AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
03.06.2005
QEYDİYYAT NÖMRƏSİ
247
ADI
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 07-06-2005, Nəşr nömrəsi: 128), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2005, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 484)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.06.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
330.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi barədə [1]

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

1.   Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2.   Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 iyun 2005-ci il

№ 247

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 3 iyun tarixli 247 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə

Komissiya haqqında

ƏSASNAMƏ

I. ÜMUMİ MÜDDƏALAR

1.   Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (bundan sonra - Komissiya) Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 180 nömrəli Fərmanı ilə yaradılmışdır.

2.   Komissiya Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqini təşkil edən, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına nəzarət edilməsi, dövlət qulluqçularının əlavə təhsili, attestasiyası və sosial müdafiəsi sahəsində, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlər barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. [2]

3.   Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

4.   Komissiya bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyalarını yerinə yetirərkən və hüquqları həyata keçirərkən Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası, dövlət orqanları, ictimai, beynəlxalq və digər təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.

5.   Komissiya bilavasitə Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında hesabat verir.

6.   Komissiya müstəqil balansa, sərəncamında olan dövlət əmlakına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı olan möhürə, müvafiq ştamplara, blanklara və bank idarələrində müvafiq hesablara malikdir.

7.   Komissiyanın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. [3]

8.   Komissiya Bakı şəhərində yerləşir.

 

II. KOMİSSİYANIN ƏSAS VƏZİFƏLƏRİ

 

9.   Komissiyanın əsas vəzifələri aşağıdakılardır:

9.1.            dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasəti həyata keçirmək;

9.2. dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması sahəsində təkliflər hazırlamaq, bu sahədə Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının tapşırıqlarını yerinə yetirmək;

9.3. dövlət qulluğu və kadr məsələləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün tələb olunan normativ hüquqi aktların layihələrini hazırlamaq;

9.4.  dövlət qulluqçularının peşə hazırlığı əlavə təhsili sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, bu sahədə işlərin vəziyyətini təhlil etmək və təkliflər hazırlamaq; [4]

9.5. dövlət qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş məlumat bazasını inkişaf etdirmək və ondan səmərəli istifadə olunmasının təmin etmək;

9.6. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 28.1-ci maddələrinə müvafiq olaraq mərkəzləşdirilmiş qaydada vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təşkil etmək;

9.6–1. dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət etmək və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tətbiqi ilə bağlı məsələləri əlaqələndirmək; [5]

9.6-2. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

9.6-3. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək; [6]

9.7. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Komissiyaya həvalə olunmuş digər vəzifələri yerinə yetirmək.

 

III. KOMİSSİYANIN FUNKSİYALARI

 

10. Komissiya bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

10.1. dövlət qulluğunun təkmilləşdirilməsinə dair proqramların və digər sənədlərin hazırlanmasını və həyata keçirilməsini təşkil edir;

10.2.  dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edir;

10.3. dövlət qulluğu vəzifələrini tutmaq üçün müsabiqələrin keçirilməsi qaydalarını hazırlayır və təsdiq edir, həmçinin həmin müsabiqələrin düzgün və şəffaf keçirilməsinə nəzarəti həyata keçirir;

10.4. təlim tələbatlarını müəyyənləşdirir və dövlət qulluqçuları üçün təlim strategiyasını hazırlayır;

10.5.  dövlət qulluqçularının peşə hazırlığı və əlavə təhsili məsələləri üzrə dövlət orqanlarının fəaliyyətini əlaqələndirir; [7]

10.6.  dövlət qulluğu sahəsində , o cümlədən dövlət qulluqçularının etik davranış məsələləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verir və müvafiq normativ hüquqi aktların layihəsini hazırlayır; [8]

10.7.  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını cəlb etməklə dövlət qulluğu sahəsində olan problemlərə dair tədqiqatlar aparır;

10.8.  “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş müsahibənin keçirilməsi qaydasını müəyyən edir; [9]

10.9. dövlət qulluğu haqqında qanunvericiliyin pozulması ilə qəbul edilmiş dövlət orqanlarının qərarlarının ləğv edilməsinə dair təkliflər verir;

10.10. dövlət qulluğu məsələləri üzrə beynəlxalq əməkdaşlığı həyata keçirir və beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında iştirak edir;

10.11. Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının işinə analitik və digər zəruri yardım göstərir;

