AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
19.09.1995
QEYDİYYAT NÖMRƏSİ
1115
ADI
“Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 15-10-1995, Nəşr nömrəsi: 19, Maddə nömrəsi: 327)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Milli Məclisi “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qərara alır:

1.   “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnamə təsdiq edilsin (əlavə olunur) və dərc edildiyi gündən qüvvəyə minsin.

2.   Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən auditorlar və auditor təşkilatları “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq surətdə 1995-ci il noyabrın 1-dək Auditorlar Palatasında qeydiyyatdan keçsinlər. Həmin vaxtadək Auditorlar Palatasında qeydiyyatdan keçməyən auditorlar və auditor təşkilatları auditor xidməti göstərə bilməzlər.

3.    (Çıxarılıb) [1]

4.   Qeyd edilsin ki, qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dövlət və qeyri-dövlət orqanları, idarələri, təşkilatları auditor xidməti göstərə bilməzlər.

5.   Azərbaycan Respublikasının Nazirlər Kabineti:

Auditorlar Palatasının maddi-texniki bazasının olmadığını nəzərə alaraq, ona müvafiq vəsait ayırsın və başqa maliyyə-təsərrüfat məsələlərini həll etsin;

hökumətin qərarlarını “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununa və bu qərara uyğunlaşdırsın.

6.   Auditorlar Palatasının yeni yaradılmasını nəzərə alaraq respublikada auditor xidmətini inkişaf etdirmək məqsədi ilə palatanın mənfəətindən iki il vergi tutulmasın.

7. Bakı şəhəri İcra hakimiyyətinin başçısına tapşırılsın ki, Auditorlar Palatası üçün bina ayırsın.

Azərbaycan Respublikası Ali Sovetinin sədri

R. QULİYEV.

 

Bakı şəhəri, 19 sentyabr 1995-ci il.

№ 1115.

 

Azərbaycan Respublikası Milli Məclisinin

1995-ci il 19 sentyabr tarixli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında

ƏSASNAMƏ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.    Azərbaycan Respublikasının Auditorlar Palatası (bundan sonra “Palata” adlandırılacaq) auditor xidmətinin dövlət tənzimlənməsini və inkişafını təşkil edən, mülkiyyətçilərin əmlak hüquqlarını, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərini müdafiə edən, öz fəaliyyətində respublikanın qanunvericilik aktlarından irəli gələn tələblərə sərbəst auditorlar və auditor təşkilatları tərəfindən riayət olunmasına nəzarət edən müstəqil maliyyə orqanıdır.

2.    Palata öz fəaliyyətində “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununu, bu Əsasnaməni, eləcə də digər normativ aktları rəhbər tutur.

3.    Palata hüquqi şəxsdir, bankda hesablaşma, valyuta və xüsusi hesabları olmaqla, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan və özünün adı yazılan kirdə möhürə, habelə künc və digər ştamplara malikdir.

4.    Auditor xidmətinin haqqı qeydiyyatdan keçmiş sərbəst auditorlar və auditor təşkilatları ilə müəssisə və təşkilatlar arasında bağlanmış müqavilələr əsasında, hüquq-mühafizə və digər orqanlar tərəfindən müəssisə və təşkilatlarda təftiş və yoxlamalar aparmaq məqsədilə auditorlar cəlb olunduqda isə həmin orqanlar tərəfindən müvafiq qaydada ödənilir.

5.    Palata Bakı şəhərində yerləşir.

 

II. PALATANIN VƏZİFƏ VƏ FUNKSİYALARI

 

6.    Palatanın əsas vəzifəsi mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və dürüst aparılmasını təmin etmək məqsədilə respublikada auditor xidmətinin işini təşkil etməkdən və mövcud qanunvericiliyə uyğun olaraq onun inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirməkdən ibarətdir.

