"İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
"İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
həmin Qanunun 11.4-cü maddəsində nəzərdə tutulmuş topologiyanın qeydiyyat qaydalarını, şəhadətnamənin verilməsini, topologiyanın qeydiyyatı üçün iddia sənədinə əlavə olunan material və sənədlərin siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
öz səlahiyyətləri daxilində "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
[1]
2.1. “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci, 11.5-ci, 11.6-cı və 13.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 11.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 11.1-ci, 11.5-ci, 11.6-cı və 13.1-ci maddələrində qurum dedikdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur.
3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 noyabr 2002-ci il
№ 814
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 11 iyun 2018-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 iyun 2018-ci il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1212)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
11 iyun 2018-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 iyun 2018-ci il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1212) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2. Müəyyən edilsin ki:
"İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
Həmin Qanunun 11.1-ci, 11.5-ci, 11.6-cı və 13.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi həyata keçirir.