10.12. dövlət qulluğu sahəsində vəziyyət barədə illik hesabatları və Komissiyanın fəaliyyətnin nəticələrini ictimaiyyətə çatdırmağa yardım edən sənədləri dərc edir;

10.12–1. dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənir və bu barədə məlumatları ümumiləşdirir;

10.12–2. dövlət qulluqçularından və digər şəxslərdən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulması ilə bağlı şikayətlər və məlumatlar qəbul edir;

10.12–3. daxil olmuş şikayətlər və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və təqdimatlar verir;

10.12–4. daxil olmuş materiallarda hüquqpozmaların əlamətləri olduqda, həmin materialları yoxlanılması üçün müvafiq orqanlara göndərir;

10.12–5. dövlət qulluqçularının etik davranış məsələləri üzrə ictimai rəyin öyrənilməsi və bununla bağlı maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görür;

10.13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Komissiyaya həvalə olunmuş digər funksiyaları həyata keçirir.

 

IV. KOMİSSİYANIN HÜQUQLARI

 

11. Komissiyanın öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

11.1. dövlət qulluğunun təkmilləşdirilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək;

11.2. öz vəzifə və funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan məlumatları dövlət orqanlarından, təşkilatlardan, vəzifəli şəxslərdən sorğu etmək və almaq;

11.3. dövlət qulluğu haqqında qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə bu halların aradan qaldırılması üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təkliflər vermək və qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görmək;

11.4. qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqələr keçirmək;

11.5. dövlət orqanlarından vakant olan dövlət qulluğu vəzifələrinin siyahılarını tələb etmək;

11.6. dövlət qulluğunun inkişafına yönəlmiş dövlət və beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək və bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək;

11.7.  qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövri mətbuat orqanı təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

11.8. öz səlahiyyətləri daxilində dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən normativ hüquqi aktlar qəbul etmək;

11.9. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını, dövlət orqanlarını, ictimai və beynəlxalq təşkilatlan cəlb etməklə dövlət qulluğu məsələlərinə dair konfranslar, müşavirələr və seminarlar keçirmək;

11.9–1. dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmalar aparmaq, bu məsələlərlə bağlı tövsiyələr və məruzələr tərtib etmək;

11.9–2. dövlət qulluqçularının etik davranış məsələləri üzrə qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq etmək; [10]

11.10. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. KOMİSSİYANIN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

12. Komissiyanın fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən sədr rəhbərlik edir.

121. Komissiyanın aparatı və Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası komissiyanın vahid sistemini təşkil edir. Komissiya fəaliyyətini aparatı və Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası vasitəsi ilə həyata keçirir. [11]

13. Komissiyanın sədri Komissiyaya həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

13-1. Komissiyanın strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. [12]

14. Komissiya sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən bir müavini vardır.

15. Komissiyanın sədri:

15.1. Komissiyanın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

15.2. Komissiyanın fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə hesabat verir;

15.3. Azərbaycan Respublikasının digər dövlət orqanları ilə Komissiyanın qarşılıqlı fəaliyyətini təmin edir, həmin orqanlarda, həmçinin məhkəmələrdə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Komissiyanı təmsil edir;

15.4. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komissiyanın aparatının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir; [13]

15.4-1. Komissiyanın aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir; [14]

15.5. Komissiya sədrinin müavininin vəzifə səlahiyyətlərini müəyyən edir;

15.6. Komissiyanın işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərini görür;

15.7. Komissiyanın işçiləri üçün icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir;

15.8. öz səlahiyyətləri daxilində beynəlxalq əməkdaşlıqda iştirak edir, müvafiq beynəlxalq təşkilatlarda və beynəlxalq tədbirlərdə Azərbaycan Respublikasını təmsil edir;

15.9. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

16. Komissiyada Komissiyanın sədrindən (Kollegiyanın sədri), onun müavinindən, Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədrindən, Komissiyanın digər rəhbər işçilərindən və dövlət qulluğu sahəsi üzrə mütəxəssislərdən ibarət Kollegiya yaradılır. [15]

17. Kollegiyanın üzvlərinin sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

18. Kollegiya öz iclaslarında Komissiyanın fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.

19. Kollegiyanın iclasları Kollegiya üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.

20. Kollegiyanın qərarları onun üzvlərinin adi səs çoxluğu ilə qəbul edilir. Kollegiyanın qərarları protokollarla rəsmiləşdirilir və bir qayda olaraq, sədrin əmrləri və sərəncamları ilə həyata keçirilir. Səslər bərabər bölündükdə Kollegiya sədrinin səsi həlledici hesab edilir.