7.    Palata aşağıdakı funksiyaları yerinə yetirir:

Azərbaycan Respublikasında auditor xidməti işlərini təşkilidir və tənzimləyir;

Azərbaycan Respublikası ərazisində sərbəst auditorlara və auditor təşkilatlarına lisenziya verir, onların işlərinə və auditor təşkilatlarının nizamnamələrinin ”Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununa uyğunluğuna nəzarət edir;

sərbəst auditorların və auditor təşkilatlarının uçotunu aparır; [2]

Azərbaycan Respublikası ərazisində auditor xidməti ilə məşğul. olmaq hüququ verən lisenziyaların verilməsi üçün imtahanların keçirilməsi qaydalarını hazırlayır və təsdiq edir;

auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyaların verilməsi üçün imtahan komissiyasının tərkibini və əsasnaməsini hazırlayıb təsdiq edir, imtahan haqqını müəyyən edir;

təsərrüfat subyektinin maliyyə və mühasibat hesabatlarına dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq tələbləri nəzərə alınmaqla auditor rəyinin formalarını, sərbəst auditorların və auditor təşkilatlarının işi haqqında müxtəlif hesabat formalarını hazırlayıb təsdiq edir; [3]

auditor təcrübəsinin ümumiləşdirilməsi və mövcud qanunvericilik aktlarının tətbiqi məsələləri ilə əlaqədar sərbəst auditorlara və auditor təşkilatlarına məsləhətlər verir, auditor xidmətinin inkişafı və təkmilləşdirilməsi üçün təkliflər hazırlayır və onların həyata keçirilməsinə nəzarət edir;

audit aparılmasına dair təlimatlar, tövsiyələr və metodik göstərişlər hazırlayır;

auditor xidməti göstərilməsinin forma və metodlarına dair normativ sənədlər tərtib edir, milli və beynəlxalq təcrübənin daimi öyrənilməsi əsasında müvafiq tövsiyələr hazırlayır;

peşə funksiyalarını lazımi səviyyədə yerinə yetirməməsi ilə əlaqədar sərbəst auditorlara və auditor təşkilatlarına qarşı sifarişçilərin iddialarına respublikanın qanunvericilik aktlarına müvafiq surətdə baxılmasını təmin edir;

sərbəst auditorların və auditor təşkilatlarının hüquqlarının və qanuni mənafelərinin qorunması üçün müvafiq tədbirlər həyata keçirir.

      sərbəst auditor təşkilatı, sərbəst xarici auditor və xarici auditor təşkilatlarının filialı və (və ya) nümayəndəliyinin maliyyə-təsərrüfat fəaliyyətinin «Auditor xidməti haqqında» Azərbaycan Respublikası Qanununa uyğunluğunu yoxlayır və işinə nəzarət edir;

      təkrar audit həyata keçirir;

      dövlət müəssisələrinin özəlləşdirilməsi və ya başqa məqsədlərlə əlaqədar olaraq təsərrüfat subyektlərinin əmlaklarının qiymətləndirilməsinin düzgünlüyünə auditor rəyləri verir. [4]

auditor xidməti göstərən şəxslərə münasibətdə öz səlahiyyətləri daxilində qanunla nəzərdə tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanının funksiyalarını həyata keçirir. [5]

 

III. PALATANIN SƏLAHİYYƏTLƏRİ

 

8. Palatanın aşağıdakı səlahiyyətləri vardır:

sərbəst auditorların və auditor təşkilatlarının apardıqları auditin keyfiyyətini yoxlamaq və auditin aparılmasında qanun pozuntusuna yol verildikdə auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyanı geri almaq;

sərbəst auditorlardan və auditor təşkilatlarından müəyyən edilmiş formada hesabat almaq;

öz səlahiyyətləri daxilində sərbəst auditorlara və auditor təşkilatlarına icrası məcburi olan təlimatlar və metodik göstərişlər vermək;

sərbəst auditorlar və auditor təşkilatları ilə onların sifarişçiləri arasında baş verən müxtəlif xarakterli mübahisələrə baxmaq;

auditorların fəaliyyəti üzrə şikayətlərə baxıb onları həll etmək;

təcrübə mübadiləsi və mütəxəssislər hazırlanması məqsədilə-auditor fəaliyyəti ilə məşğul olan beynəlxalq təşkilatlarla işgüzar əlaqələr yaratmaq və xarici ölkələrdə audit məsələləri üzrə Azərbaycan Respublikasının mənafeyini təmsil etmək;

auditor kadrlarını hazırlamaq və təkmilləşdirmək;

