Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında son illərdə aparılan islahatlar dinamik iqtisadi inkişafa təkan vermiş və dövlətin sosial siyasətinin daha fəal həyata keçirilməsi üçün əlverişli zəmin yaratmışdır. Dövlət tərəfindən bu istiqamətdə görülən işlərin miqyası genişləndirilmiş, ayrılan dövlət vəsaitlərinin həcmi artırılmış, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
Bu tədbirlərin mühüm bir hissəsi ölkədə kommunal xidmətlər sahəsində, ilk növbədə istilik enerjisi ilə təchizatda mövcud olan problemlərin həlli ilə bağlıdır.
Əhalinin və digər istehlakçıların istilik enerjisi və isti su ilə təchizatının təşkili və keyfiyyəti qənaətbəxş vəziyyətdə deyildir və qəbul edilmiş müasir standartlara cavab vermir. Mənzillərin, yaşayış binalarının, uşaq bağçalarının, tədris, sosial və tibb müəssisələrinin istiliklə və isti su ilə lazımi səviyyədə təmin edilməməsi, bəzi yerlərdə isə tamamilə olmaması böyük narahatlıq doğurur.
İstilik enerjisi ilə təminatda yaranmış vəziyyətin səbəbləri kimi istilik təchizatının təşkilində və idarəedilməsində pərakəndəlik, əsas fondların köhnəlməsi, istilik şəbəkələrinin yararsız hala düşməsi, texnoloji itkilərin artması və enerji daşıyıcılarının sərfinə müəyyən edilmiş normalardan artıq yol verilməsi göstərilə bilər. Payız-qış mövsümlərində istilik enerjisi ilə təminatın tələbata uyğun olmaması nəticəsində, çoxsaylı digər istilik mənbələrindən istifadə edilməsinə görə enerji şəbəkələri həddən artıq yüklənir və texniki nasazlıqlara görə sıradan çıxır.
Azərbaycan Respublikasında əhalinin və digər istehlakçıların etibarlı və keyfiyyətli istilik təchizatı xidmətlərinin təşkilinin əsaslı surətdə yaxşılaşdırılmasının, bu sahənin mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsinin, onun səmərəliliyinin artırılmasının və bu sahəyə investisiyaların cəlb edilməsinin təmin edilməsi məqsədilə qərara alıram:
1.
"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti yaradılsın.
2.
Müəyyən edilsin ki, "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasında yaşayış məntəqələrində yaşayış evlərinin və binalarının, habelə sosial və digər təyinatlı obyektlərin istilik təchizatı işlərini həyata keçirir.
2-1. Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:
[1]
2-1.1. Azərbaycan Respublikasının Prezidentinə:
2-1.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi;
2-1.1.2. Cəmiyyətin sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.
2-1.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
2-1.2.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
2-1.2.2. Cəmiyyətin inkişafı strategiyasının müəyyən edilməsi;
2-1.2.3. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
[2]
2-1.2.4. Cəmiyyətin sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
2-1.2.5. Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
2-1.2.6. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;
2-1.2.7. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
2-1.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:
[3]
2-1.3.1. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.
3.
"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkil edilməsi məqsədilə:
3.1.
Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin "İstilikkommunenerjisazlama" Respublika İstehsalat Birliyi ləğv edilsin, onun funksiyaları və tabeliyində olan müəssisə və təşkilatlar balanslarındakı əmlakla birlikdə "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə verilsin;
3.2.
Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhər İstilik İdarəsi ləğv edilsin, onun funksiyaları və tabeliyində olan müəssisə və təşkilatlar, Qaradağ rayon qazanxanalar və istilik şəbəkəsi balanslarındakı əmlakla birlikdə "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə verilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
4.1. iki ay müddətində:
4.1.1. Azərbaycan Respublikasında istilik təchizatı sahəsində Dövlət Proqramının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
4.2. Bir ay müddətində:
4.2.1.
"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2.2.
"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin tabeliyinə verilən müəssisə və təşkilatların borclarının tənzimlənməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2.3.
istilik təchizatı sisteminin etibarlı fəaliyyət göstərməsi, əhalinin, digər istehlakçıların istilik enerjisi ilə sabit və keyfiyyətli təmin edilməsi üçün payız-qış mövsümünə hazırlıq tədbirləri hazırlasın, həyata keçirilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə hər ay məlumat versin;
4.2.4.
"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti təşkil edilənədək istilik təchizatı işlərinin fasiləsiz həyata keçirilməsi üçün tədbirlər görsün.
4.3. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyun 2005-ci il
№ 847
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 26 fevral 2016-cı il tarixli 1831 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 12 mart 2016-cı il, № 56; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 351)
- 13 may 2020-ci il tarixli 2040 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 601)
- 4 avqust 2022-ci il tarixli 3409 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 910)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 26 fevral 2016-cı il tarixli 1831 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 12 mart 2016-cı il, № 56; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 351) ilə yeni məzmunda 2-1-ci hissə əlavə edilmişdir.
[2]
13 may 2020-ci il tarixli 2040 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 601) ilə 2-1.2.3-cü yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilmişdir.
[3]
4 avqust 2022-ci il tarixli 3409 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 910) ilə 2-1.3-cü bəndində “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edimişdir.