21. Zəruri hallarda, Kollegiyanın iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəli olan dövlət və digər orqanların rəhbərləri, mütəxəssisləri dəvət edilə bilərlər. [16]

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 noyabr 2007-ci il tarixli 660 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1108)

2.       7 may 2008-ci il tarixli 749 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti 14 may 2008-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 360)

3.       7 may 2008-ci il tarixli 752 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti 14 may 2008-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 363)

4.       11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970)

5.       24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419)

6.       21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 983)

7.       15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)

8.       16 may 2017-ci il tarixli 1397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 801)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 may 2017-ci il tarixli 1397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 801) ilə ləğv edilmişdir.

 

[2] 23 noyabr 2007-ci il tarixli 660 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1108) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə"yə aşağıdakı əlavələr edilmişdir, 2-ci bənddə yerləşdirilməsi,” sözündən sonra “dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına nəzarət edilməsi,” sözləri əlavə edilmişdir.

 

15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 2-ci bənddə “ixtisas hazırlığının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.

 

[3] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 983) ilə «Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə»nin 7-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

7. Komissiyanın fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

 

 

[4] 24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419) ilə “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya haqqında Əsasnamə”nin 9.4-cü bəndində “peşə hazırlığı, təkrar hazırlığı və ixtisasının artırılması” sözləri “peşə hazırlığı, təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi  ilə əvəz edilmişdir.

 

15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 9.4-cü və 10.5-ci bəndlərdə “, təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi” sözləri “və əlavə təhsili” sözləri ilə əvəz  edilmişdir.

 

[5] 23 noyabr 2007-ci il tarixli 660 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1108) ilə II bölməyə yeni  məzmunda 9.6–1-ci bənd əlavə edilmişdir.

 

[6] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 983) ilə «Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə»yə 9.6-2-ci və 9.6-3-cü bəndlər əlavə edilmişdir.

 

15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 9.6-3-cü bənddə “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə  əvəz  edilmişdir.

 

[7] 24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419) ilə “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya haqqında Əsasnamə”nin 10.5-ci bəndində “hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılması” sözləri “peşə hazırlığı, təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi” sözləri ilə əvəz edilmişdir.

 

[8] 23 noyabr 2007-ci il tarixli 660 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1108) ilə III bölmə üzrə, 10.6-cı bənddə “dövlət qulluğu sahəsində” sözlərindən sonra “, o cümlədən dövlət qulluqçularının etik davranış məsələləri ilə bağlı” sözləri əlavə edilmişdir  yeni məzmunda 10.12–1-ci, 10.12–2-ci, 10.12–3-cü,  10.12–4-cü, və 10.12–5-ci bəndlər əlavə edilmişdir.

 

[9]   7 may 2008-ci il tarixli 752 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti 14 may 2008-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 363) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə"nin 10.8-ci bəndində "28-ci maddəsində" sözləri "28-ci və 29-cu maddələrində" sözləri ilə əvəz edilmişdir.

 

[10] 23 noyabr 2007-ci il tarixli 660 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1108) ilə IV bölməyə yeni  məzmunda 11.9–1-ci və 11.9–2-ci bəndlər əlavə edilmişdir.

 

[11]  7 may 2008-ci il tarixli 749 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti 14 may 2008-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 360) ilə 121-ci bənd əlavə edilmişdir.

 

[12] 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə»yə yeni məzmunda 13-1-ci bənd əlavə edilmişdir.

 

[13] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 983) ilə «Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə»nin 15.4-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

15.4. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Komissiyanın ştat cədvəlini təsdiq edir;

 

[14] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 983) ilə «Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə»yə 15.4-1-ci bənd əlavə edilmişdir.

 

[15]  7 may 2008-ci il tarixli 749 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti 14 may 2008-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 360) ilə 16-cı bənddə "onun müavinindən," sözlərindən sonra "Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədrindən," sözləri əlavə edilmişdir.

 

[16] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 983) ilə «Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə»nin 21-ci bənddən «rəhbərləri,» sözü çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status