Palatanın səlahiyyətinə aid olan auditor xidmətinə dair başqa məsələləri həll etmək.

      fiziki və hüquqi şəxslərə auditor fəaliyyəti və maliyyə-təsərrüfat münasibətləri sahəsində xidmət göstərmək;

      auditor xidməti göstərən fiziki və hüquqi şəxslər tərəfindən mülki məsuliyyətin icbari sığortası müqaviləsinin bağlanması üçün tədbirlər görmək; [6]

      təsərrüfat subyektləri ilə bağlanmış müqavilələr əsasında auditor xidmətləri göstərmək;

auditor təşkilatları təsis etmək. [7]

 

IV. PALATANIN İDARƏ EDİLMƏSİ

 

9.   Palatanın sədrini və sədr müavinini Azərbaycan Respublikasının Ali Soveti təyin edir. Onlar Mərkəzi dövlət icra orqanları rəhbərlərinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərinə malikdirlər.

10.   Palataya onun sədri rəhbərlik edir. O, Palataya həvalə edilmiş vəzifələrin icrası və onun funksiyalarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

11.   Palatanın strukturunu, ştatını, işçilərin əmək haqqını və xərclər smetasını Palatanın öz vəsaiti daxilində onun sədri, təsdiq edir. Palatanın sədri qüvvədə olan əmək qanunvericiliyinə uyğun olaraq işçiləri işə qəbul və işdən azad edir, onları mükafatlandırır və onlar barəsində intizam tənbehləri tətbiq edir.

12. Cari işlərin aparılması və əməli xidməti funksiyaların yerinə yetirilməsi üçün Palatada idarəetmə orqanı—Şura yaradılır. Şuranın tərkibinə Palatanın sədri, sədr müavini, iki aparıcı şöbənin rəhbərləri, auditor təşkilatlarının seçdiyi bir, sərbəst auditorların seçdiyi bir və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin bir nümayəndəsi daxildir.

13.   Şuranın üzvlərini Palatanın sədri elan edir.

14.   Şuranın iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir.

 

V. AUDİTOR ADI ALMAQ ÜÇÜN İMTAHANLARIN TƏŞKİLİ

 

15.   Auditor adı almaq üçün imtahanları Palatanın təyin etdiyi imtahan komissiyası (bundan sonra komissiya adlandırılacaq) qəbul edir.

16.   Komissiyaya Auditorlar Palatasından üç, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Baş Dövlət Vergi Müfəttişliyinin, Milli Bankın, iqtisadçı alimlərin, sərbəst auditorların və auditor təşkilatlarının hərəsindən bir nümayəndə daxil olur. Komissiyanın tərkibini hər ilin əvvəlində Palatanın sədri elan edir.

17.   Komissiyanın üzvü auditor xidməti sahəsində böyük təcrübəyə və mühasibat uçotu, maliyyə, iqtisadiyyat və hüquq ixtisaslarından biri üzrə azı on il əməli iş stajına malik olmalıdır.

18.   Komissiya üzvlərinə müəyyən edilmiş qaydada əmək haqqı ödənilir.     

 

VI. PALATANIN ƏMLAKI

 

19. Palatanın əmlakı aşağıdakı mənbələr hesabına yaranır:

imtahanların keçirilməsindən və lisenziyaların verilməsindən daxil olan ödənişlər; [8]

auditor təşkilatlarının qeydiyyata alınmasından daxil olan məbləğlər;

sərbəst auditorların və auditor təşkilatlarının (xarici fiziki və hüquqi şəxslər də daxil olmaqla) üzvlük haqları;

təsərrüfat subyektləri ilə bağlanmış müqavilələr əsasında göstərilən auditor xidmətinə görə ödənilmiş məbləğlər;

qanunvericiliklə qadağan olunmayan digər mənbələr;

audit sahəsi üzrə nəşr etdirdiyi təlimatların və metodik göstərişlərin, kitabların, qəzet və jurnalların satışından və qadağan olunmayan digər fəaliyyətdən daxil olan vəsait.

