təyinatlı polis dəstəsinin və onların havadarlarının hakimiyyəti ələ keçirmək məqsədi ilə sui-qəsd düzəltməsi 1994-cü il 2—4 oktyabr hadisələrinin əvvəlcədən düşünülmüş davamı və dövlət çevrilişinə cəhd kimi qiymətləndirilsin. Dövlət çevrilişini mənfur daxili və xarici qüvvələrin birgə hazırladıqları, bunun əsas icraçılarının Rövşən Cavadov, Mahir Cavadov, Elçin Əmiraslanov və başqaları, onları qızışdıran və təhrik edənlərin Ayaz Mütəllibov, Surət Hüseynov, Rəhim Qazıyev və başqaları olduğu, Azərbaycan Xalq Cəbhəsi, Azərbaycan Boz Qurd Partiyası və digər təşkilatların dövlət çevrilişində dolayısı ilə və ayrı-ayrı üzvlərinin bilavasitə iştirak etdikləri qeyd olunsun.

2.   Yaranmış ekstremal şəraitdə Azərbaycan Respublikası Prezidentinin vəziyyəti dinc yolla nizama salmaq, dövlətçiliyi qorumaq üçün bütün mümkün vasitələrdən istifadə etməsi və gördüyü tədbirlər bəyənilsin.

“Bakı şəhərində fövqəladə vəziyyət elan olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 4 oktyabr tarixli fərmanının 4-cü bəndində fövqəladə vəziyyət rejiminin təmin edilməsinin müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirliklərinin qüvvələrinə tapşırılması, həmin fərmanın Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 5 oktyabr tarixli qərarı ilə təsdiq olunması, fövqəladə vəziyyət rejiminin qüvvədə olması, Azərbaycan Respublikasının suverenliyinin və mənafeyinin silahlı müdafiəsi üçün Silahlı Qüvvələrin kiçik kontingentinin tətbiqinin Azərbaycan Respublikası Konstitusiyasına, “Fövqəladə vəziyyət haqqında”, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası qanunlarına müvafiq həyata keçirilməsi, silahlı hücum edən sui-qəsdçilərə qarşı tətbiq olunmuş üsul və vasitələrin göstərilən müqavimətə uyğun olması və şəxsi heyətin tapşırılmış vəzifəni lazımınca yerinə yetirməsi nəzərə alınsın.

3.   Azərbaycan Respublikasının Konstitusiya quruluşunu devirmək, zorakılıqla dəyişdirmək, digər qanunsuz əməllər törətmək məqsədi güdən və belə fəaliyyət metodu ilə işləyən siyasi partiyaların və digər ictimai təşkilatların, kütləvi informasiya vasitələrinin hərəkətlərinin Azərbaycan Respublikası Konstitusiyasına (Əsas Qanununa), “Siyasi partiyalar haqqında”, “İctimai birliklər haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası qanunlarına zidd gəlməsi və belə siyasi partiyaların, digər ictimai təşkilatların, kütləvi informasiya vasitələrinin yaradılmasının və fəaliyyətinin yolverilməz olması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən və Mətbuat və İnformasiya Nazirliyindən tələb edilsin ki, göstərilən təşkilatlar və kütləvi informasiya vasitələri haqqında qanuni tədbirlər görsünlər.

4.   Azərbaycan Respublikası Prokurorluğuna tapşırılsın ki, 1994-cü ilin 2—4 oktyabr, 1995-ci ilin 13—17 mart hadisələrinin təşkilatçılarının, icraçılarının, təhrikçilərinin və onlara yardım göstərən şəxslərin tezliklə müəyyən edilməsini, onların məsuliyyətə cəlb olunmasını, qaçıb gizlənənlərin əlaqədar orqanlarla birlikdə tapılmasını, dövlətə vurulmuş ziyanın təqsirkar şəxslər tərəfindən ödənilməsini təmin etsin, istintaqın gedişi barədə müntəzəm olaraq Azərbaycan Respublikasının Milli Məclisinə məlumat versin.

5.   Bakı şəhərində fövqəladə vəziyyət rejiminin lazımınca təmin edilməməsi ilə əlaqədar Azərbaycan Respublikasının müdafiə, daxili işlər, milli təhlükəsizlik nazirliklərindən tələb edilsin ki, fövqəladə vəziyyət müddətində “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun və qəbul edilən müvafiq fərmanların və qərarların tələblərini dəqiq və dönmədən yerinə yetirsinlər, həmin rejimin gözlənilməsinə cəlb olunan qüvvələrin xidməti borcunu düzgün yerinə yetirməsinə nəzarəti gücləndirsinlər və onların məsuliyyətini artırsınlar.

6.   Azərbaycan Respublikası vətəndaşlarına bir daha müraciət edilsin ki, qanunsuz saxlanılan silahları, döyüş sursatını, hərbi ləvazimatı hüquq mühafizə orqanlarına könüllü təhvil versinlər.

7.   Azərbaycan Respublikası Nazirlər Kabineti dövlət çevrilişinə cəhdin qarşısının alınması zamanı xalq qarşısında öz xidməti borcunu ləyaqətlə yerinə yetirmiş şəxslərin həvəsləndirilməsini, həlak olmuş hərbi qulluqçuların, günahsız vətəndaşların ailə üzvlərinə və yaralanmış hərbi qulluqçulara, günahsız vətəndaşlara xüsusi qayğı göstərilməsini təşkil etsin.

8.   Azərbaycan Respublikası daxili işlər, milli təhlükəsizlik, müdafiə nazirliklərinin, digər dövlət orqanlarının işinin yaxşılaşdırılması, yüksək mənəvi və peşə keyfiyyətlərinə malik mütəxəssislərin hüquq mühafizə və başqa dövlət orqanlarına seçilib yerləşdirilməsi zəruri hesab edilsin.

9.   Rusiya Federasiyasının Federal Məclisinə müraciət edilsin ki, Azərbaycan Respublikasında dövləti cinayətlər törətmiş, Rusiyada yaşayan Azərbaycan Respublikası vətəndaşları Ayaz Mütəllibovun, Surət Hüseynovun, Rəhim Qazıyevin, Əlikram Hümbətovun və başqalarının hüquqi yardım haqqında ikitərəfli müqaviləyə müvafiq surətdə Azərbaycan Respublikasına verilməsinə köməklik göstərsin.

 

Azərbaycan Respublikası Ali Sovetinin sədri

R. QULİYEV.

 

Bakı şəhəri, 22 mart 1995-ci il.

№ 989.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status