20. Palatanın sərəncamında olan əsas və dövriyyə vəsaitləri onun əmlakı hesab edilir.

21. Qanunvericilikdə nəzərdə tutulan vergilər ödənildikdən sonra Palatanın sərəncamında qalan xalis mənfəət müvafiq fondların yaradılmasına yönəldilir.

22.   Fondların formalaşdırılması və onlardan istifadə qaydalarını Şura təsdiq edir.

 

VII. PALATANIN ÜZVLƏRİ

 

23.    Sərbəst auditorlar və auditor təşkilatları Palatanın üzvləri sayılır.

24.    Palatanın üzvləri müəyyən olunmuş məbləğdə üzvlük haqqı ödəyirlər.

25.    Üzvlük haqqının məbləği Şura tərəfindən müəyyən edilir və ödəyicilərin xərclərinə aid olunur.

 

VIII. MÜHASİBAT UÇOTU VƏ HESABAT

 

26.   Palata öz fəaliyyətinin yekunları barədə yerləşdiyi ərazi üzrə vergi və statistika orqanlarına müəyyən olunmuş qaydada mühasibat və statistika hesabatları verir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 mart 1996-cı il tarixli 37-IQR nömrəli Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı (Azərbaycan Respublikasının Milli Məclisinin Məlumatı, 1966-ci il, № 2)

2.       5 noyabr 1996-cı il tarixli 188-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226)

3.       20 aprel 2004-cü il tarixli 642-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 397)

4.       10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684)

5.       9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938)

6.       1 fevral 2008-ci il tarixli 535-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 152)

7.       30 iyun 2009-cu il tarixli  856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 684) ilə qərarın 3-cü bəndi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Sərbəst auditor adı almaq üçün lisenziya haqqı minimum əmək haqqı miqdarının 30 misli məbləğində, auditor təşkilatının qeydiyyatı haqqı minimum əmək haqqı miqdarının 100 misli məbləğində, xarici auditor təşkilatlarının nümayəndəliklərinin qeydiyyatı haqqı minimum əmək haqqı miqdarının 2000 misli məbləğində, sərbəst xarici auditorun və xarici auditor təşkilatı filialının qeydiyyatı haqqı minimum əmək haqqı miqdarının 200 misli məbləğində müəyyən edilsin.

 

[2] 5 noyabr 1996-cı il tarixli 188-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226) ilə Azərbaycan Respublikasının Auditorlar Palatası haqqındaƏsasnamənin 2-ci bölməsinin 7-ci bəndinin 4- abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

sərbəst auditorları və auditor təşkilatlarını qeydiyyatdan keçirir, uçotunu aparır və onlara qeydiyyat haqqında şəhadətnamə verir;

 

[3] 20 aprel 2004-cü il tarixli 642-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 397) ilə Azərbaycan Respublikasının Auditorlar Palatası haqqındaƏsasnamənin 7-ci bəndinin yeddinci abzasında "hesabatlarına dair" sözlərindən sonra "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq tələbləri nəzərə alınmaqla" sözləri əlavə edilmişdir.

 

[4] 12 mart 1996-cı il tarixli 37-IQR nömrəli Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı (Azərbaycan Respublikasının Milli Məclisinin Məlumatı, 1966-ci il, № 2) ilə "Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə"nin Yeddinci bəndə yeni hissələr əlavə edilmişdir.

 

[5] 30 iyun 2009-cu il tarixli  856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517) ilə “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə”nin 7-ci bəndinə yeni məzmunda on altıncı abzas əlavə edilmişdir.

[6] 1 fevral 2008-ci il tarixli 535-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 152) ilə "Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə"nin 8-ci bəndinə on birinci hissə əlavə edilmişdir, on birinci hissə on ikinci hissə hesab edilmişdir.

 

[7] 12 mart 1996-cı il tarixli 37-IQR nömrəli Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı (Azərbaycan Respublikasının Milli Məclisinin Məlumatı, 1966-ci il, № 2) ilə "Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə"nin Səkkizinci bəndə aşağıdakı redaksiyada yeni hissələr əlavə edilmişdir.

 

[8] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə "Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə"nin 19-cu bəndinin ikinci abzasından "və lisenziyaların verilməsindən" sözləri çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status